Narşərab emalı müəssisəsində tələblərin pozulduğu aşkarlanıb
Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, 51A/2858A ünvanında fəaliyyət göstərən, fiziki şəxs Anar Həbib oğlu İskəndərliyə məxsus narşərab emalı müəssisəsində Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları tərəfindən keçirilən yoxlama zamanı texniki normativ-hüquqi aktların, sanitariya norma və qaydalarının tələblərinin pozulduğu məlum olub.
“TV1” xəbər verir ki, AQTA-nın paylaşdığı məlumatda bildirilib ki, müəssisədə emal edilən “Miraj” əmtəə nişanlı narşərab məhsulunun istehsalında mənşəyi bilinməyən nar şirəsindən istifadə edildiyi, həmçinin məhsulun tərkibində rəngləyici qida əlavəsinin olduğu müəyyən edilib.
Eyni zamanda, emal prosesinin həyata keçirilməsi üçün avadanlığın olmadığı və müvafiq sahənin ayrılmadığı, xammal və hazır məhsul anbarında havalandırma sisteminin quraşdırılmadığı, müvafiq təmizlik işlərinin aparılmadığı, texnoloji prosesin ardıcıllığına riayət edilmədiyi aşkarlanıb.
Faktla bağlı müəssisənin rəhbərliyi barəsində inzibati protokol tərtib olunub, nümunələr götürülərək laborator müayinələrə cəlb edilib. Nöqsanlar aradan qaldırılanadək narşərab məhsulunun emalı dayandırılıb. Həmçinin “Miraj” əmtəə nişanlı narşərab məhsulunun satışının dayandırılması, dövriyyədən çıxarılması və məhsul partiyasının geri çağırılması barədə məhdudlaşdırıcı qərar qəbul edilib.








