Ermənistan parlamenti Azərbaycanla sülhün bərqərar olması haqda bəyanat layihəsini qəbul edib
Ermənistan parlamenti növbədənkənar iclasında “Ermənistan və Azərbaycan arasında sülhün bərqərar olması haqqında” bəyanat layihəsini qəbul edib.
“TV1” “news.am”a istinadən xəbər verir ki, hakim “Vətəndaş Müqaviləsi” fraksiyası tərəfindən hazırlan bəyanatda bu il 8 avqustda Vaşinqtonda Azərbaycan, Ermənistan və ABŞ liderləri tərəfindən imzalanmış sənədlərdə əks olunan əsas tezislər yer alır.
Parlament bu bəyanatla Ermənistan və Azərbaycanın ictimaiyyətini, eləcə də siyasi, ekspert və mədəniyyət dairələrini münaqişəni yenidən qızışdıran diskurs və hərəkətlərdən çəkinməyə çağırır.
Bəyanat layihəsini parlamentin növbədənkənar iclasında hakim partiyanın fraksiya rəhbəri Ayk Kondjoryan təqdim edib. O bildirib ki, 8 avqustda Azərbaycan və Ermənistan sülh haqqında bəyannaməni paraflayıb.
“Vətəndaş Müqaviləsi fraksiyası hesab edir ki, parlament bu faktı rəsmi şəkildə təsdiq etməli, bəyanat qəbul etməklə Ermənistan və Azərbaycan arasında bərpa olunmuş sülhü dəstəkləməli və bütün maraqlı tərəfləri bu sülhün möhkəmləndirilməsi və inkişafı üçün çağırmalıdır”, – o bildirib.
Qeyd edək ki, bəyanat 64 səs lehinə, ikisi bitərəf olmaqla qəbul edilib.