“Ənənələrə sadiqlik, israfdan uzaq” layihəsi çərçivəsində Lənkəranda tədbir keçirilib - FOTO
Lənkəranda “Kür-Xəzər” Xeyriyyə İctimai Birliyi tərəfindən Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilən “Ənənələrə sadiqlik, israfdan uzaq” layihəsi çərçivəsində tədbir təşkil olunub.
“TV1” xəbər verir ki, tədbirdə çıxış edən Lənkəran Şəhər İcra Hakimiyyəti başçısı aparatında İctimai-siyasi və humanitar məsələlər sektorunun müdiri Sehran Zöhrab Alışov qeyd edib ki, “Ənənələrə sadiqlik, israfdan uzaq” mövzusu cəmiyyət üçün olduqca aktualdır və milli-mənəvi dəyərlərin qorunması, sağlam ailə ənənələrinin yaşadılması, israfçılığın qarşısının alınması istiqamətində maarifləndirmə tədbirlərinin keçirilməsi xüsusi əhəmiyyət daşıyır.
İyulun 28-də Lənkəran şəhərində “tərəfindən Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilən “Ənənələrə sadiqlik, israfdan uzaqlıq” layihəsi çərçivəsində ilk maarifləndirici tədbir baş tutub.
Tədbirdə çıxış edən Kür-Xəzər” Xeyriyyə İctimai Birliyinin sədri və layihə rəhbəri Akif Kərimov bildirib ki, toy və yas mərasimləri Azərbaycan xalqının milli-mənəvi dəyərlərinin, birlik və həmrəyliyinin mühüm göstəricilərindəndir. Onun sözlərinə görə, son illərdə bu mərasimlərdə müşahidə olunan həddindən artıq xərc və israfçılıq bir çox ailələr üçün ciddi sosial-iqtisadi problemlər yaradır.
A.Kərimov qeyd edib ki, layihənin əsas məqsədi maarifləndirmə yolu ilə toy və yas mərasimlərində israfçılığın azaldılmasına, ailə büdcəsinin qorunmasına və cəmiyyətdə daha məsuliyyətli yanaşmanın formalaşdırılmasına töhfə verməkdir.
Layihə rəhbəri çıxışında bildirib ki, insanların bir-birindən öyrənməsi və faydalı təcrübələri bölüşməsi cəmiyyət üçün böyük əhəmiyyət daşıyır. O, xüsusilə toy mərasimlərində müşahidə olunan həddindən artıq xərclərin gənc ailələrin üzərinə ağır maliyyə yükü qoyduğunu vurğulayıb.
Layihə rəhbəri çıxışının sonunda yas mərasimlərində də israfçılığın qarşısının alınmasının vacibliyini diqqətə çatdırıb.

Növbəti çıxışçı Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının sədri, tarix elmləri doktoru, professor Fuad Məmmədov mədəniyyətin cəmiyyətin inkişafındakı rolundan danışıb. O bildirib ki, insan kapitalının formalaşmasında mənəvi dəyərlər və yüksək mədəniyyət həlledici əhəmiyyət daşıyır, dünyanı xilas edə biləcək ən böyük qüvvə isə məhz mədəniyyətdir.
Fuad Məmmədov bildirib ki, dünyanı xilas edə biləcək ən böyük qüvvə mədəniyyətdir. Onun sözlərinə görə, müasir dövrdə mənəvi dəyərlərin aşınması prosesi gedir və Azərbaycan da bu çağırışlardan kənarda deyil. Buna baxmayaraq, milli-mənəvi dəyərlərin qorunması və inkişaf etdirilməsi ölkənin gələcəyi üçün mühüm əhəmiyyət daşıyır.

“İnformasiya və Sosial Təşəbbüslərə Dəstək” İctimai Birliyinin sədri, QHT.az saytının baş redaktoru və layihənin eksperti Cəsarət Hüseynzadə qeyd edib ki, “Ənənələrə sadiqlik, israfdan uzaqlıq” layihəsinin əsas məqsədi yeni yanaşmalar ortaya qoymaq deyil, tarixdən gələn milli-mənəvi dəyərlərə və adət-ənənələrə sadiqliyi bir daha xatırlatmaqdır.
Cəsarət Hüseynzadə bildirib ki, layihə vətəndaş cəmiyyətinin təşəbbüsüdür və cəmiyyəti narahat edən məsələlərin ictimai müzakirəsinə xidmət edir.
Ekspert qeyd edib ki, bu gün toy mərasimləri səbəbindən yüzlərlə ailə borca düşür, kredit götürmək məcburiyyətində qalır. Eyni problemlər yas mərasimlərində də müşahidə olunur. Onun sözlərinə görə, ailə yaxınını itirdiyi ağır gündə belə, bəzən yas mərasiminin təşkili ilə bağlı əlavə maddi yük altında qalır.
Ekspert tədbirin müxtəlif yaş və peşə sahələrini təmsil edən insanların fikir mübadiləsi aparması üçün təşkil olunduğunu bildirib. Belə təşəbbüslərdə əsas qərarı yenə də cəmiyyət özü verməlidir.
Çıxışının sonunda Cəsarət Hüseynzadə israfçılığın təkcə mənəvi deyil, həm də iqtisadi, sosial, sağlamlıq və ekoloji problemlər yaratdığını diqqətə çatdırıb. “Toylarda saysız-hesabsız yeməklər hazırlanır. Doğrudanmı bunların hamısına ehtiyac var?” – deyə sual edən ekspert bildirib ki, nəticədə həm qida israf olunur, həm də bu vəziyyət insanların sağlamlığına mənfi təsir göstərir.

Lənkəran Şəhər İcra Hakimiyyəti yanında İctimai Şuranın sədri, “Lənkəran” qəzetinin redaktoru, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının rayon şöbəsinin sədri Əlimərdan Əliyev çıxışında tədbirin təşkilini yüksək qiymətləndirərək, belə mühüm mövzunun ictimai müzakirəyə çıxarılmasının cəmiyyət üçün xüsusi əhəmiyyət daşıdığını bildirib.
Əlimərdan Əliyev xüsusilə toy və mərasimlərdə müşahidə olunan israfçılıqdan narahatlığını ifadə edib. O bildirib ki, bir vaxtlar insanların çörək tapmaqda çətinlik çəkdiyi günləri unutmamaq lazımdır. Bu gün isə bəzi şadlıq məclislərində tonlarla ərzağın istifadəsiz qalaraq tullantıya çevrilməsi nə dini baxımdan, nə də milli düşüncə baxımından qəbulolunan hal deyil.

Lənkəran Beta Çay Fabrikinin direktoru Mehmet Sait Gülşən layihənin təşkilinə görə təşəkkürünü bildirib və mövzunun cəmiyyət üçün böyük əhəmiyyət daşıdığını vurğulayıb.
O qeyd edib ki, xüsusilə toy və yas mərasimlərində edilən həddindən artıq xərclər ailələrin büdcəsinə ciddi yük yaradır. Onun sözlərinə görə, bu vəsaitlərin nümayiş xarakterli xərclərə deyil, gənclərin və uşaqların gələcəyinə yönəldilməsi daha məqsədəuyğundur.
Mehmet Sait Gülşən bildirib ki, israfçılıq yalnız toy və yas mərasimləri ilə məhdudlaşmır. Onun fikrincə, insan həyatının müxtəlif sahələrində, o cümlədən sağlamlığın, vaxtın və digər nemətlərin dəyərinin bilinməməsi də israfın bir formasıdır.
Direktor vurğulayıb ki, israfçılığın qarşısının alınması hər bir insanın özündən və ailəsindən başlamalıdır. O, bu dəyərlərin əvvəlcə ailə daxilində formalaşdırılmasının, daha sonra isə cəmiyyətə nümunə göstərilməsinin vacibliyini qeyd edib.

Milli Qəhrəman Əsgər Əliyevin atası Ələkbər Əliyev çıxışında bildirib ki, xalqımızın milli-mənəvi dəyərləri və adət-ənənələri qorunmalıdır. Onun sözlərinə görə, ehsan vermək, xeyriyyəçilik etmək hər kəsin öz imkanına uyğun şəkildə həyata keçirə biləcəyi bir işdir və heç kim buna görə özünü çətin vəziyyətə salmamalıdır.
Tədbir müzakirələrlə davam edib.








