media-1200x100

24 oktyabr - BMT-nin yarandığı gündür

media-ads_728_90

Bu gün 24 oktyabr – Birləşmiş Millətlər Təşkilatının (BMT) yarandığı gündür.

“TV1” xəbər verir ki, BMT İkinci Dünya Müharibəsinin sonunda yaradılıb və bütün planetdəki insanlar üçün sülhə ümid yerinə çevrilib.

1945-ci il oktyabrın 24-də BMT-nin Nizamnaməsi qüvvəyə minib. Ölkələr həmin sənədi bir neçə ay əvvəl San-Fransiskoda keçirilmiş konfransda imzalamışdılar.

İkinci Dünya Müharibəsi və müttəfiqlərin birləşməsi

“Birləşmiş Millətlər Təşkilatı” adı ilk dəfə 1942-ci il yanvarın 1-də Birləşmiş Millətlərin Bəyannaməsində istifadə edilib. İkinci Dünya Müharibəsi dövründə antihitler koalisiyasının üzvü olan 26 ölkənin nümayəndələri “Ox ölkələri”nə qarşı birgə mübarizəni davam etdirməyi öhdəyə götürdülər. Təşkilatın adını ABŞ Prezidenti Franklin Delano Ruzvelt təklif etdi. 1945-ci ildə İkinci Dünya Müharibəsi başa çatanda artıq heç kəs şübhə etmirdi ki, dünyanı birləşdirəcək beynəlxalq təşkilat yaradılması zəruridir.

BMT-nin əsas missiyası dünyanı müharibədən xilas etməkdir

BMT-nin əsas missiyası – sülhün dəstəklənməsi təşkilatın Nizamnaməsində təsbit edilib.

“Biz, birləşmiş millətlərin xalqları gələcək nəsilləri, həyatımızda iki dəfə bəşəriyyətə sözlə deyilə bilməyən bəlalar gətirmiş müharibənin müsibətlərindən xilas etmək…” Bəşəriyyət tarixində ən mühüm sənəd bu sözlərlə başlanır.

BMT-nin Nizamnaməsi 1945-ci il iyunun 26-da San-Fransiskoda imzalanıb. Sənəd həmin il oktyabrın 24-də qüvvəyə minib. Məhz həmin tarix bu təşkilatın rəsmən yarandığı gün kimi qeyd edilir.

BMT-nin fəaliyyəti – insan haqlarından tibbi problemlərə qədər

BMT Nizamnaməsinə əsasən ona həvalə edilmiş səlahiyyətlər çox geniş əhatəli məsələlərə dair fəaliyyətini həyata keçirmək imkanı verir. Artıq 75 ildir ki, bu təşkilat sülhü dəstəkləməkdən əlavə, insan haqları, ətraf mühitin müdafiəsi, demokratiyanın və azad seçkilərin dəstəklənməsi, sosial və iqtisadi inkişaf, hətta ümumdünya miqyaslı tibbi problemlərin həlli kimi məsələlərlə məşğuldur. Belə ki, 2020-ci ildə BMT və onun ixtisaslaşdırılmış agentlikləri, məsələn, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) qlobal koronavirus pandemiyasının ilk günlərindən ona qarşı mübarizəyə qoşulublar.

Pandemiya, BMT-nin üzvü olan 193 dövlət və virtual Baş Assambleya

Birləşmiş Millətlər Təşkilatına 193 ölkə daxildir. 1945-ci ildə təşkilat yenicə yaradılan vaxt ona 51 dövlət, o cümlədən SSRİ, Ukrayna SSR, Belorusiya SSR, Fransa, ABŞ, Böyük Britaniya, Polşa, Braziliya, Argentina, Meksika, Səudiyyə Ərəbistanı, Suriya və Efiopiya daxil idi. 2011-ci ildə Cənubi Sudan müstəqillik əldə edəndən dərhal sonra BMT-nin sonuncu üzvü kimi bu təşkilata qoşulub.

Yeri gəlmişkən, BMT Baş Assambleyasının 75-ci sessiyasında ümumi siyasi debatlarda koronavirus pandemiyası ucbatından BMT üzvü olan ölkələrin bütün liderləri tarixdə ilk dəfə öz çıxışlarının videoyazılarını əvvəlcədən Nyu-Yorka göndərməklə virtual formatda çıxış etdilər.

Qadınlar dünya arenasında – bir neçə nəfərdən onlarca nəfərə qədər

1945-ci ildə BMT yaradılan vaxt planetimizdə baş nazir və ya prezident vəzifəsini tutan bircə qadın da yox idi. 1945-ci ildə San-Fransiskoda keçirilən konfransa gəlmiş 850 nümayəndə arasında cəmi 4 qadın vardı. Bu gün 52 qadın BMT-də öz ölkələrinin elçiləridir.

XXI əsrdə BMT-nin rolu və təşkilatda islahat

BMT-nin rəhbəri – Baş katib Təhlükəsizlik Şurasının tövsiyəsi ilə Baş Assambleya tərəfindən təyin edilir. Təşkilatın tarixində cəmi doqquz baş katib olub. Onlar növbə ilə dünyanın müxtəlif regionlarını təmsil ediblər. Bu vəzifədə Norveçin, İsveçin, Myanmanın, Avstriyanın, Perunun, Misirin, Qananın və Cənubi Koreyanın nümayəndələri olub. Bu dəfə BMT-nin rəhbərinin Şərqi Avropa nümayəndəsi olacağı gözlənilirdi, lakin sonda həmin vəzifəyə əslən Portuqaliyadan olan Antonio Quterreş təyin edildi.

A.Quterreş bu vəzifədə fəaliyyətə başlayandan dərhal sonra təşkilatın daha səmərəli olması üçün islahatlara start verib. Baş katib deyib:

“XXI əsrdə BMT-də islahatın məqsədi əsas diqqəti proseslərə deyil, insanlara, bürokratiyaya deyil, nəticə əldə edilməsinə yönəltməkdir. Bu islahat hiss olunacaq nəticələr verməli, bizim xidmət etdiyimiz insanların həyatını yaxşılığa doğru dəyişməli, bizim işimizi dəstəkləyənlərin etimadını doğrultmalıdır”.

Azərbaycan – BMT əlaqələri 

Azərbaycan ilə BMT arasında əməkdaşlıq Sovet İttifaqının dağılmasından və Azərbaycan öz müstəqilliyini bərpa etdikdən sonra yaranıb. Azərbaycan Respublikası 1992-ci il martın 2-də BMT-nin üzvlüyünə qəbul olunub.

1993-cü ildə BMT-nin Təhlükəsizlik Şurası Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair 822, 853, 874, 884 nömrəli qətnamələri qəbul etdi. Qəbul edilən bu dörd qətnaməyə baxmayaraq, BMT kimi böyük təşkilatın qərarına Ermənistan məhəl qoymurdu, atəşkəsi daim pozurdu. Azərbaycanın ərazi toxunulmazlığını yenidən təsdiq edən bu dörd qətnamədə dərhal atəşkəsin elan olunması, hərbi əməliyyatlara son qoyulması və işğalçı qüvvələrin Azərbaycanın ərazisindən çıxarılması tələbləri irəli sürülmüşdü. Qətnamələrin müddəaları isə Ermənistan tərəfindən yerinə yetirilmirdi.

Azərbaycanda o dövrdə humanitar vəziyyətin ciddi şəkildə pisləşməsi, qaçqın və məcburi köçkünlərin sayının 1 milyondan keçdiyindən dərin narahatlıq hissi keçirərək, BMT-nin Baş Assambleyası (BA) 1993-cü ildə keçirdiyi 85-ci plenar iclasında “Azərbaycanda olan qaçqın və məcburi köçkünlərə fövqəladə beynəlxalq yardımın göstərilməsi haqqında” Qətnamə (A/RES/48/114) qəbul etmişdi.

1992–1996-cı illər ərzində BMT-nin TŞ-nın Sədri və BMT Baş Katibi Azərbaycan Respublikasının ərazi bütövlüyünü, suverenliyini təsdiqləyən və münaqişənin sülh yolu ilə həll olunmasına yönəlmiş ATƏT-in Minsk Qrupunun səylərini dəstəkləyən münaqişə üzrə bir sıra bəyanatlarla çıxış etmişdilər.

1996-cı ildən başlayaraq BMT Baş Assambleyası “BMT və ATƏT arasında əməkdaşlıq haqqında” Qətnaməsində Azərbaycan Respublikasının ərazi bütövlüyünü (Azərbaycan Respublikasının Dağlıq Qarabağ və onun ətrafında olan münaqişə) təsdiqləyir.

Azərbaycan BMT Baş Assambleyasının işi çərçivəsində fəal iştirak edir. Belə ki, 1994 və 1995-ci illərdə BMT BA-nın 49-cu və 50-ci sessiyalarında Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev Azərbaycan Respublikasının nümayəndə heyətinə başçılıq etmişdi. O, həmçinin, 2000-ci ilin sentyabr ayında BMT-nin Minillik Zirvə Toplantısında iştirak etmişdi. Ümummilli lider çıxışında qlobalizasiya mövzusuna toxunmuş və qlobalizasiyanın müsbət inkişafı, həmçinin Cənubi Qafqazda təhlükəsizlik məsələlərinə Azərbaycanın verdiyi töhfələri xüsusilə qeyd etmişdi.

2003-cü ilin sentyabrında o vaxt Azərbaycan Respublikasının Baş Naziri olan İlham Əliyev BMT BA-nın 58-ci sessiyasında milli sosial-iqtisadi inkişaf və regional və beynəlxalq təhlükəsizliyə qarşı təhdidlərlə bağlı çıxış etmişdi.

2004-cü ilin sentyabrında öz işinə başlamış BMT Baş Assambleyasının 59-cu sessiyasının ümumi müzakirələrində iştirak etmiş Azərbaycan nümayəndə heyətinə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev başçılıq etmişdi. Öz çıxışında dövlət başçısı Azərbaycanın maraq dairəsində olan bir sıra mühüm məsələlərə, ilk növbədə, Ermənistan-Azərbaycan münaqişəsinə toxunmuşdu.

Məhz BMT Baş Assambleyasının prinsipial mövqeyi sayəsində 2004-cü il 23 noyabrda BA-nın 59-cu sessiyasının gündəliyinə “Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyət” adllı 163 nömrəli bənd daxil edilmişdi.

Azərbaycan Respublikasının təşəbbüsü ilə BA-nın gündəliyinə salınmış bu bənd Azərbaycanın işğal olunmuş ərazilərində Ermənistanın həyata keçirdiyi məskunlaşdırma fəaliyyətinin qarşısının alınması istiqamətində səmərəli və ədalətli addımların atılması üçün münbit şərait yaratmışdı.

Azərbaycan BMT-nin bir çox xüsusi qurum və orqanları ilə fəal və səmərəli əməkdaşlıq edir. Onların sırasında BMT-nin İnkişaf Proqramı (BMTİP), BMT-nin Qaçqınlar üzrə Ali Komissarı, BMT-nin Uşaq Fondu, BMT-nin Təhsil, Elm və Mədəniyyət Təşkilatı, Sənaye İnkişaf Təşkilatı, Ümumdünya Səhiyyə Təşkilatı, BMT-nin Qadınlar Fondu, Atom Enerjisi üzrə Beynəlxalq Agentlik, Nüvə Sınaqlarının Hərtərəfli Qadağan olunması haqqında Müqavilə Təşkilatı və s. qeyd etmək olar.

Azərbaycan və BMT-nin Uşaq Fondu (UNİCEF) arasında olan əməkdaşlıq məcburi köçkün və qaçqın uşaq və yeniyetmələr arasında vəziyyətin yaxşılaşdırılması məqsədilə bərqərar olmuşdu. Azərbaycan UNİCEF-in İcra Heyətinin 1995–1997, 1998–2000-ci illər ərzində üzvü olmuşdu.

Azərbaycan BMT-nin xüsusi qurum və orqanları ilə fəal əməkdaşlıq edir. Azərbaycan Qadınların statusu haqqında Komissiyanın üzvü olmuşdu (2000–2002). Azərbaycan həmçinin Komissiyanın “Hərbi münaqişələr nəticəsində girov götürülmüş qadın və uşaqların azad edilməsi haqqında” illik qəbul etdiyi qətnaməsinin əsas sponsorudur.

Azərbaycan BMT-nin xüsusi qurumları qismində BMT-nin İnkişaf Proqramı (BMTİP) və BMT-nin Sənaye İnkişaf Təşkilatı (SİN) ilə xüsusi əlaqələrə malikdir. Müxtəlif layihə və proqramlar yaşayış standartlarının yüksəldilməsinə, iqtisadiyyatın struktur tənzimlənməsinin həyata keçirilməsinə xidmət edir.

Xüsusilə də, BMT-nin İnkişaf Proqramı Azərbaycanın Bərpa və Yenidənqurma Agentliyinin (ARRA) və ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) imkanlarının inkişaf etdirilməsi və onların maliyyələşdirilməsi yolu ilə münaqişədən sonrakı bərpa prosesinə böyük yardım göstərmişdi. BMT-nin İnkişaf Proqramı ARRA-nı dəstəkləməklə Dünya Bankı, BMTİP, BMT-nin Qaçqınların işi üzrə Ali Komissarı (UNHCR), Avropa İttifaqının (Aİ) Müstəqil Dövlətlər Birliyinə Texniki Yardımı (TACİS) proqramı və s. həyata keçirir.

Azərbaycan öz siyasi və iqtisadi sistemini yeniləşdirməklə, ölkənin müasir norma və standartlar çərçivəsində inkişaf etməsini əsas üstünlük hesab edir. Bu prosesin mühüm tərkib hissəsi kimi demokratik infrastrukturun gücləndirilməsi, geniş şəffaflıq, qərar qəbulu və siyasi müzakirələr prosesində ictimaiyyətin inkişafı məsələlərini qeyd etmək olar. Yeni iş yerlərinin açılması və iqtisadiyyatın inkişafı üçün BMTİP siyasi və digər müvafiq tədbirlərin xüsusi sektorda effektiv inkişafı və böyüməsini təmin etmək üçün Azərbaycan hökumətinə yardım edir. Struktur islahatlarının gücləndirilməsi məqsədləri üçün BMTİP Azərbaycanda xüsusi sektorda proqramın icrası ilə əlaqədar Dünya Bankı ilə əməkdaşlıq edir.

Təhsil, elm və mədəniyyət məsələlərinin vacibliyini nəzərə alaraq, Azərbaycan BMT-nin Təhsil, Elm və Mədəniyyət Təşkilatı (YUNESKO) ilə geniş əməkdaşlıq edir və bu məqsədlə 1994-cü ildə Azərbaycan Prezidentinin Sərəncamına əsasən Azərbaycanın YUNESKO nəzdində Milli Komissiyası təsis edilmişdi.

Azərbaycanın müxtəlif nazirlik və qurumları BMT sistemində olan müvafiq qurumlarla sıx əməkdaşlıq edirlər (məs: Azərbaycan Səhiyyə Nazirliyi və Ümumdünya Səhiyyə Təşkilatı).

Azərbaycan Respublikası beynəlxalq ictimaiyyəti narahat edən müxtəlif məsələlər ilə əlaqədar BMT Baş Assambleyasının qəbul etdiyi qətnamələrin sponsorudur. Milli nümayəndə heyəti öz təşəbbüsü ilə bəzi qətnamələri irəli sürmüşdü. Beləliklə, BMT-nin İnsan Hüquqları Komissiyasının (CHR) 58–60-cı sessiyalarında Azərbaycan nümayəndə heyəti tərəfindən irəli sürülmüş “İtkin düşmüş şəxslər” adlı qətnamə layihəsi təklif edilmişdi. CHR tərəfindən qəbul edilmiş bu Qətnamənin müddəaları beynəlxalq humanitar hüquq normaları əsasında qəbul edilməklə, beynəlxalq ictimaiyyətin diqqətini bu mühüm məsələyə yönəltmək məqsədini güdmüşdü.

Azərbaycan BMT-nin müvafiq orqan və qurumlarına öz namizədlərini irəli sürməklə, bu orqanlara seçkilərdə aktiv iştirak edir. Azərbaycan UNİCEF-in İcra Heyətinin 1995–1997, 1998–2000-ci illər ərzində, Qadınların vəziyyəti haqqında Komissiyanın 2000–2002-ci illər ərzində və BMT-nin Davamlı İnkişaf üzrə Komissiyasının 2002–2004-cü illər ərzində üzvü olub. Azərbaycan 2003–2005-ci illər üçün BMT-nin İqtisadi və Sosial Şurasının (ECOSOC) üzvü seçilib.

Azərbaycanın BMT çərçivəsində görülən işlərə verdiyi töhfələr sırasında, onun qlobal səviyyədə terrorizmə qarşı aparılan mübarizədə fəal şəkildə iştirakı xüsusilə qeyd edilməlidir. Bu baxımdan respublikamız BMT TŞ-nın Terrorizmə qarşı Komitəsi ilə yaxından əməkdaşlıq edərək, həmin Komitəyə Azərbaycanda terrorizmə qarşı mübarizə sahəsində görülən tədbirlər haqqında müvafiq hesabatlar təqdim edib (S/2001/1325, S/2002/1022, S/2003/1085).

Azərbaycan beynəlxalq sülhün və təhlükəsizliyin möhkəmləndirilməsi və qorunmasında, davamlı inkişaf və demokratikləşdirmə prosesində BMT-nin vacib rol oynadığını qəbul edir. Azərbaycan BMT-nin XXI əsrdə olacaq təhdid və problemlərə qarşı mübarizə apara bilməsi üçün BMT çərçivəsində islahatların aparılması ideyasını dəstəkləyir.

media-ads_728_90
Paylaş