Naxçıvanın inkişafında yeni mərhələ - Muxtar Respublika beynəlxalq ticarət, tranzit və logistika mərkəzinə çevriləcək

media-ads_728_90

Onilliklər ərzində nəqliyyat blokadasının yaratdığı çətinliklərə baxmayaraq, Ümummilli Lider Heydər Əliyevin və Prezident İlham Əliyevin məqsədyönlü siyasəti sayəsində Naxçıvanda güclü infrastruktur, energetika, sənaye, kənd təsərrüfatı və sosial bünövrə formalaşdırılıb. Ölkəmizin ərazi bütövlüyünün tam bərpasından və Vaşinqton razılaşmalarından sonra Naxçıvanın geoiqtisadi rolu əhəmiyyətli dərəcədə artıb. Son illərdə Muxtar Respublikada böyük layihələrin reallaşdırılması yaxın gələcəkdə Naxçıvanın tranzit, logistika və ticarət potensialının ciddi şəkildə artacağını deməyə əsas verir.

Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın avqustun 11-də Naxçıvana səfəri çərçivəsində açılışı olan və təməli qoyulan obyektlər muxtar respublikanın sosial-iqtisadi inkişafına, infrastruktur imkanlarının genişləndirilməsinə və əhalinin rifahının daha da yüksəldilməsinə hesablanıb. Bu layihələr muxtar respublikanın gələcək inkişafı üçün mühüm əhəmiyyət daşımaqla yanaşı, onun nəqliyyat-logistika imkanlarının genişləndirilməsi və regional əhəmiyyətinin artırılması baxımından da yeni perspektivlər yaradır. Həmin layihələr yalnız bu günün ehtiyaclarının qarşılanmasına deyil, həm də Naxçıvanın uzunmüddətli və dayanıqlı inkişafına, əhalinin rifahının yüksəldilməsinə, yeni iş yerlərinin yaradılmasına, investisiya imkanlarının genişləndirilməsinə və regionun iqtisadi potensialının daha səmərəli reallaşdırılmasına xidmət edir.

Naxçıvandan qlobal bazarlara Zəngəzur dəhlizi vasitəsilə çıxış mümkündür. Əlaqələr inkişaf etdikcə, Avropa ilə muxtar respublika arasında idxal-ixrac əməliyyatları da aparıla bilər. Zəngəzur dəhlizi çərçivəsində Naxçıvana dəmir yolu bağlantısının bərpası, Türkiyə ərazisində isə Qars–İğdır–Naxçıvan dəmir yolunun tikintisi onu deməyə əsas verir ki, çox yaxın gələcəkdə Naxçıvanın tranzit, logistika və ticarət potensialı əhəmiyyətli dərəcədə artacaq və muxtar respublika beynəlxalq ticarət, tranzit və logistika mərkəzinə çevriləcək.

Nəqliyyat infrastrukturunun inkişafı Naxçıvanın iqtisadi potensialının reallaşdırılması baxımından xüsusi əhəmiyyət daşıyır. Dəmir yolu bağlantısının bərpası və müasir nəqliyyat infrastrukturunun yaradılması yük və sərnişin daşımalarının daha səmərəli təşkilinə, regionun logistika imkanlarının genişlənməsinə şərait yaradacaq.

Qeyd edk ki, dövlət başçısının Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair Sərəncamı ilə 258 milyon manat vəsait ayrılacaq. Bu vəsait mövcud dövlət proqramlarının (o cümlədən 2023–2027-ci illər üzrə Dövlət Proqramı) davamıdır. Bu eyni zamanda, sistemli və ardıcıl dövlət siyasətinin növbəti mərhələsidir. Ayrılan vəsait Naxçıvanın infrastruktur bazasını möhkəmləndirəcək, məşğulluğu artıracaq, əhalinin həyat səviyyəsini yüksəldəcək və muxtar respublikanın ölkənin ümumi inkişafına töhfəsini daha da gücləndirəcək. Həmçinin, yeni nəqliyyat bağlantıları Naxçıvanın tranzit imkanlarını artırmaqla onun regional iqtisadi əlaqələrdə mövqeyini daha da gücləndirəcək. Bu layihələrin reallaşdırılması sahibkarlıq fəaliyyəti, turizm və ticarətin inkişafına, yeni investisiyaların cəlb olunmasına əlavə imkanlar yaradacaq. Nəqliyyat sahəsində görülən işlər Naxçıvanın uzunmüddətli sosial-iqtisadi inkişafının mühüm dayaqlarından birinə çevriləcək.

Su Elektrik Stansiyasının (15,6 MVt) tikintisinin davam etdirilməsinə yönəldimiş vəsait Naxçıvanın enerji müstəqilliyini gücləndirir və ölkənin “yaşıl enerji zonası” siyasətinə birbaşa xidmət edir. Naxçıvanda artıq bir sıra günəş və su elektrik stansiyalarının inşası davam edir. Yeni vəsait bu istiqaməti daha da sürətləndirəcək.

Bundan başqa, 420 kilometr uzunluğunda kəndlərarası, şəhər və kənd yolları əsaslı təmir ediləcək. Bu, 156,3 min nəfər əhalinin yaşadığı 26 yaşayış məntəqəsini əhatə edir. Şəhərlərarası ictimai nəqliyyat parkının yenilənməsi sərnişin daşımalarının keyfiyyətini və təhlükəsizliyini yüksəldəcək.

Qeyd edək ki, Naxçıvan Dövlət Universitetində 1000 yerlik tələbə yataqxanası, 640 nəfərlik 5 yeni uşaq bağçası tikiləcək. 161 yaşayış binası (fasad və tam təmir) və istilik qazanxanaları əsaslı təmir ediləcək. Bu, minlərlə ailənin mənzil şəraitinin və kommunal xidmətlərin keyfiyyətinin yüksəlməsi deməkdir.

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Naxçıvana səfər çərçivəsində dəmir yolu infrastrukturunda aparılan yenidənqurma işləri ilə tanış olublar. Zəngəzur dəhlizi üzrə dəmir yollarının tikintisi layihələri yekunlaşdıqdan sonra dəmir yolunun buraxılış qabiliyyəti illik 15 milyon ton nəzərdə tutulur. Horadiz-Yuxarı Mərcanlı-Soltanlı stansiyalarını əhatə edən 30 kilometrlik hissə müvəqqəti istismara verilib və 2024-cü ilin mayından “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkına yükdaşımalar həyata keçirilir. Bu günədək həmin istiqamət üzrə ümumilikdə 43 min ton yük daşınıb.

Naxçıvan dəmir yolu xəttinin layihələndirilməsinə və tikinti işlərinin icrasına 2025-ci ildən başlanılıb. Hazırda xəttin uzunluğu 188 kilometrdir, yeni layihəyə əsasən isə bu göstərici 194,2 kilometr təşkil edəcək. 10 stansiyanın və 3 sərnişin dayanacağı platformasının yenidən qurulması nəzərdə tutulur.

Hazırda Naxçıvan dəmir yolu xəttinin Salamməlik stansiyasından Ermənistanla dövlət sərhədinədək olan 7 kilometrlik hissəsi üzrə layihələndirmə işləri tamamlanıb və tikinti işlərinə başlanılıb. Ərazidə mühəndislik və infrastrukturun yaradılması işlərinin bir qismi yekunlaşıb, digər hissəsi isə davam edir.

Naxçıvan Muxtar Respublikasının 2023–2027-ci illər üzrə sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı infrastruktur, sahibkarlıq, sənaye, kənd təsərrüfatı, energetika və turizmi əhatə edir. Xüsusilə yaşıl energetika sahəsində ciddi irəliləyişlər mövcuddur; muxtar respublika yaşıl enerji zonası elan olunub və 2024-cü ildə istehsal edilən elektrik enerjisinin təxminən 48%-i bərpa olunan mənbələrin payına düşüb. Gələcəkdə Günəş elektrik stansiyalarının tikintisi və Azərbaycan-Naxçıvan-Türkiyə-Avropa enerji dəhlizinin inkişafı nəzərdə tutulur. Eyni zamanda, iqlim imkanları, irriqasiya sistemlərinin modernləşdirilməsi və nəqliyyat əlaqələrinin açılması kənd təsərrüfatı və emal sənayesi məhsullarının Azərbaycan və Türkiyə bazarlarına rahat çıxışını təmin edəcək.

Prezident İlham Əliyevin Muxtar Respublikanın inkişafı ilə bağlı qəbul etdiyi qərarlar dövlət başçısının regionların tarazlı inkişafı siyasətinin və Naxçıvana xüsusi diqqətinin konkret təzahürüdür. Naxçıvanın inkişafı üçün ayrılan vəsait 2026–2027-ci illərdə Muxtar Respublikada alternativ və bərpa olunan enerji mənbələrindən istifadənin genişləndirilməsini, yol, nəqliyyat və təhsil infrastrukturunun yenilənməsini, habelə abadlıq-quruculuq işlərinin davam etdirilməsini təmin edəcək.

Naxçıvanda reallaşdırılan genişmiqyaslı layihələr muxtar respublikanın sosial-iqtisadi inkişafının yeni mərhələyə keçdiyini göstərir. Sənaye, enerji və nəqliyyat sahələrində reallaşdırılan layihələr mövcud imkanların genişləndirilməsinə, gələcək inkişaf üçün dayanıqlı infrastrukturun formalaşdırılmasına xidmət edir. Bütün bunlar Naxçıvanın investisiya və məşğulluq imkanlarının artırılmasına, muxtar respublikanın regional nəqliyyat-logistika və enerji məkanında rolunun gücləndirilməsinə geniş imkanlar yaradır.

Mətanət Əliyeva

media-ads_728_90
Paylaş