İpək Yolu boyunca İspaniyaya qədər dadlı yeməklər - VİDEO

media-ads_728_90

Tanınmış “Euronews” telekanalı Azərbaycanın zəngin milli mətbəxinə, xüsusilə ölkənin ən məşhur ənənəvi xörəkləri olan düşbərə və gürzəyə həsr olunmuş reportaj yayımlayıb.

“TV1” xəbər verir ki, materialda bu yeməklərin Azərbaycan mətbəxində xüsusi yer tutduğu vurğulanır.

Xəmir xörəkləri haqqında reportajda bu xörəklərin təxminən iki min il əvvəl Çində yaranması və dahasonra tacirlər, köçərilər və karvanlarla birlikdə İpək Yolunun tarixi ilə paralel “Düşbərə kəməri” adlandırıla biləcək bir marşrutla qərbə – İspaniyaya qədər yayılmasından bəhs olunur.

Yeni coğrafiyalara çatdıqca onlar yerli dadlara uyğunlaşıb. Qədim ticarət yolları boyunca irəlilədikcə bu yemək dəyişib və Özbəkistanda zərif çuçvara və mantı, Qazaxıstanda iri mantı, Cənubi Qafqazda isə Azərbaycanın incə hazırlanmış düşbərə və gürzəsi meydana çıxıb.

Qeyd edilir ki, miniatür ölçüləri ilə seçilən düşbərə ət içliyi ilə hazırlanır və ənənəvi qaydada ətirli bulyonla süfrəyə verilir. Gürzə isə daha iri həcmi və ilanı xatırladan xarakterik hörmə bükümü ilə fərqlənir.

Müəllif qeyd edir ki, bu nemətlərin tərkibi sadə olsa da, hazırlanması böyük ustalıq və səbir tələb edir. Düşbərə və gürzənin bükülmə sirləri nəsildən-nəslə ötürülərək bu günədək qorunub saxlanılıb.

media-ads_728_90
Paylaş