İranda neft-kimya zavodunda yanğın olub - Elektrik enerjisi kəsilib
İranın Əsəluyə şəhərindəki “Cənubi Pars” neft-kimya zavodunda baş verən yanğın lokallaşdırılıb.
“TV1” xəbər verir ki, bu barədə “Fars News” agentliyi məlumat yayıb.
Təmir briqadaları obyektə dəyən ziyanın miqyasını qiymətləndirir.
Daha əvvəl İsrailin müdafiə naziri İsrael Kats bəyan etmişdi ki, İsrail Müdafiə Qüvvələri İranın ən böyük neft-kimya zavodunu sıradan çıxarıb.
“Tasnim” agentliyinin yaydığı məlumata görə, İranın cənubundakı hücum Əsəluyə bölgəsindəki bütün neft-kimya müəssisələrində elektrik enerjisinin kəsilməsinə səbəb olub.
Bildirilir ki, Əsəluyənin neft-kimya müəssisələrini elektrik enerjisi, su və oksigenlə təmin edən “Mobin” və “Damavand” şirkətləri hücuma məruz qalıb, buna görə də həmin şirkətlərin fəaliyyəti bərpa olunana qədər Əsəluyənin bütün neft-kimya müəssisələri elektrik enerjisiz qalacaq.
Qeyd edək ki, İranın cənubunda Əsəluyə neft-kimya müəssisələri bölgəsində bir neçə partlayış baş verib.








