Zahid Məmmədov: Uşaqların müdafiəsinin gücləndirilməsindəki addımların ölkəmizin gələcəyinə xidmət edəcəyinə inanıram
Əziz uşaqlar! Sizi 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə ürəkdən təbrik edir, hər birinizə sağlam, xoşbəxt və qayğısız gələcək arzulayıram.
Uşaqlar hər bir xalqın gələcəyi, dövlətin strateji sərvəti və cəmiyyətin ən qiymətli kapitalıdır. Ölkənin sabahı bu gün uşaqların aldığı təhsil, gördüyü qayğı və malik olduğu sosial təminat səviyyəsi ilə müəyyən olunur. Buna görə də uşaqların müdafiəsi təkcə humanitar məsələ deyil, həm də iqtisadi inkişaf və milli təhlükəsizlik məsələsidir.
Müasir sosial dövlətin əsas vəzifələrindən biri uşaqlı ailələrin rifahının yüksəldilməsi, uşaq yoxsulluğunun azaldılması və hər bir uşağın bərabər inkişaf imkanlarına malik olmasının təmin edilməsidir. Bu baxımdan Azərbaycanda uşaq pulunun bərpası və tətbiqi sosial siyasətin mühüm istiqamətlərindən biri kimi qiymətləndirilə bilər.
Müasir sosial dövlət konsepsiyasında vergi siyasəti yalnız fiskal gəlirlərin formalaşdırılması vasitəsi deyil, həm də sosial müdafiə, demoqrafik inkişaf və ailə institutunun gücləndirilməsi mexanizmi kimi çıxış edir. Xüsusilə iqtisadi qeyri-sabitlik, inflyasiya, yaşayış xərclərinin artması və sosial bərabərsizliyin dərinləşməsi şəraitində ailələrin maliyyə yükünün azaldılması dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrilir.
Azərbaycanda uzun illərdir “uşaq pulu” məsələsi ictimai müzakirə predmetidir. Lakin dövlət büdcəsinin imkanları və sosial öhdəliklərin genişliyi səbəbindən universal uşaq müavinətlərinin tətbiqi məhdud xarakter daşıyır. Belə şəraitdə alternativ sosial dəstək mexanizmlərindən biri kimi evli və uşaqlı vətəndaşların gəlir vergisindən qismən və ya tam azad edilməsi məsələsi aktuallaşır.
Bu yanaşma bir tərəfdən ailələrin real gəlirlərini artırır, digər tərəfdən isə demoqrafik siyasətin iqtisadi alətinə çevrilə bilər.
Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. Konstitusiyanın 17-ci maddəsində isə “Cəmiyyətin əsas özəyi kimi ailə dövlətin xüsusi himayəsindədir” xüsusi vurğulanır.
Bu baxımdan vergi siyasəti yalnız iqtisadi deyil, həm də sosial funksiyaya malikdir. Vergi hüququ nəzəriyyəsində “ödəmə qabiliyyəti prinsipi” mühüm yer tutur. Həmin prinsipə görə: Daha çox sosial yük daşıyan şəxslər üçün vergi yükünün azaldılması sosial ədalət prinsipinin mühüm tələblərindən biridir. Ailə və uşaqların saxlanılması vətəndaş üçün əlavə maliyyə məsuliyyəti yaratdığından, ailəli və uşaqlı şəxslərin sərbəst istifadə edə bildiyi gəlir subay şəxslərlə müqayisədə daha aşağı olur. Buna görə də vergi siyasətində ailənin sosial yükü və uşaqların saxlanılması xərcləri nəzərə alınmalı, belə vətəndaşlar üçün diferensial vergi güzəştləri tətbiq edilməlidir. Bu səbəbdən bir çox inkişaf etmiş ölkələrdə ailə əsaslı vergi güzəştləri tətbiq edilir.
Almaniya ailə yönümlü modeli – vergi siyasəti ilə seçilən ölkələrdən biridir. Burada: İki uşağı olan və illik ümumi bruto əməkhaqqı 151 min avroya qədər olan ailələr, eləcə də gəliri 73 min avrodan aşağı olan subay vətəndaşlar gəlir vergisindən tamamilə azad ediləcəklər.Almaniyada vergi ödəyiciləri “yardıma ehtiyaclılıq vergisi” adlanan bir vergi ödəyirlər və uşağı olan şəxslər üçün bu vergi daha aşağı olur. Bunun səbəbi, uşağı olmayan vətəndaşın gələcəkdə dövlət yardımına daha çox ehtiyac duya biləcəyi ehtimalı ilə izah edilir.
Fransada isə ailə əmsalları sistemi mövcuddur və bu sistem çərçivəsində uşaqlı ailələrə vergi güzəştləri tətbiq edilir.
Oxşar vergi güzəştləri bir çox digər ölkələrdə də mövcuddur və uşağı olmayan subay şəxslərlə iki uşaqlı, tək qazanc gətirən ailələr arasında gəlir vergisi dərəcəsi fərqi bəzi hallarda 10 faizə qədər çatır.
Turkiyədə -də minimum yaşayış güzəşti və ailə əlavələri tətbiq olunur. Dövlət ailə institutunun qorunmasını iqtisadi siyasətin tərkib hissəsi hesab edir. Nəticədə ailələrin vergi yükü azalır və doğum göstəricilərinin dəstəklənməsi məqsədi güdülür.
Azərbaycanda gəlir vergisi əsasən əmək haqqı üzərindən tutulur. Mövcud sistemdə ailə vəziyyəti, uşaqların sayı və ailənin sosial yükü vergi siyasətində kifayət qədər nəzərə alınmır vəya praktiki olaraq vergi hesablamasında ciddi rol oynamır.Bu isə sosial ədalət baxımından müəyyən problemlər yaradır.
Məsələn, 1500 manat əməkhaqqı alan subay şəxslə eyni məbləğdə maaş alan, lakin 3 uşağı olan ailə başçısı hazırkı sistemdə eyni vergi yükü ilə qarşılaşır.Halbuki onların real sərbəst gəliri və sosial məsuliyyəti tamamilə fərqlidir.
Ailəli və uşaqlı vətəndaşların gəlir vergisindən azad edilməsinin bir sıra iqtisadi üstünlükləri mövcuddur:
Bu isə istehlakın genişlənməsinə, daxili bazarın aktivləşməsinə, eləcə də kiçik və orta biznesin dövriyyəsinin artmasına müsbət təsir göstərə bilər.Müasir dövrdə bir çox ölkələr doğum səviyyəsinin azalması problemi ilə üzləşir. Ailə yönümlü vergi siyasəti doğum səviyyəsinin stimullaşdırılması, gənc ailələrin dəstəklənməsi və sosial sabitliyin qorunması baxımından mühüm alət hesab olunur.
Vergi sisteminin əsas prinsiplərindən biri sosial ədalətdir. Uşaqlı ailələr üçün vergi güzəştləri sosial fərqlərin yumşaldılması, yoxsulluq riskinin azaldılması və orta təbəqənin qorunması baxımından mühüm əhəmiyyət daşıyır.
Bu təşəbbüs aşağıdakı hüquqi prinsiplərlə əsaslandırıla bilərik: Azerbaycan Konstitusiyası ailənin və uşaqların dövlət tərəfindən qorunmasını nəzərdə tutur. Vergi güzəşti həmin konstitusion prinsipin iqtisadi mexanizmi kimi çıxış edə bilər.
Vergi hüququnda bərabərlik “hamıya eyni vergi tətbiqi” deyil, “ödəmə qabiliyyətinə uyğun vergi yükü” deməkdir.
Ailə sosial institut olduğundan dövlət ailənin iqtisadi dayanıqlığının təmin edilməsinə, uşaqların rifahının qorunmasına və sosial risklərin azaldılmasına görə məsuliyyət daşıyır.
Azərbaycanda ailə yönümlü vergi siyasəti çərçivəsində evli şəxslərə gəlir vergisinin müəyyən hissəsindən azadolma, bir uşaqlı ailələrə əlavə vergi güzəştləri, iki və daha çox uşaqlı ailələrə yüksək həcmdə və ya tam vergi güzəştləri, azgəlirli çoxuşaqlı ailələrə isə tam vergi azadolması tətbiq oluna bilər. Alternativ yanaşma kimi vergi tutulmayan minimum gəlir həddinin artırılması, ailə üzrə diferensial vergi sisteminin yaradılması və uşağa görə vergi kreditinin tətbiqi də məqsədəuyğun hesab edilə bilər.
Belə siyasətin dövlət büdcəsi gəlirlərinin azalması, sui-istifadə halları, qeyri-rəsmi nikah və qeydiyyat problemləri, eləcə də əmək bazarında əlavə fiskal yükün yaranması kimi müəyyən riskləri mövcuddur. Buna görə də sistem mərhələli şəkildə, şəffaf elektron qeydiyyat əsasında və sosial ehtiyac meyarları nəzərə alınmaqla tətbiq edilməlidir.
Uşaq pulunun universal şəkildə verilməsi maliyyə baxımından çətin olduğu hallarda ailəli və uşaqlı vətəndaşların gəlir vergisindən qismən və ya tam azad edilməsi sosial dövlət siyasətinin alternativ və effektiv alətlərindən biri ola bilər.
Bu yanaşma ailələrin real gəlirlərinin artmasına, sosial ədalətin güclənməsinə, demoqrafik inkişafın stimullaşdırılmasına, yoxsulluq riskinin azalmasına və ailə institutunun iqtisadi müdafiəsinin təmin edilməsinə mühüm töhfə verə bilər.
Müasir sosial siyasətdə dövlət yalnız birbaşa subsidiya verən deyil, həm də vergi sistemi vasitəsilə sosial balans yaradan institut kimi çıxış etməlidir.
Hesab edirəm ki, ailələrə çatdırılan vəsaitin tam məbləği uşaqların sağlamlığına, təhsilinə və inkişafına yönəldilməlidir. Uşaq pulu xərclər deyil, ölkənin insan kapitalına qoyulan investisiyadır. Bu investisiyanın nəticələri illər sonra daha savadlı, sağlam və rəqabətqabiliyyətli nəslin formalaşması ilə özünü göstərəcəkdir.
1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günündə hər bir uşağa sevgi, qayğı və xoşbəxt gələcək arzulayır, uşaqların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində atılacaq addımların ölkəmizin gələcəyinə xidmət edəcəyinə inanıram.
Bayramınız mübarək!
İqtisad elmləri doktoru, professor, Azərbaycan Respublikasının “Əməkdar müəllim”i Zahid Fərrux oğlu Məmmədov








