Bakı metrosu COP29-a hazırlaşır - FOTO
“BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) ilə əlaqədar Bakı metrosunda silsilə tədbirlərin davamı kimi bir sıra naviqasiya, o cümlədən təbliğat yenilikləri edilməsinə başlanılıb”.
“TV1” xəbər verir ki, bunu “Bakı Metropoliteni” QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov deyib.
O bildirib ki, COP29 Əməliyyat Şirkətinin təqdimatında stansiyalarda tədbirin mahiyyətini geniş ictimaiyyətin diqqətinə çatdıran sosial xarakterli reklam posterlərinin yerləşdirilməsinə və monitorlarda yayımına başlanılıb. Posterlərdə COP29-un mövzusuna uyğun olaraq dünyamızı qorumaq naminə çağırışlar yer alıb.
“Stansiya yollarında istiqamət göstəricilərində konfransın keçiriləcəyi Bakı Olimpiya Stadionunun yerləşdiyi “Koroğlu” stansiyasının nişanı üzərinə COP29-un loqotipi olan məlumat lövhələri yerləşdirilib. Əsas məqsəd iştirakçıların, xüsusən metrodan az istifadə edən, eləcə də əcnəbilərin səmti rahatlıqla müəyyən etməsinə dəstək olmaqdır. COP29 Əməliyyat Şirkəti ilə birgə silsilə tədbirlər davam etdiriləcək və bu barədə ictimaiyyətə əlavə məlumatlar açıqlanacaq. Bu xüsusda sosial posterlərin yerləşdirilməsi ilə yanaşı, “Koroğlu” stansiyasında tədbir iştirakçılarının Bakı Olimpiya Stadionuna yolunu daha da asanlaşdıran səmt göstəricilərinin yerləşdirilməsi işləri də aparılacaq. Bütün bunlarla yanaşı, COP29 tədbirinin iştirakçılarına dəstək məqsədilə metropolitendə Əməliyyat Şirkətinin seçimi və təşkilati dəstəyi əsasında könüllülərin fəaliyyəti də təmin ediləcək”, – deyə B.Məmmədov əlavə edib.
Xatırladaq ki, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyası bu ilin noyabrında Azərbaycanda keçiriləcək. Bununla bağlı qərar ötən il dekabrın 11-də Dubayda keçirilən COP28 plenar iclasında qəbul edilib.
Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyası 1992-ci ilin iyununda Rio-de-Janeyroda keçirilən Yer Sammitində insanın iqlim sisteminə təhlükəli müdaxiləsinin qarşısını almaq üçün imzalanmış sazişdir. “COP” (Conference of Parties) abbreviaturası İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının icrasına nəzarət edən ən yüksək qanunverici orqan olan “Tərəflərin Konfransı” mənasını verir.
Konvensiyada 198 ölkə iştirak edir. Tərəflər başqa cür razılaşmırsa, COP hər il keçirilir. İlk COP tədbiri 1995-ci ilin martında Berlində baş tutdu və onun katibliyi Bonnda yerləşir.