ŞKTC millət vəkili Rəsmiyə Canaltay: İlham Əliyevin mesajı bizim üçün çox önəmlidir - ÖZƏL

media-ads_728_90

“İlham Əliyevin mesajı bizim üçün çox önəmlidir”.

Bu sözləri “TV1”-ə özəl açıqlamasında Qəbələdə ötən gün keçirilən Türk Dövlətləri Təşkilatının 12-ci Zirvə Görüşündə iştirak etmək üçün Azərbaycana səfər etmiş Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) “Milli Birlik Partiyası” Qazimağusa şəhərindən olan millət vəkili, ŞKTC-Azərbaycan Parlamenti Dostluq Qrupunun sədr müavini Rəsmiyə Canaltay bildirib.

O qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyevin Qəbələdə keçirilən Türk Dövlətləri Təşkilatının 12-ci Zirvə Görüşündə ŞKTC-yə dəstəyin davam edəcəyinə dair açıqlaması Lefkoşa Adasında böyük məmnuniyyətlə qarşılanıb:

“Cənab Prezident İlham Əliyevin “ŞKTC-yə dəstəyimiz davam edəcək” sözləri bizim üçün son dərəcə dəyərlidir. Bu açıqlama qardaşlıq bağlarımızın təkcə sözlərlə deyil, əməli şəkildə də gücləndiyinin göstəricisidir”.

R.Canaltay bildirib ki, Şimali Kipr Türk Cümhuriyyətinin TDT-də müşahidəçi üzv statusu qazanması Türk dünyasında yeni bir dövrün başlanğıcıdır:

“ŞKTC artıq Türk dünyasında yüksələn bir dəyərə çevrilib. Xüsusilə, Ana Vətən Türkiyə Cümhuriyyəti və qardaş Azərbaycan tərəfindən göstərilən xüsusi diqqət diplomatik fəallığımızı artırıb”.

Ötən həftə Ankarada keçirilən “Üç Millət – Tək Dövlət” mövzusundakı toplantıya da diqqət çəkən millət vəkili sözügedən tədbirin Azərbaycan Milli Məclisi ilə ŞKTC Cümhuriyyət Məclisi arasındakı əlaqələri daha da dərinləşdirdiyini vurğulayıb:

“Keçən həftə Ankarada keçirilən toplantı dostluq qrupumuz üçün tarixi bir addım idi. Azərbaycan, Türkiyə və ŞKTC parlamentləri arasındakı yaxın əməkdaşlıq Türk dünyasında həmrəyliyin, birliyin konkret göstəricisidir”.

Türk Dövlətləri Təşkilatının 12-ci Zirvə Görüşünə ŞKTC Prezidenti Ersin Tatar ilə birlikdə qatılmağın böyük şərəf olduğunu bildirən millət vəkili sözlərini belə tamamlayıb:

“Cənab Prezidentimiz Ersin Tatarla birlikdə müstəqilliyimizi və kimliyimizi təmsil edən bayrağımızla burada olmaq bizim üçün böyük bir qürur mənbəyidir. Bu, Türk dünyasında artıq ŞKTC-nin qalıcı yer qazandığının ən aydın göstəricisidir”.

Serdar Şengül, Mətanət Əliyeva – QƏBƏLƏ 

media-ads_728_90
Paylaş