Qlobal təşkilat maliyyə sınağında
BMT-nin Baş katibi Antonio Quterreş ödənilməmiş üzvlük haqları və büdcə məhdudiyyətləri səbəbindən “qaçılmaz maliyyə çöküşü” təhlükəsi barədə xəbərdarlıq edib.
“TV1” xəbər verir ki, Reuters agentliyi Quterreşin BMT-yə üzv ölkələrin nümayəndələrinə ünvanladığı məktubdan sitatlar yayıb.
Baş katibin sözlərinə görə, “böhran dərinləşir” və yaranmış vəziyyət təşkilatın proqramlarının icrasını ciddi şəkildə təhdid edir. O, qeyd edib ki, iyul ayına qədər BMT-nin maliyyə vəsaitləri tükənə bilər. Bu səbəbdən üzv dövlətlər ya üzvlük haqlarını tam və vaxtında ödəməli, ya da maliyyə qaydalarına yenidən baxmalıdırlar.
Agentliyin məlumatına görə, BMT-nin maliyyə çətinlikləri ən böyük donor olan ABŞ-ın təşkilatın müntəzəm və sülhməramlı büdcələrinə ayırdığı vəsaitləri əhəmiyyətli dərəcədə azaltmasından sonra daha da kəskinləşib.
Qeyd edək ki, bundan əvvəl də ABŞ-ın Ümumdünya Səhiyyə Təşkilatına ayırdığı maliyyə töhfələrini dayandırdığı barədə məlumatlar yayılmışdı.








