Muxtar Babayev: Azərbaycan, Qazaxıstan və Özbəkistan arasındakı əməkdaşlıq yeni imkanlar yaradacaq
Azərbaycan, Qazaxıstan və Özbəkistan arasında tərəfdaşlıq və əməkdaşlıq artıq başlayıb. Bu əməkdaşlıq külək və Günəş enerjisi potensialımızın birgə inkişafına, həm daxili, həm də Avropanın enerji ehtiyaclarının ödənilməsinə xidmət edəcək. Bu, enerji təhlükəsizliyini artıracaq və yeni imkanlar yaradacaq.
“TV1” xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin İqlim məsələləri üzrə nümayəndəsi, COP29-un Prezidenti Muxtar Babayev “Azərbaycanın Günəş, dənizdə külək, mavi və yaşıl hidrogen sahəsində potensialının araşdırılması” adlı paneldə çıxışı zamanı deyib.
“Qlobal hədəflərə çatmaq üçün bizə əməkdaşlıq lazımdır. Qlobal bazarların həm təklif, həm də tələbat tərəflərində birlikdə işləməli, beynəlxalq tərəfdaşlıqlar qurmalıyıq. COP29 çərçivəsində dünyanı Bakıya gətirdik və hamını ‘Yaşıl dünya naminə həmrəylik’ şüarı altında birləşdirdik. Ən böyük nəticələr də məhz birlikdə necə işləməyimiz və bir-birimizə necə dəstək ola biləcəyimizlə bağlı oldu”, – deyə Muxtar Babayev bildirib.
O qeyd edib ki, Azərbaycan, Qazaxıstan və Özbəkistan arasındakı əməkdaşlıq çərçivəsində külək və Günəş enerjisi potensialı artırılacaq:”Birlikdə həm öz tələbatımızı ödəyə, həm də Avropaya təmiz enerji ixrac edə bilərik. Bu, iqlimə fayda verəcək, enerji təhlükəsizliyini gücləndirəcək və ixrac imkanlarını artıracaq”.
COP29 Prezidenti əlavə edib ki, enerji keçidinin növbəti mərhələləri üzrə qlobal razılıq əldə olunub. Bu çərçivədə “Qlobal enerji: Saxlanc və şəbəkələr öhdəliyi” qəbul edilib. Bu öhdəlik 2030-cu ilə qədər enerji saxlanc gücünü 6 dəfə artıraraq 1 500 qiqavata çatdırmağı və digər işlərin həyata keçirilməsini nəzərdə tutur. Bundan əlavə, “Yaşıl enerji zonaları və koridorları öhdəliyi” elan edilib ki, bu da bərpaolunan enerji mərkəzlərinə və ötürmə xətlərinə investisiyaları səfərbər edəcək. Eyni zamanda, “Hidrogen Bəyannaməsi” qəbul olunub və bu sənəd təmiz hidrogen və onun törəmələri üzrə yüksək keyfiyyətli bazarın əsasını qoyur. Ümumilikdə 60-dan çox ölkə bu təşəbbüslərə qoşulub.
Muxtar Babayev bildirib ki, hazırda Azərbaycanda iqlim fəaliyyətinin yeni mərhələsinə qədəm qoyulur:”Yeni milli iqlim planımız – Milli Təyin Olunmuş Töhfə enerji sisteminin gələcəyi üçün yol xəritəsidir. Bu sistem daha təmiz, ağıllı və dayanıqlı olacaq. Plan neft-qaz asılılığını azaldaraq, bərpaolunan enerjinin artırılmasını, enerji səmərəliliyi və innovasiyaların iqtisadiyyatımıza inteqrasiyasını nəzərdə tutur”.
O vurğulayıb ki, bu sənədlər Paris Sazişi çərçivəsində beynəlxalq öhdəlik olmaqla yanaşı, həm də milli fürsətdir: “Onlar yaşıl investisiyalara yaşıl işıq yandıracaq, prioritet sektorları müəyyən edəcək və hökumətin fəaliyyətə sadiqliyini nümayiş etdirəcək. Bu, özəl sektor üçün vacib siqnallardır və kapital cəlbinə imkan yaradacaq”.
Muxtar Babayev, həmçinin deyib ki, Bakı İqlim Həftəsi COP29-un yaratdığı sürəti davam etdirmək üçün tarixi imkandır. “Burada yeni tərəfdaşlıqlar qurmaq, mövcud dostluqları gücləndirmək və icranı sürətləndirmək niyyətindəyik. Əgər uğur qazanarıqsa, nəticələr açıq olacaq: daha təmiz hava, yeni sənayelər, daha çox iş yeri, yüksək enerji təhlükəsizliyi və ən əsası – gələcək nəsillər üçün daha təhlükəsiz planet”, – deyə o vurğulayıb.