"Cermuk" qadağan edildi: Rusiyada böyük partiyanın satışı dayandırıldı

media-ads_728_90

Rusiyanın dövlət markalanma sistemi olan “Çestnıy znak” Ermənistan istehsalı “Cermuk” mineral suyunun böyük partiyasının həm fiziki mağazalarda, həm də onlayn satışını dayandırıb.

“TV1” bildirir ki, bu barədə RBK-ya Markalanmanın Operatoru olan Perspektiv Texnologiyaların İnkişafı Mərkəzinin baş direktorunun müavini Revaz Yusupov məlumat verib. Onun sözlərinə görə, dövriyyədə 338 min şüşə olub və hazırda yoxlama başa çatana qədər onların satışı bloklanıb.

Satışın dayandırılmasına səbəb kimi “Rospotrebnadzor” tərəfindən göndərilən məktub göstərilib. Məktubda “Rusiya vətəndaşlarının həyat və sağlamlığına mümkün zərərin qarşısını almaq üçün təcili tədbirlərin görülməsi zərurəti” qeyd olunub. Bloklanmanın səbəbi isə “məcburi tələblərin pozulması” kimi izah edilib.

Qadağa 17 fevral 2026-cı il və 5 mart 2026-cı il tarixlərində istehsal olunmuş məhsullara şamil edilir. Yusupovun sözlərinə görə, “yoxlama başa çatana qədər bu məhsullar istehlakçıların əlinə keçməyəcək”.

Qeyd edək ki, markalanma sistemi daha əvvəl də 2024-cü ildə Şimali Osetiyada bir sakinin zəhərlənməsi hadisəsindən sonra “Cermuk” suyunun 2,5 milyon butulkasının satışını dayandırmışdı. Həmin vaxt butulkalardan birində mineral su əvəzinə sirkə turşusu aşkarlanıb.

media-ads_728_90
Paylaş