Rusiya və Ukrayna qarşılıqlı zərbələrə davam edir
Rusiya və Ukrayna qarşılıqlı hücum və zərbə mübadiləsini davam etdirir.
“TV1” Ukrayna və Rusiya mediasına istinadən xəbər verir ki,ölənlər və xəsarət alanlar var.
Rusiyanın Krasnodar diyarının operativ qərargahının məlumatına görə, sentyabrın 9-u gecə saatlarında Soçi sahilində dəniz dronlarının (ekipajsız katerlərin) hücumu zamanı 28 nəfər xəsarət alıb.
Hücum nəticəsində çimərlik infrastrukturu zədələnib.
Rusiyanın Belqorod vilayətinin qubernatoru vəzifəsini müvəqqəti icra edən Aleksandr Şuvayev sosial şəbəkələrdə bildirib ki, Ukraynanın zərbələri nəticəsində bir nəfər ölüb və 13 nəfər xəsarət alıb.
Öz növbəsində Ukrayna Milli Polisinin mətbuat xidmətindən qeyd edilib ki, Sumı vilayətində Rusiya zərbələri nəticəsində beş nəfər həlak olub, daha 24 nəfər isə yaralanıb.
Ukrayna Prezidenti Volodimir Zelenski sosial şəbəkələrdə bildirib ki, Ukrayna hərbçiləri son sutka ərzində Rusiyanın səkkiz infrastruktur obyektinə zərbələr endirib. Xüsusilə, Yamal-Nenets bölgəsindəki neft emalı zavodu, həmçinin Dağıstandakı dəniz ticarət limanı vurulub.
Ukrayna mediasının məlumatına görə, sentyabrın 10-na keçən gecə Rusiya qoşunları Ukraynaya 149 zərbə PUA-sı ilə hücum edib. Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələrinin ilkin məlumatlarına əsasən, onlardan 128-i hava hücumundan müdafiə vasitələri tərəfindən vurulub və ya zərərsizləşdirilib.








