Dövlət Yanğından Mühafizə Xidməti Sumqayıtda “açıq qapı günü” keçirib

media-ads_728_90

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin təşkilatçılığı ilə Sumqayıt Şəhər Yanğından Mühafizə İdarəsinin 22 nömrəli Yanğından Mühafizə Hissəsində “açıq qapı günü” tədbiri keçirilib.

“TV1” xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, “Sumqayıt Gənclər Evi” Sosial xidmət müəssisəsinin gənclərinin iştirak etdiyi tədbirin keçirilməsində məqsəd gənclərin hərtərəfli inkişafına, onların fiziki və mənəvi cəhətdən sağlam yetişməsinə, onlarda təhlükəsiz həyat fəaliyyəti mədəniyyətinin formalaşmasına, yanğınsöndürənlərin peşə fəaliyyəti barədə məlumatlılıq səviyyəsinin artırılmasına kömək etmək olub.

“Açıq qapı günü” tədbirində iştirakçılara yanğınsöndürənlərin gündəlik rejim qaydaları və hissənin fəaliyyəti haqqında ətraflı məlumat verilib, onlara ilkin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları və əməkdaşların gündəlik məşqlərinin bir hissəsi əyani şəkildə nümayiş etdirilib.

Həmçinin, gənclər fövqəladə hallar zamanı istifadə olunan zəruri yanğınsöndürmə və digər qəza-xilasetmə texnika və avadanlıqları ilə yaxından tanış olub, fövqəladə hadisələr zamanı təhlükəsiz davranış qaydaları barədə məlumatlandırılıblar.

Maraqlı keçən tədbirdə iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

media-ads_728_90
Paylaş