Yalçın Rəfiyev: Azərbaycan COP29 təcrübəsini Türkiyə ilə bölüşməyə hazırdır

media-ads_728_90

“Türkiyənin növbəti COP sammitinə ev sahibliyinin regionda iqlim gündəliyinə əlavə dinamika verəcəyi gözlənilir, Azərbaycan isə bu prosesdə qardaş ölkəyə praktiki dəstək göstərməyi planlaşdırır”.

“TV1” xəbər verir ki, bu sözləri Azərbaycanın COP29 üzrə baş danışıqlar aparıcısı, xarici işlər nazirinin müavini Yalçın Rəfiyev jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, Azərbaycan COP29 çərçivəsində formalaşmış təşkilati və məzmun təcrübəsini Türkiyə ilə paylaşacaq: “Türkiyə tərəfi bu istiqamətdə maraqlıdır. Yaxın vaxtlarda Azərbaycan nümayəndə heyətinin Türkiyəyə səfəri nəzərdə tutulur. Məqsəd sammitin uğurlu keçirilməsi üçün təcrübə və praktiki həllərin bölüşdürülməsidir”.

Y.Rəfiyev deyib ki, Azərbaycanın qlobal iqlim proseslərində vasitəçilik və tərəfdaşlıq ənənəsi mövcuddur: “Pandemiya dövründə və sonrakı çoxtərəfli platformalarda Türkiyə ilə yaxından əməkdaşlıq etmişik. Bu xətt davam etdirilir”.

O həmçinin vurğulayıb ki, COP29-un yekun paketində idman tədbirləri kontekstində iqlim fəaliyyəti üzrə qərar layihəsinin irəliləməsi Azərbaycanın və Norveçin birgə işi nəticəsində mümkün olub: “İntensiv məsləhətləşmələr və hüquqi-texniki müzakirələr nəticəsində sənəd üzrə konsensus əldə edildi”.

Nazir müavininin sözlərinə görə, sammitin keçiriləcəyi məkanla bağlı rəsmi məlumat Türkiyə tərəfindən açıqlanacaq: “Bizim əsas məqsəd COP-un uğurla təşkili və iqlim gündəliyinin konkret nəticələrlə tamamlanmasına dəstək verməkdir”.

media-ads_728_90
Paylaş