Əqli Mülkiyyət Agentliyinin nümayəndəsi Türk Dünyası Nəşriyyat Konqresində iştirak edib

media-ads_728_90

27-29 mart tarixlərində Ankara şəhərində Türkiyə Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Kitabxanalar və Nəşrlər Baş İdarəsi tərəfindən təşkil olunan Türk Dünyası Nəşriyyat Konqresində Əqli Mülkiyyət Agentliyinin Hüquq, apellyasiya və sənaye mülkiyyəti obyektlərinin qeydiyyatı şöbəsinin müdiri – baş hüquqşünas İqbal Əsgərov iştirak edib.

“TV1” xəbər verir ki, tədbirdə türk dövlətləri və icmaları arasında nəşriyyat sahəsində əməkdaşlıq imkanlarının genişləndirilməsi, mədəni və sektoral əlaqələrin möhkəmləndirilməsi, bu sahədə ölkələr və icmalar arasında koordinasiyanın daha da təkmilləşdirilməsi, habelə peşəkar və sektoral bilik və təcrübə mübadiləsinin intensivləşdirilməsi məqsədilə müzakirələr aparılmış və müvafiq qərarlar qəbul edilib.

Tədbirin açılış mərasimində Türkiyə Respublikasının mədəniyyət və turizm nazirinin müavini Gökhan Yazgı çıxış edərək iştirakçıları salamlayıb. Gökhan Yazgı çıxışında konqresin əhəmiyyətini vurğulamış, “Gələcək üçün birlikdə” devizi altında keçirilən tədbirin türk dünyasında ortaq yaddaşın qorunması, mədəni irsin davamlılığının təmin olunması baxımından əhəmiyyətini vurğulayıb.

O, nəşriyyat sahəsində Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin uzun illərdən bəri türk dünyası ölkələri ilə səmərəli əməkdaşlıq etdiyini diqqətə çatdıraraq, TEDA proqramı çərçivəsində 2005-ci ildən başlayaraq Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Özbəkistanda fəaliyyət göstərən 81 nəşriyyata ümumilikdə 368 əsərin tərcüməsi və nəşri üçün dəstək verildiyini qeyd edib.

Ankara Valisi Vasip Şahin isə çıxışında tədbirin əhəmiyyətini vurğulamış, 2026-cı il üçün Türk Dünyası Turizm Paytaxtının seçilməsi münasibətilə konqres iştirakçılarına uğurlar arzulayıb.

Açılış mərasimindən sonra konqres işini altı komissiya – Sektorun strukturu; Nəşriyyat hüququ, əqli mülkiyyət və müəllif hüquqları sahəsində əməkdaşlıq; Kontent inkişafı və məhsul istehsalı; Ortaq əlifba və dil məsələləri və Nəşriyyat standartları və tərtibat prinsipləri komissiyaları çərçivəsində davam etdirib.

İ.Əsgərov “Nəşriyyat hüququ, əqli mülkiyyət hüquqları və müəllif hüquqları mübadiləsi” komissiyasının işində iştirak etmiş, Azərbaycan Respublikasında əqli mülkiyyət sahəsinin inkişafı, bu istiqamətdə həyata keçirilən tədbirlər və əldə olunan uğurlar barədə geniş məlumat verib. Bakı Dövlət Universitetinin Hüquq fakültəsində Əqli mülkiyyət hüququ kafedrasının, Azərbaycan Memarlıq və İnşaat Universitetində isə Əqli mülkiyyət kafedrasının fəaliyyət göstərdiyini diqqətə çatdıran İ.Əsgərov ölkəmizdə əqli mülkiyyət sahəsində kadr hazırlığının inkişafına xüsusi diqqət yetirildiyini vurğulayıb.

İ.Əsgərov Ümumdünya Əqli Mülkiyyət Təşkilatı tərəfindən milli əqli mülkiyyət ofislərinin yaradılması üzrə təlimatların hazırlanması məqsədilə dünya üzrə 204 ofis arasından seçilmiş 15 ölkə arasında Azərbaycan Əqli Mülkiyyət Agentliyinin də yer aldığını bildirib. O, həmçinin Azərbaycanın nümayəndəsinin uzun illərdir ki, ÜƏMT-də rəhbər vəzifələrə seçildiyini söyləmiş, ölkəmizdə əqli mülkiyyət hüquqlarının, o cümlədən müəllif hüquqlarının qorunması sahəsində həyata keçirilən tədbirlər çərçivəsində nəzarət markalarının tətbiqi barədə də ətraflı məlumat verib.

Konqres çərçivəsində İ.Əsgərov Türkiyə Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Kitabxanalar və Nəşrlər Baş İdarəsinin Baş direktoru Taner Bəyoğlu, Nazirliyin Telif Hakları Baş direktorunun müavini Fatoş Altunç və digər rəsmi şəxslərlə görüşlər keçirib və əqli mülkiyyət sahəsində əlaqələrin genişləndirilməsi imkanları ətrafında fikir mübadiləsi aparıb.

 

media-ads_728_90
Paylaş