Ceyhun Bayramov Roma Papası ilə dinlərarası dialoqu müzakirə edib
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Roma Papası XIV Leo ilə görüşüb.
“TV1” xəbər verir ki, bu barədə nazir “X” sosial şəbəkə hesabında paylaşım edib.
O qeyd edib ki, Vatikana rəsmi səfərim çərçivəsində Papa XIV Leonun ümumi audiyensiyasında iştirak etdim və onunla görüşməkdən şərəf duydum.
“Azərbaycan və Müqəddəs Taxt-tac arasında dinlərarası dialoqun və multikulturalizmin təşviqi baxımından böyük əhəmiyyət daşıyır.
İki ölkə arasındakı münasibətlər müxtəlif dinlər arasında dialoq üçün nümunə rolunu oynayır və Azərbaycanın dövlət siyasətinin əsas istiqamətlərindən biridir”, – nazirin paylaşımında vurğulanıb.
Qeyd edək ki, 24 noyabr 2025-ci il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Müqəddəs Taxt-Taca və İtaliya Respublikasına rəsmi səfərə yola düşüb.
Bildirilib ki, səfər çərçivəsində 25-27 noyabr tarixlərində nazir Ceyhun Bayramovun Vatikanda və İtaliyada xarici işlər nazirləri, digər yüksək səviyyəli rəsmilərlə görüşlərinin, beyin mərkəzində çıxışı və digər tədbirlərin keçirilməsi nəzərdə tutulur.








