Moskvada Ümummilli Lider Heydər Əliyevin abidəsinin təməlqoyma mərasimi olub
Moskvada ölkəmizin Rusiyadakı səfirliyinin yaxınlığındakı xiyabanda Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin abidəsinin təməlqoyma mərasimi keçirilib.
“TV1” xəbər verir ki, xatirə lövhəsində deyilir:
“Burada iki dəfə Sosialist Əməyi Qəhrəmanı, görkəmli dövlət və siyasi xadim, Nazirlər Sovetinin Baykal-Amur magistral yolunun tikintisi və inkişafı Komissiyası sədrinin abidəsi ucaldılacaq”.
Tədbirdə Azərbaycanın Rusiyadakı səfiri Rəhman Mustafayev, Moskva şəhərinin meri Sergey Sobyanin, Rusiya Baş nazirinin müavini Vitali Savelyev, Baykal-Amur magistralı tikintisinin veteranları, SSRİ Nəqliyyat Nazirliyinin keçmiş əməkdaşları və başqaları iştirak ediblər.
Heydər Əliyev SSRİ Nazirlər Sovetinin Baykal-Amur magistralının tikintisi və inkişafı üzrə Komissiyasının sədri vəzifəsini tutub və bu strateji əhəmiyyətli layihənin inkişafına böyük töhfə verib. Abidənin Moskvada ucaldılması Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin Sovet İttifaqı qarşısında, Baykal-Amur magistral xəttinin tikintisində və inkişafında xidmətlərinə verilən qiymətin rəmzidir.