Ərzaq bahalaşması - "İşbazlar"ın süni qiymət artımına necə nəzarət edilməli?
Qida məhsullarının istehsalının sürətlə artmasına baxmayaraq, dünyada ərzaqların qiymətləri də dinamik şəkildə yüksəlməkdədir. Bu isə özlüyündə ərzağa tələbatda müəyyən qədər problemlər yaradır. Belə ki, əsas tələbat məhsulları olan gündəlik ərzaqlar qısa bir zaman kəsiyində bahalaşırsa, bu, vətəndaşın həyat təminatında böyük sıxıntılar yaradır.
Ümumilikdə ərzağa olan tələbatın artdığı şəraitdə qiymətlər bəzən rekord səviyyəyə çatır. Qiymətləri sürətlə artan qida məhsullarının sonrakı dönəmlərdə ucuzlaşması isə müşahidələrə əsasən deyə bilərik ki, bir çox hallarda ümumiyyətlə nəzərə çarpmır.
Mütəxəssislərin fikrincə, ərzağın qiymətlərinin artması dünyamiqyaslı problemdir və istisnasız olaraq bütün ölkələrə aiddir. Ərzağın bahalaşması şəraitində onun bölüşdürülməsinin idarə edilməsi, torpaq və su ehtiyatlarının azalması, iqlim dəyişiklikləri, enerjı daşıyıcılarına tələbatın artması və planet əhalisinin çoxalması dərhal fəaliyyətə başlamağı və ilk növbədə, inkişaf etmiş ölkələr tərəfindən təcili tədbirlər görülməsini tələb edir.
Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) bu ilin iyul ayı üçün ərzaq qiymətləri indeksini açıqlayıb. İyul ayında dünya üzrə ərzaq məhsullarının qiymətləri orta hesabla 130,1 bənd təşkil edib ki, bu da əvvəlki ayla müqayisədə ən azı 1,6 faiz artım deməkdir. Rəsmi statistikaya inansaq, indeks 2024-cü ilin iyul ayında qeydə alınan səviyyədən 7,6 faiz yüksək olsa da, 2022-ci ilin mart ayında ərzaq qiymətlərinin pik nöqtəsindən 18,8 faiz aşağıda qalıb.
Qida məhsullarında qiymət artımları əlbəttə ki, Azərbaycanda da baş verir. Və bu proses digər ölkələrdə cərəyan edən analoji hallarla paralel şəkildə ölkəmizdə də özünü göstərir. Amma təəssüflə qeyd etmək lazımdır ki, qida məhsullarındakı qiymət artımları heç də həmişə qanunauyğun formada baş vermir. Yəni bilavasitə ərzaqların geniş çeşidli satışı ilə məşğul olan market şəbəkələri, topdan və pərakəndə satış aparanlar bəzi hallarda fürsətdən istifadə edərək “işbazlıqla” süni qiymət artımı, bahalaşma yaradırlar. Sözügedən prosesə nəzarət zamanında və qanunauyğun şəkildə edilmədikdə, aidiyyəti strukturlar tərəfindən baş verən sui-istifadə hallarına müdaxilələr olmadıqda isə ciddi problemlər yaranır. Bu halda xüsusi olaraq vurğulamaq yerinə düşər ki, gündəlik istifadədə tələbatın daha çox olduğu ərzaq çeşidlərinin satışında süni qiymət artımı yaradıldıqda vətəndaşların haqlı narazılıqları ortaya çıxır. Qiymət tənzimlənməsinin aparılmaması isə ciddi narazılıqlara səbəb olur.
Ərzağın bahalaşması hansı risklər yaradır?
Ərzaq qiymətləri dünyada hər il bahalaşır. Azərbaycanda ərzağın və gündəlik tələbat mallarının qiymətində bahalaşma da göz önündədir.
Dövlət Statistika Komitəsinin açıqladığı rəqəmlərə nəzər salaq.
2015-2025-ci illərdə qiymətlər necə dəyişib? Qiymət artımı və vətəndaşların gəlirləri arasında disbalans varmı?
Yaxın 10 ilin mənzərəsinə nəzər salaq. Son 10 ildə Azərbaycanda əhalinin gündəlik xərcləri və gəlirləri arasında ciddi dəyişikliklər müşahidə olunur. Ərzaq və yanacaq məhsullarının qiymətləri artıb, eyni zamanda əməkhaqqı, pensiya və müavinətlər də yüksəlib. Amma artım səviyyəsi hər sahədə eyni olmayıb.
Məsələn, son 10 ildə bir çox əsas ərzaq məhsullarının qiymətləri təxminən iki dəfə artıb:
* Kərə yağı: 2015-ci ildə bir kiloqram üçün 9–12 manat arasında olmuşdusa, 2025-ci ilin birinci yarısında bu rəqəm 17–25 manat təşkil edir;
* Duru yağ (1 litr): 2–4 manatdan 3–12 manata;
* Çörək: 0,25–0,30 manat – 0,50–1,20 manata;
* Qara çay (1 kq): 8–12 manat – 14–18 manat;
* Süd məhsulları: 1–3 manat – 3–5 manat;
* Ət: 8–10 manat – 17–22 manata yüksəlib.
Beləliklə, əsas ərzaq məhsullarının qiymətləri son 10 il ərzində 50–100% arasında artıb.
2025-ci ilin avqust ayında Azərbaycanda 12 aylıq inflyasiya rəsmi statistikaya əsasən 4,9 faiz təşkil edib. Dövlət Statistika Komitəsinin açıqladığı məlumata görə, qida məhsullarının qiyməti 6,8 faiz artıb. 2025-ci ilin avqust ayında istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 0,4 faiz, yanvar-avqust aylarında isə əvvəlki ilin müvafiq dövrünə nisbətən 5,6 faiz təşkil edib. 2025-ci ilin avqust ayında qida məhsulları, alkoqollu içkilər və tütün məmulatları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 0,3 faiz, yanvar-avqust aylarında isə əvvəlki ilin müvafiq dövrünə nisbətən 6,6 faiz artıb. Cari ilin avqust ayında əvvəlki aya nisbətən ayrı-ayrı qida məhsullarından daha çox bahalaşma mal və qoyun ətinin, südün, yumurtanın, günəbaxan və qarğıdalı yağlarının, həmçinin əksər meyvə və tərəvəzlərin qiymətlərində müşahidə olunub.
Respublikamız ət məhsulları ilə təqribən 85-90 faiz, süd məhsulları ilə isə 80 faiz özünü təmin etdiyi halda qiymətlər niyə artmalıdır ki?
Bu məlumatlar toplusuna nəzər saldıqda, nəticə olaraq deyə bilərik ki, istehlak səbəti ilə orta aylıq əmək haqqı arasında ciddi disbalans yaranır və qida məhsullarının bahalaşması əksər vətəndaşların normal qidalanmasında çətinliklər ortaya çıxarır. Eyni zamanda, gələcək nəslin sağlam yetişməsində də süni əngəllər yaranır. Tarixdən bəllidir ki, süni qiymət artımı qarşısıalınmaz infilyasiyaya səbəb olur, bu isə dövlətin iqtisadi əsaslarını laxladır.
Bütün bu amillər üzərində ciddi düşünülməsi gərəkən məsələlərdir. Ümid edək ki, aidiyyəti qurumlar süni qiymət artımı və məqamdan sui-istifadə hallarının qarşısını alacaq, “işbazlar”a qiymət artırmağa imkan verməyəcəklər. Eyni zamanda, yuxarıda qeyd etdiyimiz mühüm məsələlər diqqətdə saxlanılacaq və əhalinin strateji hesab olunan gündəlik qida məhsulları ilə təminatında risklər yaranmasına və həyat şəraitinin aşağı düşməsinə imkan verilməyəcək.
Mətanət Əliyeva