Misirdə Yaxın Şərq Sülh Sammiti keçirilir
Misirdə Yaxın Şərq Sülh Sammiti keçirilir.
“TV1” xəbər verir ki, Misirdə Şarm əl-Şeyxdə keçiriləcək Yaxın Şərq Sülh Sammitində dünyanın bir sıra ölkələrinin dövlət və hökumət başçıları iştirak edirlər.
Sammitdə Azərbaycan Prezidenti İlham Əliyev, Misir Prezidenti Abdel Fattah əs-Sisi, ABŞ Prezidenti Donald Tramp, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, İordaniya Kralı II Abdullah ibn əl-Hüseyn, Qətər Əmiri Şeyx Təmim bin Həməd Əl Tani, Bəhreyn Kralı Həməd bin İsa Al Xəlifə, Fələstin lideri Mahmud Abbas, İndoneziya Prezidenti Prabovo Subianto, Fransa Prezidenti Emmanuel Makron və digər rəsmi şəxslər iştirak edirlər.
Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampın və Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah əs-Sisinin dəvəti ilə Yaxın Şərq Sülh Sammitində iştirak etmək üçün Misirdə işgüzar səfərdədir. Dövlətimizin başçısı Sammitin keçiriləcəyi Şarm əl-Şeyx şəhərindəki Beynəlxalq Konqres Mərkəzinə gəlib. Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah əs-Sisi dövlətimizin başçısını salamlayıb.
Misir Prezidenti Abdel Fattah əs-Sisi Sammitdə iştirak etmək üçün Şarm əl-Şeyx şəhərindəki Beynəlxalq Konqres Mərkəzinə gələn dövlət və hökumət başçılarını qarşılayır.
Almaniya, İraq, Böyük Britaniya, İtaliya, İspaniya, Yunanıstan, Ermənistan, Macarıstan, Pakistan, Kanada, Norveç, Birləşmiş Ərəb Əmirlikləri və Küveytin sammitdə baş nazirlər səviyyəsində iştirakı gözlənilir.
Sammitə Omanın xarici işlər naziri Bədr bin Həməd əl-Busaidi, BMT-nin baş katibi Antoniu Quterreş, Ərəb Liqasının baş katibi Əhməd Əbu Qeyt, Avropa Şurasının sədri Antoniu Koşta, Hindistanın xarici işlər naziri Subramanyam Cayşankar və Yaponiyanın Qahirədəki səfiri Fumio İvainin də qatılacağı açıqlanıb.
Misir hakimiyyəti daha əvvəl açıqlamasında ölkə Prezidenti Abdel Fattah əs-Sisi və ABŞ lideri Donald Trampın həmsədrliyi ilə 20-dən çox ölkənin liderlərinin iştirakı ilə “Şarm əl-Şeyx Sülh Zirvəsi”nin keçiriləcəyini bildirib.
ABŞ Prezidenti D.Tramp oktyabrın 9-da Misirdə davam edən danışıqlarda İsrail və HƏMAS-ın Qəzzada atəşkəs planının birinci mərhələsini təsdiqlədiyini açıqlayıb. Müqavilə danışıqların aparıldığı Misirdə imzalanıb və İsrail hökumətinin təsdiqi ilə oktyabrın 10-da səhər saatlarında qüvvəyə minib.