İqlim fəaliyyətlərinin icrası tələb olunan sürətdən geri qalır - Saymon Stil
“İqlim fəaliyyətlərinin icrası tələb olunan sürətdən geri qalır”.
“TV1” xəbər verir ki, bunu BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının (UNFCCC) icraçı katibi Saymon Stil COP29 çərçivəsində Parlamentlərarası İttifaq (IPU) və Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən birgə təşkil olunan Parlament görüşündə deyib.
“Parlamentlər vətəndaşların fikirlərini ifadə etmək üçün vacib bir kanal rolunu oynayır və onların dövlət siyasəti və fəaliyyətlərində əks olunmasını təmin edir. İqlim dəyişikliyi ilə mübarizə planetdəki bütün insanlar üçün ən aktual və təxirəsalınmaz məsələlərdən biridir. Hakimiyyətdə olduğunuz zaman konkret addımları təşəbbüs edərək insanların həyatını dəyişən liderlərə çevrilə bilərsiniz”, – deyə o bildirib.
Saymon Stil qeyd edib ki, dünya birliyi planetdə həyat şərtlərini qorumaq uğrunda mübarizədə tədrici addımlardan qətiyyətli hərəkətlərə keçməlidir. Son hesabatlar göstərib ki, iqlim fəaliyyətləri tələb olunan sürətdən geri qalır. Proqnozlara görə, planetin temperaturu 2,6–3,1 dərəcə Selsiyə qədər arta bilər ki, bu da ən təhlükəli nəticələrdən qaçmaq üçün tələb olunan 1,5 dərəcə hədəfindən çox uzaqdır.
“Əgər biz hazırkı templə elm tərəfindən irəli sürülən tələblər arasındakı fərqi azalda bilməsək, vəziyyət yalnız pisləşəcək. Bu fərqin bir hissəsini iddiaların artırılması ilə aradan qaldırmaq olar. Bizə daha iddialı planlar və daha genişmiqyaslı fəaliyyətlərə imkan verən siyasətlər lazımdır. Lakin yalnız iddialar kifayət deyil — onların həyata keçirilməsindəki boşluqları aradan qaldırmaq vacibdir. Planlar yalnız kağız üzərində qalmamalı, real dəyişikliklərə səbəb olmalıdır. Hər bir ölkə öz səylərini gücləndirmək məcburiyyətindədir”, – deyə S.Stil vurğulayıb.