Ötən gün 71 cinayətin açılması təmin olunub
Sentyabrın 9-da ölkə ərazisində qeydə alınan 47, əvvəlki dövrlərdən bağlı qalan 24 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin edilib.
“TV1” xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, axtarışda olduğuna görə ümumilikdə 184, o cümlədən borclu şəxs qismində axtarışda olan 146 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. Eləcə də, ailə üzvlərini məlumatlandırmadan yaşadığı ünvanı tərk etdiyinə görə itkin düşmüş kimi axtarışı aparılan 5 nəfər tapılaraq aidiyyəti üzrə, dələduzluğa görə axtarışda olan 9 nəfər isə saxlanılaraq istintaqa təhvil verilib.
Həmçinin narkotiklərlə əlaqəli 13 fakt müəyyən edilib. Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə ümumi çəkisi 10,1 kiloqram narkotik vasitə və 118 güclü təsiredici xassəyə malik həb aşkar olunaraq götürülüb. Yabanı halda bitmiş 922 ədəd narkotik tərkibli bitki aşkarlanaraq məhv edilib.
Eyni zamanda, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 10 fakt müəyyən olunub. Paytaxtda və respublikanın ayrı-ayrı rayonlarında 1 avtomat silahı, 2 qumbara, 6 tüfəng, 4 patron darağı və 160 müxtəlif çaplı patron aşkar edilərək götürülüb.
Cinayət törətməkdə şübhəli bilinən 69 nəfər də saxlanılıb.








