Ermənistan süni intellekt sahəsində regionda öndə olacaqmı?
Faiq Hüsiyev Əməkdar jurnalist
Avqustun 8-də Ermənistanda, Razdan şəhəri yaxınlığında ABŞ-ın Firebird AI Factory kompaniyası – böyük AI hesablama infrastrukturu – süni intellekt mərkəzi təqdim edilib. Data mərkəz 15 MVT-a hesablanıb. Gələcəkdə bu rəqəm 2 GVT-a çatdırılacaq ki, bu da Ermənistanın indiki enerji gücündən çox ola bilər. Odur ki, Ermənistan Metsamor AES-in fəaliyyətini uzadır və paralel olaraq kiçik modul nüvə reaktorları alır.
Layihənin ümumi dəyəri təqribən 5 milyard dollardır. Bu, Ermənistanın NVIDIA şirkəti və Dell Technologies ilə əməkdaşlığının real nəticəsidir. ABŞ ticarət nazirliyi yeni nəsil avadanlıqların qonşu ölkəyə gətirilməsinə xüsusi razılıq verib.
Açılış mərasimində Ermənistanın Baş naziri Nikol Paşinyan, Nividanın Baş direktoru Censen Huang və Qazaxıstanın Baş nazirinin müavini Jasulan Madiev də iştirak ediblər.
Xatırladım ki, 2025-ci ilin avqustun 5-də Paşinyan ABŞ prezidenti ilə süni intellekt sahəsində tərəfdaşlıq müqaviləsi imzalamışdı. Bu da real nəticə.
2027-ci ilin sonunadək burada 70 mindən çox NVIDIA Blackwell və Rubin GPU-nun yerləşdirilməsi, infrastrukturun gücünün 300 MVt-a çatdırılması nəzərdə tutulur.
Xatırladım ki, enerji ilə yanaşı Aİ üçün əhəmiyyətli mənbə həm də internetdir.
İyun ayının 22-də yayılmış məlumata əsasən Telecom Armenia ilə AzerTelecom arasında müqavilə imzalanıb. Bildirim ki, “AzerTelecom” şirkəti müxtəlif ölkələrdə və sahələrdə fəaliyyət göstərən “Neqsol Holding” beynəlxalq şirkətlər qrupunun tərkibində olan “Azerconnect Group”a daxildir.
Deməli, qonşu dövlətin beynəlxalq internet trafiki həm də Azərbaycan infrastrukturu üzərindən təmin ediləcək.
Məntiqlə dövlətlərimiz arasındakı böyük sülhdən sonra Azərbaycan da Ermənistana məxsus AI infrastrukturunun marşrutlarından birinə çevrilə bilər.
İlkin ehtimallara görə, bu sektor Ermənistanın dövlət büdcəsinin əsas dayaqlarından birinə çevrilə bilər. Bəzi ekspertlər yaxın 8-10 ildə Ermənistan büdcəsinin 20-25-%-nin süni intellkt məhsulundan formalaşacağını proqnozlaşdırırlar. Belə bir reallıqda Ermənistan cəmiyyəti böyük hədəfləri müzakirə etməyə başlayıb.
Düşünürəm ki, Azərbaycan da konkret AI hesablama gücü olan şirkətləri ölkəmizə yatırım qoymağa sövq etməlidir.
Bu, “Qonşudan qalma geri” siyasəti deyil, dövrün tələbidir.








