AQTA və DİN-in birgə əməliyyatı - 120 kiloqram yararsız ət aşkarlanıb
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) Qarabağ regional bölməsinin müfəttişləri Daxili İşlər Nazirliyinin (DİN) Füzuli Rayon Polis Şöbəsinin əməkdaşları ilə birgə həmin rayonun Alxanlı postunda Yavər Tapdıq oğlu Qurbanova məxsus 10 FS 804 dövlət qeydiyyat nişanlı “Gaz 031-02” markalı avtomobilə baxış keçiriblər.
“TV1” xəbər verir ki, bu barədə AQTA-nın İnformasiya təminatı və innovativ həllər şöbəsinin məlumatında bildirilir.
Qeyd olunur ki, yoxlama zamanı avtomobilin yükdaşıma hissəsində ümumi çəkisi 120 kiloqram istehlaka yararsız iribuynuzlu heyvan əti aşkarlanıb. Ətdən kəskin qoxu gəldiyi, rənginin tündləşdiyi, antisanitar şəraitdə və temperatur rejiminə əməl edilmədən daşındığı, həmçinin baytarlıq-sanitariya ekspertizasından keçirilmədiyi müəyyən edilib.
Vətəndaş izahatında ətin özünə məxsus olduğunu, iribuynuzlu heyvanı tələf olduğu üçün Xocavənd rayonunun Qırmızı Bazar ərazisində kəsdiyini və Beyləqan rayonuna aparmaq istədiyini bildirib.
Faktla bağlı qanunvericiliyin tələblərinə uyğun müvafiq tədbirlər görülüb, ətlər soyuducu anbarda saxlanca yerləşdirilib, laborator nümunə götürülüb.
Araşdırmalar davam etdirilir.








