Romada Azərbaycan-İtaliya strateji tərəfdaşlığı müzakirə olunub
İtaliya Respublikasının Deputatlar Palatasında “İtaliya-Azərbaycan strateji münasibətləri” mövzusunda yüksək səviyyəli konfrans keçirilib.
“TV1” xəbər verir ki, Beynəlxalq Münasibətlərin Təhlili və Multikulturalizm Mərkəzi (BMTMM) və Fondazione Machiavelli beyin mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə İtaliya və Azərbaycanın parlament üzvləri, diplomatlar, akademik dairələr, biznes və enerji sektorlarının nümayəndələri iştirak ediblər.
Konfransın açılışında Azərbaycanın İtaliyadakı səfirliyinin müvəqqəti işlər vəkili Vüqar Hacıyev, Fondazione Machiavelli fondunun prezidenti Daniele Scalea və BMTMM-in İdarə Heyətinin sədri Fərid Şəfiyev çıxış ediblər. Çıxışlarda iki ölkə arasında strateji tərəfdaşlığın əhəmiyyəti vurğulanıb, siyasi dialoqun və iqtisadi əməkdaşlığın daha da genişləndirilməsinin vacibliyi qeyd olunub.
“İtaliya-Azərbaycan strateji tərəfdaşlığı və Avropanın enerji təhlükəsizliyi” mövzusunda keçirilən birinci paneldə ikitərəfli enerji əməkdaşlığı, Azərbaycanın Avropanın enerji təchizatının şaxələndirilməsində rolu, İtaliyanın Azərbaycan enerji resurslarının Avropa bazarlarına çatdırılmasında əsas tərəfdaş və tranzit ölkə kimi əhəmiyyəti, həmçinin siyasi və iqtisadi əlaqələrin dərinləşdirilməsi perspektivləri müzakirə edilib.
Paneldə İtaliya Senatının Rəyasət Heyətinin katibi, senator Elena Murelli, Azərbaycan-İtaliya parlamentlərarası dostluq qrupunun sədri, senator Marco Scurria, Milli Məclisin deputatı Azər Kərimli, BMTMM-in şöbə müdiri Vasif Hüseynov və Fondazione Machiavelli fondunun qeyri-rezident müəllifi Alexandre D. Rovere iştirak ediblər.
“Regional bağlantılar və enerji əməkdaşlığı” mövzusuna həsr olunan ikinci paneldə Azərbaycanın Orta Dəhliz vasitəsilə Avropa, Mərkəzi Asiya və Çin arasında nəqliyyat və ticarət əlaqələrinin inkişafındakı strateji rolu diqqət mərkəzində olub.
Müzakirələr zamanı İtaliya, Avropa İttifaqı və Azərbaycan arasında enerji əməkdaşlığı, yeni ixrac layihələrinin perspektivləri, infrastrukturun inkişafı və enerji sahəsində tərəfdaşlıq imkanları nəzərdən keçirilib.
Paneldə Milli Məclisin deputatı Tahir Mirkişili, ADA Universitetinin professoru Damjan Krnjevic, SOCAR qrupuna daxil olan Italiana Petroli şirkətinin ictimaiyyət və dövlət qurumları ilə əlaqələr üzrə rəhbəri Marco Mannocchi və Fondazione Machiavelli fondunun baş elmi işçisi Gianclaudio Torlizzi çıxış ediblər.
Tədbirin yekununda İtaliya-Azərbaycan strateji tərəfdaşlığının əhəmiyyəti bir daha vurğulanıb, enerji təhlükəsizliyi, regional bağlantılar, eləcə də ikitərəfli siyasi və iqtisadi əməkdaşlığın inkişaf etdirilməsi istiqamətində qarşılıqlı maraq ifadə olunub.
Qeyd edək ki, konfrans BMTMM-in Azərbaycan-Avropa dialoqunun təşviqi və əməkdaşlığın genişləndirilməsi məqsədilə aparıcı beyin mərkəzləri ilə birgə həyata keçirdiyi təşəbbüslərin davamıdır.
Mərkəzin bu istiqamətdəki son fəaliyyətlərinə oktyabrın 27-də Brüsseldə Belçikanın Egmont – Beynəlxalq Münasibətlər üzrə Kral İnstitutu ilə birgə təşkil etdiyi “Azərbaycan və Avropa İttifaqı: Yeni perspektivlər” mövzusundakı Birinci Azərbaycan-Aİ Beyin Mərkəzləri Forumu, sentyabrın 9-da İsveçrənin Sankt-Qallen Universitetinin Avropada İdarəçilik və Mədəniyyət Mərkəzi (GCE-HSG) ilə birgə keçirdiyi “Cənubi Qafqazda təhlükəsizlik və əməkdaşlıq” adlı beynəlxalq konfrans, eləcə də sentyabrın 4-də LINKS Europe Fondu ilə birgə təşkil etdiyi “Avropa-Azərbaycan münasibətləri: tarixi təcrübənin dəyərləndirilməsi və gələcək əməkdaşlıq istiqamətləri” mövzusunda dəyirmi masa daxildir.








