Ersin Tatar: Türk Dünyasında mühüm nailiyyətlər əldə etmişik, bunu yarımçıq qoymaq olmaz - ÖZƏL

media-ads_728_90

“Türk Dünyasında mühüm nailiyyətlər əldə etmişik, bunu yarımçıq qoymaq olmaz”.

Bu sözləri “TV1”-ə özəl açıqlamasında Qəbələdə ötən gün keçirilən Türk Dövlətləri Təşkilatının 12-ci Zirvə Görüşündə iştirak etmək üçün Azərbaycana səfər etmiş Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) Prezidenti Ersin Tatar deyib.

O bildirib ki, son beş il ərzində ŞKTC-nin beynəlxalq aləmdə yeri əhəmiyyətli dərəcədə artıb:

“Türk Dünyası çərçivəsində mühüm nailiyyətlərimiz var. Bu prosesi yarımçıq qoymaq olmaz. Xalqımızın rifahı və dövlətimizin sabitliyi üçün bu uğurları qalıcı hala gətirməliyik”.

E.Tatar əlavə edib ki, Türk Dövlətləri Təşkilatında artıq Kipr türkləri daha çox yer tutur:

“Bu prosesdə Ana Vətən Türkiyə Cümhuriyyətinin və qardaş Azərbaycan Respublikasının güclü dəstəyi hər addımda yanımızda olub. Türk Dünyası artıq ŞKTC-ni daha yaxından tanıyır, daha çox hiss edir”.

Azərbaycan Prezidenti İlham Əliyevin ölkəsinə və xalqına dəstəyini xüsusi vurğulayan ŞKTC Prezidenti deyib:  “Azərbaycan kimi güclü bir dövlətin yanımızda olması böyük qazancdır”.

E.Tatar Azərbaycan Prezidenti İlham Əliyevlə keçirdiyi görüş zamanı ŞKTC-yə göstərilən dəstəyin qətiyyətlə davam etdiriləcəyinin bir daha təsdiqləndiyini bildirib:

“Cənab İlham Əliyevin bizi ən yüksək səviyyədə qəbul etməsi həm Azərbaycanın dostluğunu, həm də Türk Dünyasının qardaşlıq ruhunu bir daha ortaya qoydu. Azərbaycan kimi güclü bir dövlətin ŞKTC-nin yanında olması bizim üçün həm diplomatik, həm də strateji baxımdan böyük bir qazancdır”.

O daha sonra bildirib:

“Yüksələn Şimali Kipr Türk Cümhuriyyəti üçün birlikdə çalışacağıq. Beş illik dövrdə Kipr türk xalqı adına böyük nailiyyətlər qazandıq. Artıq bu uğurların yarımçıq qalmaması üçün xalqımızla birgə gələcəyə inamla addımlayacağıq. Yeni mərhələdə güclü təşəbbüslərimizlə xalqımızın rifahı naminə gecə-gündüz çalışacağıq”.

Prezident E.Tatar Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana da xüsusi təşəkkürünü bildirib:

“Cənab Prezident Rəcəb Tayyib Ərdoğan hər zaman Kipr türk xalqının təhlükəsizliyi, müstəqilliyi və iqtisadi inkişafı üçün güclü dəstək göstərib. Bu dəstək sayəsində ŞKTC beynəlxalq arenada daha görünən hala gəlib. Ona və Türkiyə Cümhuriyyətinə minnətdarıq”.

Prezident E.Tatar həmçinin vurğulayıb:

“Bu gün ŞKTC Türk Dünyasının yüksələn dəyəridir. Qazandığımız bütün nailiyyətləri qoruyaraq, güclü və sabit bir gələcəyə doğru irəliləyirik. Xalqımız bu prosesdə birliyini və həmrəyliyini davam etdirməli, yüksələn ŞKTC üçün birgə çalışmalıdır”.

Serdar Şengül, Mətanət Əliyeva – QƏBƏLƏ 

media-ads_728_90
Paylaş