Əməkdar jurnalist Akif Təvəkküloğlu yazır: Azad olan xatirələr (2-ci yazı)

media-ads_728_90
                                  Azad olan xatirələr (2-ci yazı)
Kəlbəcər möcüzədir. Tanrının dünyaya verdiyi möcüzələrdən biri.
O yerlərin təbiətinə heyran olmamaq mümkünsüzdür. Kəlbəcərin hər
qarışı insanla sanki canlı ünsiyyətə girir. Səni öz gözəlliyi ilə elə sehrləyir
ki, özündən asılı olmayaraq onu sevirsən, ona vurulursan. Mən azadlığa
çıxan uşaqlıq xatirələrimi səhifələyib yaddaş boxçasından bəzi
məqamları bölüşmək istəyirəm. Əgər kiçik də olsa səhvə yol vermiş
olsam, onda gözəl Kəlbəcərin dəyərli sakinləri bu yazını oxuyarsa, o
səhvləri qəbahət saymasınlar. Bu səhvlər yer, məkan adları ilə bağlı ola
bilər. Amma düzəliş heç zaman gec deyil.
Kəlbəcərin İstisuyu. Dünya şöhrətlidir. Mən bu suyu öz
mənbəyindən içmişəm. 1970-ci illərdə orada sanatoriya və onun
yaxınlığında hamam var idi. Turistlərlə bərabər yaylağa gələnlər də
həmin hamamdan istifadə edirdilər. Hamısı yaxşı yadımdadır. İstisudan
yuxarıda üzü Dəlidağa baxan “Taxta” deyilən bir yaylaq var idi.
Alaçıqların sayı-hesabı olmazdı. Alaçıqlarda müvəqqəti məskən salan
insanların böyük bir qismi aran rayonlarından, yəni yayı çox isti olan
bölgələrdən idi. Kəlbəcərin havası, suyu, balı və ümumiyyətlə insanların
sağlamlığına müsbət təsir edən nə varsa onların sağlam həyat sürmələri
üçün ən azı növbəti ilə qədər bəs edərdi. Bunu nənə-babalarımızdan çox
eşidirdik. Bilmirəm “Taxta” deyilən yaylağa niyə o adı qoymuşdular.
Bəlkə o ərazinin relyefinin həddən artıq düz olmasına görə? Dəqiq deyə
bilmərəm. Səhv etmiş olaram. Amma hər gün futbol oynayardıq və ərazi
futbol meydançası kimi əlverişli idi. “Taxta”da çoxlu bulaqlar hamının su
ehtiyacını ödəyirdi. Ən gur su verən bulaqlarından biri Ceyran bulağı idi.
Hər gün suyu oradan gətirərdik. Səhər süfrəsindən duran kimi bizi
Ceyran bulağına göndərərdilər. Biz uşaqlar üçün bu həm də gözəl bir
əyləncə idi. Kəklikotu, qantəpər, yarpız yığmaq üçün bəzən dəstə ilə
dağların çiçək qoxulu yamaclarına üz tutardıq. Bilirsiniz nə boyda
həvəslə bu işə qoşulurduq? Yığdıqlarımızın bəhrəsini görəndə və bəh-
bəhlə tərif edəndə özümüzü çox xoşbəxt hiss edirdik. Çay qırağından
yığıb gətirdiyim yarpız və gicitkən yarpaqlarından nənəmin hazırladığı
kətə və dovğanın ətri bu gün də burnumun ucundadır. “Taxta” həm də
çal-çağırlı yaylaq idi. Hər gün demək olar ki, ya bir tamaşa, ya da
konsert proqramı nümayiş olunurdu. Respublikanın o vaxtkı tanınmış
aktyorları, musiqiçiləri, incəsənət ustalarını ilk dəfə mən orada
görmüşəm. Şövkət Ələkbərova, İslam Rzayev, Sara Qədimova, Habil
Əliyev və bir çox tanınmış incəsənət xadimləri. Kəlbəcəri aşıqsız
təsəvvür etmək qeyri-mümkündür, fikrimlə, yəqin hər kəs razılaşar.
“Taxta” yaylağı ilə bağlı çox geniş xatirələrimin kiçik bir qismini təqdim
etdim. Xatırladıram ki, sadaladığım məqamların hər biri haqqında böyük
məqalələr yazmaq mümkündür. (ardı var)
                                                                                                                                                                                                                                                                          Akif Təvəkküloğlu Əməkdar jurnalist 
media-ads_728_90
Paylaş