DSX: Külli miqdarda narkotik vasitənin ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb
Dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, narkotik vasitələr, psixotrop maddələr və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri uğurla davam etdirilir.
“TV1” xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidməti məlumat yayıb.
Bildirilib ki, dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, qaçaqmalçılıq və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri çərçivəsində külli miqdarda narkotik vasitənin qaçaqmalçılıq yolu ilə İran İslam Respublikasından Azərbaycan Respublikasına keçirilməsinin qarşısı alınıb.
DSX-nin Sərhəd Qoşunları Komandanlığının “Horadiz” sərhəd dəstəsinin xidməti ərazisində keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində üç halda ümumi çəkisi 136 kiloqram 600 qram narkotik vasitə və 5500 ədəd psixotrop tərkibli Metadon M-40 həbi aşkar olunaraq qanunsuz dövriyyədən çıxarılıb.
Faktlar üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.








