Bakıda C6 ölkələrinin təmsilçilərinin iştirakı ilə beynəlxalq konfrans keçirilir

media-ads_728_90

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) təşkilatçılığı ilə Azərbaycan-C6 (Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşləri) beyin mərkəzlərinin konfransı keçirilir. “C6: Vahid region, ortaq gələcək – strateji dialoqun gücləndirilməsi” mövzusuna həsr edilən beynəlxalq konfransda C6-ya üzv ölkələrin aparıcı beyin mərkəzlərinin nümayəndələri də daxil olmaqla, ümumilikdə 60-a yaxın iştirakçı təmsil olunur.

“TV1” xəbər verir ki, açılış nitqi ilə çıxış edən BMTM-in İdarə Heyətinin sədri Fərid Şəfiyev bildirib ki, 2025-ci ilin noyabrında Azərbaycanın Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşlərinin tamhüquqlu üzvünə çevrilməsi regional əməkdaşlıqda mühüm mərhələdir.

Onun sözlərinə görə, bu addım Xəzər dənizi hövzəsi boyunca daha inteqrasiya olunmuş geoiqtisadi və geosiyasi məkanın formalaşmasına töhfə verərək, Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə əlaqələrini daha da möhkəmləndirəcək.

“Mərkəzi Asiya bizim üçün yalnız qonşu deyil, həm də təbii tərəfdaşdır. Ortaq tarix və zəngin mədəni irs mühüm əsas yaratsa da, bugünkü əməkdaşlığımızı fərqləndirən başlıca amil geoiqtisadiyyatdır-enerji, nəqliyyat, logistika və infrastruktur sahələrində əməkdaşlıqdır.Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2023-cü ilin sentyabrında Düşənbədə (Tacikistan) və 2024-cü ilin avqustunda Astanada (Qazaxıstan) keçirilmiş Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşlərində fəxri qonaq qismində iştirakı Cənubi Qafqaz və Mərkəzi Asiyanın vahid strateji məkan kimi getdikcə daha geniş siyasi və strateji dairələrdə qəbul olunduğunu nümayiş etdirir. Lakin hazırkı mərhələdə müzakirələrin məzmunu daha da dərinləşdirilməli və inkişaf etdirilməlidir. Azərbaycan Mərkəzi Asiya ilə fəal əməkdaşlıq etsə də, əsas məsələ bu əməkdaşlığın daha vahid, institusionallaşdırılmış və gələcəyə yönəlmiş çərçivə əsasında qurulmasıdır. Məqsəd əməkdaşlığı uzunmüddətli imkanlara çevirməkdir. C6 formatı məhz bu funksiyanı yerinə yetirməlidir”,-deyə F.Şəfiyev vurğulayıb.

Daha sonra çıxış edən Türkmənistan Xarici İşlər Nazirliyinin Beynəlxalq Münasibətlər İnstitutu yanında Strateji Araşdırmalar Mərkəzinin direktoru Şiri Şiriyev Azərbaycanın Mərkəzi Asiya Liderlərinin Məşvərət Görüşlərinə qoşulmasını regional əməkdaşlıq tarixində yeni mərhələ kimi qiymətləndirib. Onun sözlərinə görə, C6 yanlız dialoq platforması deyil, həm də qlobal qeyri-sabitlik şəraitində ortaq həllər tapmağa, qarşılıqlı faydaya əsaslanan dayanıqlı iqtisadi əlaqələr qurmağa, eləcə də humanitar əməkdaşlıq və təcrübə mübadiləsi vasitəsilə etimadı gücləndirməyə imkan verən canlı mexanizmdir.

“Bugünkü konfransın aktuallığı bir neçə mühüm amillə şərtlənir. İlk növbədə, Transxəzər dəhlizləri, enerji məsələləri və ekoloji çağırışlar kimi regional proseslərin dinamikası əlaqələndirilmiş və sistemli fəaliyyəti zəruri edir. İkincisi, qlobal gündəmin mürəkkəbliyi və geosiyasi qeyri-sabitlik şəraitində C6 qarşılıqlı hörmət prinsiplərinə əsaslanan strateji muxtariyyət modelinə çevrilə bilər.Nəhayət, institusionallaşma ehtiyacı xüsusi əhəmiyyət kəsb edir. Formal institutlar, ekspert şəbəkələri və koordinasiya mexanizmləri ilə bağlı məsələlər sadəcə nəzəri müzakirə mövzusu deyil, onların həlli regionun gələcəyinə birbaşa təsir göstərən real və praktik məsələlərdir”.

Beynəlxalq Konfrans öz işini tematik mövzular üzrə sessiyalarla davam etdirdi.

Özbəkistan Respublikası Prezidenti yanında Strateji və Regionlararası Araşdırmalar İnstitutunun şöbə müdiri Azamat Sulimanovun moderatorluğu ilə keçirilən “Dialoqdan dayanıqlı mexanizmlərə: C6 əməkdaşlığının gələcəyi” mövzusunda birinci sessiyada formal institutların zəruriliyi və çevik əməkdaşlıq formatlarının effektivliyi müzakirə ediləcək. Sessiya çərçivəsində mövcud mexanizmlər (məsləhətləşmə platformaları, ekspert şəbəkələri və iqtisadi təşəbbüslər) dəyərləndiriləcək. Həmçinin regional dialoqun institusionallaşdırılmasında beyin mərkəzlərinin rolu, C6 ölkələrinin beynəlxalq platformalarda mövqelərinin əlaqələndirilməsi və humanitar əməkdaşlığın davamlı mexanizmlərə çevrilməsi məsələləri diqqət mərkəzində olacaq.

BMTM-in baş məsləhətçisi Yunis Qurbanovun moderatorluğu ilə keçirilən “Əlaqəlilik və inkişaf: C6 əməkdaşlığının iqtisadi ölçüsü və dayanıqlı inkişaf” sessiyasında Transxəzər regionu və Orta Dəhliz çərçivəsində regional sinerji və rəqabət məsələləri müzakirə olunacaq. Sessiyada C6 ölkələri arasında enerji əməkdaşlığı, investisiya imkanları və mövcud maneələr, eləcə də ekoloji çağırışlar və etimadın möhkəmləndirilməsi kimi mövzulara toxunulacaq. Bununla yanaşı, iqtisadi əməkdaşlığın dayanıqlı mexanizmlərə çevrilməsi yolları da əsas müzakirə istiqamətlərindən biri olacaq.

BMTM-in baş məsləhətçisi Roza Bayramlının moderatorluğu ilə keçirilən “Qlobal qeyri-sabitlik şəraitində C6 regional təhlükəsizliyi” mövzusundakı sessiyada təhlükəsizlik sahəsində mövcud ümumi və fərqli təhdidlər təhlil ediləcək. Müzakirələrdə bloklaşma yaratmadan hərbi-siyasi əməkdaşlığın təşviqi, xarici aktorlarla münasibətlərdə balansın qorunması və regionun strateji muxtariyyətinin təmin olunması məsələlərinə xüsusi diqqət yetiriləcək. Sessiya iştirakçıları qlobal qeyri-sabitlik fonunda C6 regionunun dayanıqlılığını artıran praktik yanaşmaları və effektiv əməkdaşlıq mexanizmlərini müzakirə edəcəklər.

Sessiyalararası sual-cavab hissəsi nəzərdə tutulub. İştirakçılar müzakirə olunan mövzularla bağlı fikirlərini bölüşərək interaktiv müzakirələrdə iştirak edə biləcəklər.

 

media-ads_728_90
Paylaş