İnformasiya hücumlarının arxasında duran səbəblər: Rusiya niyə Azərbaycanı yenidən hədəfə çevirir?
Son günlər Rusiya mediasında, sosial şəbəkələrdə və xüsusilə Telegram kanallarında Azərbaycana qarşı növbəti qarayaxma kampaniyasının aparıldığı müşahidə olunur. Müəyyən dövrdə nisbi sakitləşmə müşahidə edilsə də, informasiya məkanında Azərbaycanın yenidən hədəfə çevrilməsi təsadüfi proses təsiri bağışlamır. Eyni tezislərin müxtəlif platformalarda təkrarlanması, oxşar ritorikadan istifadə edilməsi və Azərbaycanın məqsədli şəkildə mənfi fonda təqdim olunması göstərir ki, bu kampaniya xaotik deyil, mərkəzləşdirilmiş və koordinasiyalı xarakter daşıyır.
Diqqətçəkən məqam ondan ibarətdir ki, bu informasiya hücumları Azərbaycan rəhbərliyinin Rusiya ilə münasibətlərin normallaşdırılması istiqamətində verdiyi müsbət mesajlarla eyni vaxta təsadüf edir.
Prezident İlham Əliyev lV Qlobal Şuşa Media Formumnda Rusiya ilə münasibətlər haqqında sualı cavablandırarkən bildirib: “Biz Rusiya ilə münasibətlərimizə dəyər veririk və Prezident Putin də daxil olmaqla, Rusiya Federasiyası rəsmilərinin ölkələrimiz arasında münasibətlərin çox müsbət dinamikaya malik olması barədə bəyanatlarını da gördük. Siz çətinlikləri qeyd etdiniz, bəli, biz hamımız onları bilirik. Amma mühüm olan odur ki, bu proses artıq geridə qalıb. Həm də deyərdim ki, münasibətlər tam normallaşıb, müxtəlif səviyyələrdə təmaslar baş tutub: hökumət səviyyəsində, hökumət üzvləri, hökumətlərarası komissiyaların həmsədrləri, Xarici İşlər nazirlikləri və Prezident administrasiyaları arasında. Beləliklə, düşünürəm ki, bu istiqamətdə hər şey yaxşı gedir və biz buna şadıq. Rusiya ilə Azərbaycan arasındakı münasibətlər həm ikitərəfli formatda, həm də daha geniş coğrafiyada əhəmiyyətlidir. Onlar həm ənənəvi qarşılıqlı fəaliyyət sahələrini, həm də yarana biləcək yenilərini əhatə edir. Əlbəttə, burada nəqliyyat, ticarət və humanitar əməkdaşlıq mühüm rol oynayır”.
Bu yanaşmanın praktik ifadəsi kimi Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun iyulun 16-da Rusiyaya səfəri də xüsusi diqqət çəkir. Son aylarda yaşanan gərginlik fonunda belə səfərin baş tutması mümkün görünmürdü. Səfərin gündəmə gəlməsi Azərbaycanın dialoqa, münasibətlərin normallaşdırılmasına və qarşılıqlı anlaşmanın bərpasına sadiq qaldığını nümayiş etdirir.
Lakin eyni dövrdə Rusiya informasiya məkanında Azərbaycana qarşı mənfi kampaniyanın yenidən gücləndirilməsi ciddi suallar doğurur. Bir tərəfdən rəsmi səviyyədə ikitərəfli münasibətlərin inkişafı barədə bəyanatlar verilir, digər tərəfdən isə media və sosial platformalarda Azərbaycana qarşı ksenofob və təhqiramiz ritorika sistemli şəkildə yayılır. Bu ziddiyyət təsadüfi deyil və informasiya siyasətində iki fərqli xəttin mövcudluğunu nümayiş etdirir.
Xüsusilə diqqət çəkən məqam Rusiyada yaşayan azərbaycanlıların hədəfə çevrilməsidir. Son günlər müxtəlif media resurslarında və Telegram kanallarında Rusiya vətəndaşı olan, uzun illər həmin ölkənin iqtisadiyyatına, ticarətinə və ictimai həyatına töhfə vermiş azərbaycanlılar əsassız şəkildə “mütəşəkkil cinayətkar qruplaşma” kimi təqdim edilir. Etnik mənsubiyyətin kriminal fəaliyyətlə eyniləşdirilməsi hüquqi dövlət prinsiplərinə deyil, milli ayrı-seçkiliyə və kollektiv məsuliyyət yanaşmasına əsaslanır.
Bu cür ritorika əslində Rusiyada uzun illər ərzində formalaşmış ksenofobiyanın, şovinizmin və milli ayrı-seçkilik meyillərinin növbəti təzahürüdür. Müxtəlif dövrlərdə miqrantlara, Qafqaz xalqlarına, Mərkəzi Asiya mənşəli şəxslərə qarşı aparılan informasiya kampaniyaları göstərir ki, müəyyən siyasi şəraitdə etnik mənsubiyyət daxili auditoriyanın səfərbər olunması üçün alətə çevrilir. Azərbaycanlıların kollektiv şəkildə cinayətkar obrazında təqdim olunması da məhz bu yanaşmanın davamıdır.
Bununla yanaşı, Rusiya informasiya məkanında müşahidə olunan kampaniyanın daxili siyasi səbəbləri də nəzərdən qaçırılmamalıdır. Dövlət Dumasına seçkilər ərəfəsində ictimai narazılığın artması, iqtisadi çətinliklər, inflyasiya, sosial problemlər və Ukrayna müharibəsinin yaratdığı ağır nəticələr fonunda hakimiyyət üçün yeni informasiya gündəmi formalaşdırmaq ehtiyacı yaranır. Tarix göstərir ki, belə şəraitdə xarici düşmən obrazının yaradılması və ictimai diqqətin daxili problemlərdən yayındırılması avtoritar siyasi sistemlərdə tez-tez istifadə olunan üsullardan biridir.
Eyni zamanda Ukrayna cəbhəsində davam edən hərbi gərginlik, ardıcıl itkilər və ölkənin müxtəlif bölgələrinə endirilən zərbələr Rusiya daxilində narahatlığı artırır. Qərbin genişmiqyaslı sanksiyaları iqtisadiyyata ciddi təzyiq göstərir, logistika və istehsal zəncirlərində problemlər yaradır, enerji və yanacaq bazarında əlavə risklər formalaşdırır. Belə şəraitdə ictimai narazılığın xarici amillərə yönəldilməsi hakimiyyət üçün daha əlverişli siyasi texnologiya hesab olunur.
Azərbaycanın hədəfə çevrilməsi isə təkcə daxili auditoriya ilə bağlı deyil. Rusiya Cənubi Qafqazda son illərdə formalaşmış yeni geosiyasi reallığı tam qəbul etməkdə çətinlik çəkir. Region dövlətləri artıq müstəqil xarici siyasət yürüdür, çoxtərəfli əməkdaşlıq mexanizmləri formalaşdırır və milli maraqlar əsasında qərarlar qəbul edirlər. Bu şəraitdə keçmiş təsir mexanizmlərinin əvvəlki kimi işləməməsi müəyyən siyasi dairələrdə narahatlıq yaradır.
Rusiya Cənubi Qafqazda formalaşmış yeni reallığı ya görmür, ya da görür, lakin qəbul etmək istəmir.
Prezident İlham Əliyevin vurğuladığı kimi, “Cənubi Qafqazı qavramaq və anlamaq üçün köhnə metodologiyalar tamamilə köhnəlib”.
Bu fikir regionun bugünkü siyasi reallığını dəqiq ifadə edir. Artıq Cənubi Qafqaz ölkələri ilə münasibətlər təzyiq, informasiya hücumları və təsir alətləri vasitəsilə deyil, yalnız qarşılıqlı hörmət, suverenliyə ehtiram və bərabərhüquqlu əməkdaşlıq prinsipləri əsasında qurula bilər.
Məhz buna görə də Azərbaycana qarşı aparılan informasiya kampaniyaları nə regional sabitliyə, nə də ikitərəfli münasibətlərin inkişafına xidmət edir. Əksinə, bu cür addımlar qarşılıqlı etimadı zəiflədir, cəmiyyətlər arasında inamsızlığı artırır və münasibətlərin normallaşdırılması istiqamətində atılan addımlara zərbə vurur.
Nəticə etibarilə, Azərbaycanın mövqeyi dəyişməz olaraq qalır: Bakı qonşu dövlətlərlə qarşılıqlı hörmətə, beynəlxalq hüquqa və bərabərhüquqlu əməkdaşlığa əsaslanan münasibətlərin tərəfdarıdır. Bununla yanaşı, dövlət öz milli maraqlarını və vətəndaşlarının hüquqlarını müdafiə etmək əzmindədir. İnformasiya manipulyasiyaları, ksenofob çağırışlar və etnik ayrı-seçkiliyə əsaslanan kampaniyalar nə regionun yeni siyasi reallığını dəyişə, nə də Azərbaycan-Rusiya münasibətlərinin gələcəyini müəyyən edə bilər. Uzunmüddətli və dayanıqlı münasibətlərin yeganə yolu qarşılıqlı etimadın qorunması, daxili siyasi məqsədlər naminə nifrət ritorikasından imtina edilməsi və dövlətlər arasında dialoqun səmimi əsaslar üzərində inkişaf etdirilməsidir.








