Paşinyan Prezident İlham Əliyevə yük tranzitinin bərpasına görə təşəkkür edib
Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycan Prezidenti İlham Əliyevə Azərbaycan ərazisindən Ermənistana yük tranzitinin blokdan çıxarılmasına və ikitərəfli ticarət üçün şərait yaradılmasına görə təşəkkür edib.
“TV1” “Sputnik Armeniya”ya istinadən xəbər verir ki,Paşinyan bu barədə Sankt-Peterburqda keçirilən Ali Avrasiya İqtisadi Şurasının iclasında bildirib.
Paşinyan həmçinin Azərbaycanla münasibətlərdə ticarətin inkişafını, logistik proseslərin təkmilləşməsini və regional iqtisadi dayanıqlılığın möhkəmlənməsini təmin edəcək gələcək konstruktiv dəyişikliklərin vacibliyini qeyd edib. O, iqtisadi prosesin bütün iştirakçıları üçün bərabər şəraitin yaradılması məqsədilə rəqəmsallaşma və tənzimləmə prosedurlarının sadələşdirilməsi üzərində işləməyin zəruriliyini bildirib.
Bundan əlavə, Ermənistanın Baş naziri xarici ticarətin şaxələndirilməsinə və Aİİ-nin dünya arenasında mövqelərinin güclənməsinə xidmət edən İran, BƏƏ, Çin və Hindistan kimi əsas tərəfdaşlarla əməkdaşlığın genişləndirilməsinə diqqət çəkib.








