Badamdarda yaşayış binasında partlayış olub
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsində yerləşən beşmərtəbəli yaşayış binasında partlayış baş verməsi barədə məlumat daxil olub.
“TV1” xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.
Bildirilib ki, məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri əraziyə cəlb olunub.
Hadisə yerində əməliyyat şəraitinin qiymətləndirilməsi zamanı binanın birinci mərtəbəsində yerləşən mənzilin hamam otağında, ilkin ehtimala əsasən, qazla işləyən cihazda partlayışın baş verdiyi müəyyən edilib.
FHN-in qüvvələri tərəfindən hadisə yerində müvafiq təhlükəsizlik tədbirləri görülüb.
Hadisə zamanı 1 nəfər xəsarət alıb.
Faktla bağlı aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.








