TRIPP Transxəzər ticarət marşrutunda mühüm bir həlqə yaradacaq - ABŞ Dövlət Departamenti

media-ads_728_90

Beynəlxalq Sülh və Rifah Naminə Tramp Marşrutu (TRIPP ) Transxəzər ticarət marşrutunda mühüm bir həlqə yaradacaq.

“TV1” xəbər verir ki, bunu Trend-ə verdiyi özəl müsahibədə ABŞ Dövlət katibinin iqtisadi, enerji və işgüzar məsələlərlə bağlı köməkçisi Kaleb Orr bildirib.

“TRIPP Ermənistan ərazisində maneəsiz, multimodal nəqliyyat bağlantısını təmin edəcək. TRIPP-in Azərbaycanın əsas hissəsini Naxçıvan Muxtar Respublikasına birləşdirərək, həmçinin Transxəzər ticarət marşrutunda əsas həlqə yaradaraq Ermənistan Respublikasının beynəlxalq və daxili bağlantısı üçün qarşılıqlı faydalar gətirəcəyi gözlənilir. TRIPP-in əsas məqsədi Azərbaycan və Ermənistanın rifahını, həmçinin təhlükəsizliyini möhkəmləndirmək, habelə regional ticarət və nəqliyyat bağlantısının genişləndirilməsi hesabına ABŞ ticarətinin inkişafına töhfə verməkdir. Bu təşəbbüs Mərkəzi Asiya və Qafqazı Avropa ilə birləşdirən yeni tranzit imkanları yaradacaq”, – deyə o bildirib.

Xatırladaq ki, 2025-ci ilin avqustun 8-də Vaşinqtonda Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan ABŞ Prezidentinin iştirakı ilə birgə bəyannamə imzalayıblar. Sənəddə regional əlaqələrin bərpası çərçivəsində Zəngəzur dəhlizinin (“Tramp marşrutu”) istifadəyə verilməsi nəzərdə tutulur. Bununla yanaşı, iki ölkənin xarici işlər nazirləri “Sülh və dövlətlərarası münasibətlər haqqında” Sazişi paraflayıblar.

2026-cı ilin yanvarında Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan və ABŞ dövlət katibi Marko Rubio Vaşinqtonda görüşərək TRIPP layihəsinin həyata keçirilməsinə dair çərçivə proqramını təqdim ediblər.

Mirzoyan və Rubionun birgə bəyanatında bildirilir ki, Ermənistan TRIPP layihəsinin inkişafına cavabdeh olaraq “TRIPP Development Company” yaradılmasını təsdiqləmək və dəstəkləmək niyyətindədir. Şirkətə layihənin ilkin olaraq 49 il müddətinə icrası hüququ veriləcək. İrəvan “TRIPP Development Company”nin səhmlərinin 74 faizini Vaşinqtona təklif etməyi, 26 faizini isə özündə saxlamağı planlaşdırır.

media-ads_728_90
Paylaş