Azərbaycanla Türkiyə arasında sağlamlıq turizmi sahəsində əməkdaşlığın inkişaf etdirilməsi müzakirə olunub - FOTO
Azərbaycan ilə Türkiyə arasında sağlamlıq turizmi sahəsində əməkdaşlığın inkişaf etdirilməsi, əlaqələrin genişləndirilməsi və tibbi turizm imkanlarının qarşılıqlı təşviqi məqsədilə Trabzon şəhərinə səfər edən Azərbaycan nümayəndə heyəti ilk olaraq Özəl Imperial Xəstəxanasını ziyarət edib.
“TV1” xəbər verir ki, səfər çərçivəsində nümayəndə heyəti xəstəxananın baş direktoru Cihan Başoğlu və idarə heyəti ilə görüş keçirib. Görüşdə xəstəxananın fəaliyyəti, tibbi xidmət imkanları, idarəetmə sistemi və beynəlxalq pasiyentlərə təqdim olunan xidmətlər barədə ətraflı məlumat verilib.
Daha sonra xəstəxananın həkim heyəti və rəhbərliyi ilə geniştərkibli görüş təşkil olunub. Görüşdə sağlamlıq turizmi sahəsində əməkdaşlıq istiqamətləri, pasiyent yönləndirmə mexanizmləri, birgə təşviqat fəaliyyətləri və gələcək tərəfdaşlıq perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.
Səfərin məqsədi Azərbaycan və Türkiyə arasında sağlamlıq turizmi sahəsində praktik əməkdaşlıq platformasının möhkəmləndirilməsi, tibbi xidmət ixracı imkanlarının araşdırılması, pasiyent axınının təşkili üçün institusional tərəfdaşlığın qurulması və gələcək birgə layihələrin icrası üçün əlverişli zəmin yaradılması olub. Bununla yanaşı, səfərin hər iki ölkənin sağlamlıq turizmi sahəsində fəaliyyət göstərən tərəflər arasında əlaqələrin gücləndirilməsinə, qarşılıqlı etimadın artırılmasına və təcrübə mübadiləsinin genişlənməsinə mühüm töhfə verəcəyi vurğulanıb.
Görüşün sonunda Azərbaycan nümayəndə heyətinin rəhbəri, Azərbaycan Sahibkarlar Konfederasiyasının Rəyasət Heyətinin üzvü, Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyasının sədri Ruslan Quliyev tərəfindən Özəl Imperial Xəstəxanasının baş direktoru Cihan Başoğluya və idarə heyətinin üzvlərinə mükafatlar təqdim olunub. Özəl Imperial Xəstəxanasının baş direktoru Cihan Başoğlu isə Azərbaycan nümayəndə heyətinin üzvlərinə xatirə hədiyyələri təqdim edib.
Səfərin ikinci günü nümayəndə heyətinin Trabzon Böyükşəhər Bələdiyyəsinin sədri Ahmet Metin Gəncə, Trabzon Vilayət Səhiyyə İdarəsinin müdiri Dr. Mehmet Topsakala və TÜRSAB Trabzon Vilayət Baş Təmsilçisi Mehmet Ali Tunaya nəzakət ziyarətləri olub. Görüşlərdə iki ölkə arasında sağlamlıq turizmi sahəsində əməkdaşlıq perspektivləri ətraflı müzakirə edilib. Qarşılıqlı səfərlərin intensivləşdirilməsi, sağlamlıq turizmi sahəsində qarşılıqlı akkreditasiya mexanizmlərinin təşviqi, təlim və təhsil proqramlarının inkişaf etdirilməsi, həmçinin turizm axınının artırılması məsələləri diqqət mərkəzində olub. Səfər çərçivəsində Trabzon Ticarət və Sənaye Odasının sədri Erkut Çələbi ilə də görüş olub. Görüşdə Azərbaycan Sahibkarlar Konfederasiyasının Rəyasət Heyətinin üzvü Ruslan Quliyev və ASK-nın “Turizm və Xidmət” Komissiyasının nümayəndə heyətində təmsil olunan üzvləri iştirak ediblər. Görüşdə son illərdə iki ölkə arasında həyata keçirilən görüş və layihələrin əhəmiyyəti, Türk Dövlətləri Birliyi formatında təşkil olunan tədbirlər, turizm sahəsində investisiyaların təşviqi, qarşılıqlı işgüzar forum və toplantıların təşkili, qarşılıqlı ziyarətlərin reallaşdırılması, eləcə də beynəlxalq platformalarda birgə fəaliyyət planlarının hazırlanmasının vacibliyi xüsusi olaraq vurğulanıb.









