“Müasir televiziyada yeni trendlər” - “Mediada Azərbaycan dili” mövzusunda növbəti TƏLİM
“Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin nəzdində fəaliyyət göstərən Teleradio Akademiyasında “Mediada Azərbaycan dili” mövzusunda təlimlərin növbəti mərhələsi – üçüncü günü keçirilib.
“TV1” xəbər verir ki, təlimdə ustad dərslərini Əməkdar jurnalist, AzTV-nin “Analitik qrupu”nun rəhbəri Faiq Hüsiyev, Bakı Dövlət Universitetinin (BDU) Azərbaycan dilçiliyi kafedrasının dosenti Fikrət Şiriyev və BDU-nun Yeni media və kommunikasiya nəzəriyyəsi kafedrasının müdiri, dosent Xatirə Hüseynova keçiblər.
“Müasir televiziyada yeni trendlər” mövzusunda çıxış edən F.Hüsiyev medianın bugünkü çağırışlarından, həmçinin dünyanın nüfuzlu televiziyalarının təcrübələrindən danışıb.
Azərbaycan dilinin saflığının qorunmasının əhəmiyyətini qeyd edən F.Hüsiyev yeniliklərə uyğunlaşmağın vacibliyini də qeyd edib.
BDU-nun Azərbaycan dilçiliyi kafedrasının dosenti Fikrət Şiriyev “Media dili: səhvlər, vərdişlər və məsuliyyət” mövzusunda çıxış edib.
Dilin inkişafı və beynəlxalq sözlər mövzusunda müzakirələr aparılıb. O bildirib ki, dilimizdə alınma sözlərin payı 60 faizə qədərdir. Son on illiklərdə Avropa dillərindən çox sayda sözün dilimizə gəldiyi qeyd olunub.
BDU-nun Yeni media və kommunikasiya nəzəriyyəsi kafedrasının müdiri, dosent Xatirə Hüseynova “Televiziya, radio və ictimai çıxışlarda yol verilən tipik səhvlər – savadlı şifahi nitq: tələffüz, intonasiya və vurğu məsələləri” mövzusunda çıxış edib.
Təlimdə televiziya, radio və ictimai çıxışlarda rast gəlinən nitq səhvlərinə dair geniş müzakirələr aparılıb. Xatirə Hüseynova nitqin yalnız filologiya sahəsi olmadığını və onun öyrənilməsinin iki əsas sahəyə – danışıq texnikası və dil təmizliyinə bölündüyünü qeyd edib. O, həmçinin nitq və dil arasındakı fərqləri izah edərək, düzgün nitqin xüsusiyyətlərini və gözəlləşdirilmə üsullarını diqqətə çatdırıb.
Televiziya jurnalistikasında dialektlərin istifadəsinin yanlış olduğunu, bəzən müsahibə dilində bu cür ifadələrin rəng qatmaq məqsədilə yer ala biləcəyini bildirib.
Qeyd edək ki, təlimlərin məqsədi media mühitində Azərbaycan dilinin düzgün, səlis və ədəbi norma çərçivəsində istifadəsinin təşviq olunmasıdır.








