Bakı–Vaşinqton xəttində yeni strateji tərəfdaşlıq reallıqları - VİDEO

media-ads_728_90

Ötən əsrin 90-cı illərində qurulmuş ABŞ-Azərbaycan münasibətləri hazırda dinamik inkişaf etməkdədir. Cənubi Qafqaza münasibətdə heç də həmişə ədalətli yanaşma nümayiş etdirməyən ABŞ hakimiyyəti Donald Trampın prezidentliyində öz praqmatizmi ilə seçilir.

1992-ci ildən qurulmuş diplomatik əlaqələrimiz yalnız indiki dövrdə daha perspektivli görünür. Xüsusilə qeyd etmək lazımdır ki, 2025 ci il avqustun 8-də Vaşinqtonda Azərbaycan və ABŞ Prezidentləri İlham Əliyev və Donald Tramp, Ermənistanın Baş naziri Nikol Paşinyan arasında keçirilmiş görüş sülh təşəbbüslərində irəliyə doğru atılmış mühüm addım oldu. Həmin görüş Ermənistanla Azərbaycan arasında uzun illər davam edən münaqişənin siyasi həllinə yönələn ən real diplomatik addım kimi dəyərləndirilməlidir. Görüşün ən mühüm nəticəsi olaraq, Birgə Bəyannamənin imzalanması münaqişədən sonra münasibətlərin yeni tarixini qurmaq niyyətindən xəbər verdi.

“Zəngəzur dəhlizi” layihəsini və ya TRIPP adlandırılan loqistik xətti reallaşdırmaq üçün ABŞ ilə birlikdə işləməyin qəbul edilməsi böyük perspektivlərdən xəbər verir. Qeyd etmək yerinə düşər ki, bu layihə vasitəsilə Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında birbaşa yerüstü daşımalar nəzərdə tutulur.

8 avqust görüşü Azərbaycanın diplomatik rolunu, regionda sülh təşəbbüslərini və qonşu dövlətlərlə əməkdaşlığını dünyaya nümayiş etdirdi. Bu addım bir daha göstərdi ki, Baku yalnız regional aktor deyil, həm də beynəlxalq diplomatik səylərdə fəal tərəf kimi çıxış edir. Bu proses yalnız tərəflərin qarşılıqlı hörmət və sülhə yönəlmiş addımlarını deyil, həm də regionda iqtisadi əlaqələrin inkişafı və inteqrasiyanın dərinləşdirilməsi istiqamətində geniş perspektivləri əhatə edir. Bu gün Azərbaycan və ABŞ liderləri arasında qarşılıqlı hörmət və ehtiram çərçivəsində yüksək səviyyəli dialoq mövcuddur. Bu, Bakı–Vaşinqton münasibətlərinin hazırkı dinamikasını vurğulayan ən mühüm cəhətdir.

Dövlət başçılarının istər ötən il avqustun 8-də Ağ Evdəki səmimi söhbətləri, istər Prezident İlham Əliyevin sentyabrın 23-də BMT Baş Assambleyasının 80-ci sessiyasında iştirak üçün Nyu-Yorka səfəri çərçivəsindəki təmasları, istərsə də oktyabrda Misirdə Yaxın Şərq Sülh Sammiti və bu ilin yanvarında Davos Ümumdünya İqtisadi Forumu çərçivəsindəki dialoqları bu baxımdan xüsusi vurğulanmalıdır. Prezident İlham Əliyevin Davos İqtisadi Forumundakı çıxışları və keçirdiyi görüşlər Azərbaycanın qlobal siyasət və iqtisadiyyatdakı mövqeyinin aydın ifadəsidir.

Qeyd edək ki, ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə dünyada sabitlik və sülhü dəstəkləyən “Sülh Şurası” yaradılıb, Azərbaycan isə bu beynəlxalq qurumun təsisçi üzvlərindən biri olub. Prezident İlham Əliyev yanvarın 22-də Davosda “Sülh Şurasının Nizamnaməsi”ni imzalayıb. Davos Forumunda aparılan fəal diplomatiya Azərbaycanın regional çərçivədən çıxaraq qlobal aktor kimi möhkəmləndiyini göstərir. Davosda səsləndirilən mesajlar ölkənin müstəqil və balanslaşdırılmış xarici siyasət kursunu təsdiqləyir.

ABŞ-ın vitse-prezidenti Ceyms Devid Vensin Cənubi Qafqaza səfəri bu regionun inkişafının gələcək istiqamətlərini göstərən mühüm hadisə kimi dəyərləndirilir. Siyasi və iqtisadi dialoqun güclənməsi üçün Vensin regiona səfərinə, ilk növbədə, qarşılıqlı maraqlar prizmasından yanaşmaq lazımdır. ABŞ bu maraqların son dərəcə fəal təbliğatçısı, kifayət qədər rasional və praqmatik kursun tərəfdarıdır. Şübhəsiz, belə bir rəsmi şəxsin Qafqaz regionuna səfəri Vaşinqtonun regional sülh təşəbbüslərini dəstəkləməsi baxımından ciddi məsələdir. Bu isə o deməkdir ki, ABŞ hazırda siyasətdə ardıcıllıq prinsipini nümayiş etdirir.

Vensin səfərinə, həmçinin, ABŞ-ın Cənubi Qafqazda Rusiya, Türkiyə və İran kimi region gücləri ilə balanslaşdırılmış siyasət yürütmə cəhdinin bir hissəsi kimi də yanaşılır. Cənubi Qafqaz həssas bölgədir və bu platformada hansısa diktə cəhdləri sülh mühitinə xələl gətirə bilər. Qeyd edək ki, Azərbaycan ABŞ üçün etibarlı enerji tərəfdaşıdır. Belə səfərlər enerji təhlükəsizliyi, yaşıl enerji layihələri, ABŞ şirkətlərinin Azərbaycandakı investisiya imkanları və iqtisadi diversikasiya kimi mövzuların yenidən gündəmə gəlməsinə təkan verir. Regional təhlükəsizlik və sabitlik baxımından ABŞ Cənubi Qafqazda sabitlik, nəqliyyat dəhlizləri və münaqişədən sonrakı proseslərlə maraqlanır. Vitse-prezidentin səfəri çərçivəsində regional təhlükəsizlik, sülh təşəbbüsləri və beynəlxalq əməkdaşlıq məsələləri ön plana çıxır.

Qeyd edək ki, Vensin ölkəmizə rəsmi səfəri çərçivəsində Azərbaycan və ABŞ hökumətləri arasında Strateji Tərəfdaşlıq Xartiyası imzalanıb. Sənəddə iki ölkə arasında bir sıra vacib istiqamətlərdə gələcək əməkdaşlığa dair razılıq əldə olunub. Xartiyada ölkələrin ikitərəfli münasibətlərin əsası kimi bir-birinin suverenliyini, müstəqilliyini, ərazi bütövlüyünü və sərhədlərinin toxunulmazlığını dəstəklədikləri, regional bağlantılar, iqtisadi sərmayə və təhlükəsizlik əməkdaşlığı da daxil olmaqla, qarşılıqlı maraq və ortaq fayda doğuran sahələrdə strateji tərəfdaşlıqların əhəmiyyəti, həmçinin strateji tərəfdaşlığın və genişləndirilmiş əməkdaşlığın planlaşdırılması və həyata keçirilməsinə yalnız dövlət qurumlarının deyil, həm də hər iki ölkənin özəl sektorlarının cəlb edilməsinin mühüm əhəmiyyəti təsdiqlənib.

Eyni zamanda, sənəddə diplomatik, iqtisadi, enerji, texnoloji və təhlükəsizlik sahələri də daxil olmaqla, qarşılıqlı maraq doğuran məsələlərdə münasibətləri gücləndirmək üçün birgə niyyətlər vurğulanıb. Bundan əlavə, Azərbaycan və ABŞ Trans-Xəzər Nəqliyyat Dəhlizini (Orta Dəhliz) əsas götürərək quru, dəniz və hava nəqliyyatı infrastrukturunun inkişafı; enerji və data bağlantısı; ticarət və tranzitin asanlaşdırılması; gömrük nəzarəti və sərhəd keçidi; beynəlxalq multimodal logistika və digər əlaqəli sahələrdə birgə işləmək niyyətindədir. Həmçinin, sərmayələri təşviq etmək və ikitərəfli biznes mühitini inkişaf etdirmək üçün əməkdaşlıq genişləndiriləcək. Sənəddə bildirilir ki, Cənubi Qafqazda sülh Azərbaycan və ABŞ-ın ortaq marağındadır və iki ölkə arasında təhlükəsizlik əməkdaşlığı hər iki dövlətə, eləcə də beynəlxalq və regional sülh və təhlükəsizliyə fayda verir.

Vensin ölkəmizə səfəri zamanı Prezident İlham Əliyev və ABŞ-ın vitse-prezidenti Vens mətbuata birgə bəyanatla çıxış edib, gələcək əməkdaşlıqla bağlı önəmli açıqlamalar veriblər. İlham Əliyev bildirib ki, TRIPP layihəsi ilə biz sülhə, inkişafa və əməkdaşlığa regionda növbəti töhfə verəcəyik. Dövlətimizin başçısı vurğulayıb ki, əməkdaşlığın, həmçinin müdafiə sahəsindəki avadanlıqların satışı ilə bağlı növbəti səhifə açılır. İlham Əliyev bildirib ki, ən vacib nəticələrdən biri və Tramp-Vens administrasiyasının bizim regionda göstərdiyi səylərdən biri TRIPP layihəsidir. Bu marşrut nəinki Azərbaycanın iki hissəsini birləşdirəcək, eyni zamanda, çox etibarlı, təhlükəsiz qaydada böyük daşımalar dəhlizinə çevriləcək. Azərbaycan ərazisi, Ermənistan vasitəsilə Asiyanı Avropa ilə birləşdirəcək və digər qonşular da burada iştirak edəcəklər. Bu da, ümumiyyətlə, regionda sülhü gücləndirəcək.

ABŞ-ın vitse-prezidenti Vens isə öz növbəsində bildirib ki, Azərbaycanla ABŞ arasında yeni səhifələr açılır. O deyib ki, biz Azərbaycana bəzi məsələlərdə, o cümlədən su təchizatı baxımından imkanlar yaradacağıq. Vitse-prezident bildirib ki, artıq TRIPP layihəsi də həyata keçirilir və bu, Azərbaycana əlavə iqtisadi imkanlar yaradacaq: “Təbii ehtiyatlar daha rahat şəkildə ixrac oluna biləcək. Bu, Ermənistanla Azərbaycan arasında sülh sazişinin dayanıqlığına təkan verəcək”.

ABŞ-la Azərbaycanın uzun müddətdir mühüm strateji əməkdaşlıq etdiyini deyən Vens qeyd edib ki, Əfqanıstandan çıxan son ölkələrdən biri Azərbaycandır. Əməliyyatları çətin şəraitdə apardıq və həmin vaxt nüfuzu qoruyub saxlaya bildik.

ABŞ rəsmisi deyib: “Biz istərdik ki, bir-birimizlə daha sıx olaq, tərəfdaşlığımızı daha da gücləndirək. Bu tərəfdaşlıq regionda sülh və əmin-amanlıq yaradacaq, daha çox bazarlara çıxışı təmin edəcək. Bu isə regionda elə bir şərait yaradacaq ki, xalqlar toqquşmasın, əməkdaşlıq etsin. Bu, ABŞ Prezidentinin üzərimizə qoyduğu hədəfdir”.

Belə əhəmiyyətli səfərdən sonra əminliklə deyə bilərik ki, sürətlə inkişaf edən Azərbaycan-ABŞ münasibətlərində yeni bir mərhələ başlayır. Bu isə bütünlükdə Cənubi Qafqaz bölgəsinin beynəlxalq aləmdəki yerini və əhəmiyyətini daha da gücləndirir.

Mətanət Əliyeva, İlahə Əhmədova “TV1”

media-ads_728_90
Paylaş