TDT-nin XII Zirvə Görüşü - Güc mərkəzinə çevrilmək yolunda HƏDƏFLƏR
Qəbələ şəhərində oktyabrın 7-də keçiriləcək Türk Dövlətləri Təşkilatının (TDT) XII Zirvə Görüşü “Regional sülh və təhlükəsizlik” mövzusuna həsr olunub. Bu Zirvə görüşü Türk dünyasının gələcək ortaq strateji hədəflərini və birgə fəaliyyət mexanizmlərini müəyyən edəcək.
TDT-nin tarixi və keçilən yol
2009-cu il oktyabrın 3-də Naxçıvanda imzalanmış tarixi Naxçıvan Müqaviləsi ilə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası rəsmi şəkildə təsis olunub. 2021-ci ildə təşkilatın adına dəyişiklik edildi və hazırda Türk Dövlətləri Təşkilatı kimi fəaliyyətini davam etdirir. Təşkilatın ideyası türkdilli xalqlar arasında əsrlərlə formalaşan siyasi, mədəni və hərbi həmrəyliyə söykənir. Azərbaycan, Türkiyə, Qazaxıstan və Qırğızıstan TDT-nin qurucu dövlətləri olub. Sonradan Özbəkistan 2019-cu ildə təşkilata üzv qəbul olunub. Macarıstan 2018, Türkmənistan 2021, Şimali Kipr Türk Respublikası isə 2022-ci ildə TDT-yə müşahidəçi üzv qəbul olunublar. 2023-cü ildə isə İqtisadi Əməkdaşlıq Təşkilatına TDT-nin müşahidəçi statusu verilib.
TDT hazırda bir qurum olaraq çox yüksək templə inkişaf yolundadır. Təşkilatın gündəmində artıq strateji təhlükəsizlik, enerji siyasəti, texnologiya, nəqliyyat-logistika, eləcə də qlobal ticarət yolları üzərində nəzarət kimi məsələlər yer alır. Eyni zamanda, təşkilata üzv ölkələr arasında mədəni və humanitar sahələrdə də geniş fəaliyyətlər həyata keçirilir.
Azərbaycan TDT-də təşəbbüskar və aparıcı dövlət rolunda
TDT-nin yaradılmasında qurucu dövlətlərdən biri olan Azərbaycanın bu təşkilat çərçivəsində həyata keçirdiyi mühüm fəaliyyətlər çox qısa zamanda ölkəmizi TDT-də aparıcı üzv roluna yüksəltmiş oldu. Ötən ilin iyul ayında Şuşada TDT-nin qeyri-rəsmi Zirvə Görüşü keçirildi. Zirvə Görüşündə Qarabağ Bəyannaməsi qəbul edildi. Dövlət başçısı İlham Əliyev Zirvədə “Türk Dövlətləri Təşkilatı dünya miqyasında güc mərkəzlərindən birinə çevrilməli, XXI əsr Türk dünyasının inkişafı əsri olmalıdır” – deyə bildirmişdi. Bu isə artıq təşkilatın türk dövlətlərinin qarşısında ancaq regional deyil, qlobal miqyasda tarixi hədəflərini qoymuş oldu. Və beləliklə, TDT qlobal miqyasda yeni hədəflərə doğru inkişaf yoluna qədəm qoydu.
TDT-nin güc mərkəzinə çevrilmək yolunda hədəfləri
Bişkekdə 2024-cü ilin noyabr ayında TDT-nin XI Zirvə Görüşü keçirilib. 2025-ci ilin may ayında isə Budapeştdə təşkilatın qeyri-rəsmi Zirvə görüşü baş tutub. Bu görüşlər TDT-yə üzv ölkələr arasında əlaqələrin inkişafında xüsusi rol oynayıb.
Gələcəkdə təşkilat çərçivəsində birgə hərbi təlimlər, müdafiə sənayesi əməkdaşlığı, kibertəhlükəsizlik, strateji informasiya mübadiləsi mexanizmlərinin yaradılması reallığa çevrilə bilər. Qəbələ şəhərində baş tutacaq “Regional sülh və təhlükəsizlik” mövzusuna həsr olunmuş TDT-nin XII Zirvə Görüşünün isə təşkilat çərçivəsində bu istiqamətdə əməkdaşlığın inkişafına xüsusi töhfə verəcəyini deyə bilərik.
Türk sivilizasiyanın müasir çağırışları – TDT siyasi platforma rolunda
Mövcudluğu ilə tarix boyu bəşəriyyətə elm, dövlətçilik, hərb, hüquq, incəsənət və mədəniyyət sahələrində böyük töhfələr vermiş türk sivilizasiyası daim tarixi proseslərin önündə olub. Türk dövlətləri dövlətçilik ənənələri, hərbi güc, elmə, incəsənətə verdikləri töhfələrlə hər zaman seçiliblər. Bəşər sivilizasiyasının inkişaf etməsində xüsusi rol oynamış türk sivilizasiyasının kodlarının müasir dövrün çağırışlarına uyğunlaşdırılması hazırda mühüm önəm daşıyır. Bu yolda isə TDT ən vacib siyasi platformadır. Hazırda təşkilata üzv ölkələr arasında mədəniyyət, təhsil, informasiya sahələrində əməkdaşlıq prioritet istiqamətlərdəndir. Bakıda yerləşən Türk Dövlətləri Parlament Assambleyası (TÜRKPA) və Türk Mədəniyyəti və İrsi Fondu (TMİF) bu sahədə Azərbaycanın liderliyini və Türk dünyası ilə əlaqələri yüksək səviyyədə inkişaf etdirmək istəyini bir daha göstərir.
Yeri gəlmişkən, 2010-cu il may ayının 25-də Qazaxıstanın paytaxtı Astana şəhərində Beynəlxalq Türk Akademiyası quruldu. 2012-ci il avqustun 23-də Qırğızıstanın paytaxtı Bişkekdə keçirilən Türk Şurasının II Zirvə toplantısında Akademiya beynəlxalq təşkilat ünvanını aldı. Beynəlxalq Türk Akademiyası 2009-cu il oktyabrın 3-də Naxçıvanda keçirilən Türkdilli Ölkələrin Dövlət Başçılarının IX Zirvə görüşündə Qazaxıstan Prezidenti Nursultan Nazarbayevin təklifi ilə yaradılıb. BTA-nın əsas məqsədi türk xalqlarının qədim və müasir tarixi, dil, ədəbiyyat və mədəniyyətini, habelə, Türk mədəniyyətinin bəşər sivilizasiyasına töhfəsini tədqiq etmək, Türk dünyasında akademik fəaliyyətin koordinasiyasını həyata keçirməkdir. Bu məqsədlə Akademiya Türk xalqlarının elmi təşkilatlarına elm və təhsil məsələsində yardımçı olur, Türkdilli ölkələr və xalqların ziyalılarının təşəbbüslərinə dəstək verir, onları müntəzəm olaraq bir araya gətirir. BTA elmi inteqrasiyanın inkişaf etdirilməsi məqsədilə tanınmış beynəlxalq və elmi təşkilatlar ilə geniş əlaqələr qurub. BTA ilə xarici elmi təşkilatlar arasında 60-dan çox əməkdaşlıq memorandumu imzalanıb. Xatırladaq ki, Akademiya Azərbaycanla əməkdaşlıq çərçivəsində Bakı Türkoloji Konqresinin 90 illiyinə həsr olunan beynəlxalq konfrans keçirib. 2015-ci ildə UNESCO-nun Parisdəki iqamətgahında Azərbaycan Prezidenti İlham Əliyevin fərmanına uyğun olaraq “Dədə Qorqud irsi və Türk Dünyası” mövzusunda Beynəlxalq simpozium təşkil olunub.
TDT-nin gələcək hədəfləri
Bu gün türk dövlətlərinin qarşısında duran ən vacib məsələlərdən biri beynəlxalq münasibətlərdə vahid strateji mövqedən çıxış etməkdir. Bu istiqamətdə TDT bir qurum kimi üzv ölkələrin həmrəyliyinin, birliyinin möhkəmlənməsində əvəzsiz rol oynayır. Türk dövlətləri arasında həmrəylik, inteqrasiya və qarşılıqlı etimadın dərinləşməsi TDT-ni getdikcə mötəbər beynəlxalq təşkilat səviyyəsinə yüksəldir. Artıq dünya ölkələri bu birliyi regionda sabitlik və əməkdaşlıq üçün etibarlı tərəfdaş kimi qəbul edir. Gələcəkdə TDT-nin siyasi, iqtisadi və təhlükəsizlik baxımından daha sıx inteqrasiya olunmuş müttəfiqlik modelinə çevrilməsi, onu yalnız türkdilli ölkələr üçün deyil, həm də Avrasiya və Yaxın Şərq regionlarında alternativ sabitlik mərkəzinə çevirəcək. Türk Dövlətləri Təşkilatı bu gün üçün siyasi həmrəylik platforması, sabah üçün isə qlobal güc mərkəzinə çevrilə bilər. TDT-nin inkişaf xətti bir daha göstərir ki, bu birlik yalnız tarixi-mədəni bağlılıqlara əsaslanmır, həm də gələcəyin siyasi, iqtisadi və təhlükəsizlik arxitekturasında real güc mərkəzi formalaşdırır. Avrasiya enerji yolları, Şimal-Cənub və Şərq-Qərb dəhlizləri, Böyük İpək Yolunun bərpası kimi layihələrdə Türk dövlətlərinin strateji mövqeyi təşkilatın qlobal güc balansında əhəmiyyətini bir daha artırır.
Qəbələ şəhərində oktyabrın 7-də baş tutacaq TDT-nin XII Zirvə Görüşü çərçivəsində təşkilata üzv və müşahidəçi statusuna malik ölkələrin dövlət və hökumət başçıları sonuncu görüşdən bəri həyata keçirilmiş fəaliyyətləri dəyərləndirəcək, əldə olunmuş nailiyyətləri müzakirə edəcək və gələcək əməkdaşlıq istiqamətlərini müəyyənləşdirəcəklər. Görüş zamanı qəbul olunacaq sənədlər, o cümlədən XII Zirvə Görüşünün Bəyannaməsi təşkilatın siyasi və institusional strukturunun yeni mərhələyə keçidini əks etdirəcək.
Sonda qeyd etməyi vacib hesab edirik ki, TDT-nin XII Zirvə Görüşü müzakirə gündəmindəki məsələlər baxımından Türk Birliyinə xüsusi töhfələri ilə seçiləcək və Türk Dünyasının daha da inkişaf etməsi, güclənməsində mühüm rol oynayacaq.
Xatırladaq ki, Zirvənin sonunda TDT-yə sədrlik Qırğızıstandan Azərbaycana keçəcək.
“TV1”