5 ölkənin diplomatları QARABAĞDA
Beynəlxalq Münasibətlərin Təhlili və Multikulturalizm Mərkəzinin (BMTM) İsveçrənin St. Gallen Universiteti ilə birgə təşkilatçılığı ilə Bakıda “Cənubi Qafqazda Təhlükəsizlik və Əməkdaşlıq” mövzusunda keçirilən akademik konfransın iştirakçıları 9-11 sentyabr tarixlərində işğaldan azad edilmiş ərazilərə səfər ediblər.
’’TV1’’ xəbər verir ki, bu barədə Beynəlxalq Münasibətlərin Təhlili və Multikulturalizm Mərkəzi (BMTM) məlumat yayıb.
Bildirilib ki, İsveçrə, Almaniya, Misir, ABŞ və Fransadan olan tədqiqatçı və ekspertlərin iştirak etdiyi səfərin əsas məqsədi qonaqları Qarabağ və Şərqi Zəngəzurda işğal dövründə törədilmiş dağıntılar, ərazilərin minalardan təmizlənməsi, eləcə də hazırda həyata keçirilən genişmiqyaslı bərpa və yenidənqurma işləri ilə yerində tanış etmək olub.
Səfər çərçivəsində iştirakçılar Şuşa, Laçın, Zəngilan, Füzuli və Ağdam rayonlarında olublar. Qonaqlara işğal nəticəsində şəhər və kəndlərdə dağıdılmış infrastruktur, yaşayış məntəqələrinin vəziyyəti, tarixi və mədəni irsə vurulmuş ziyan, habelə azad edilmiş ərazilərdə həyata keçirilən bərpa və quruculuq layihələri barədə ətraflı məlumat verilib.
Tədqiqatçılar Zəngilan rayonunun Ağalı kəndində həyata keçirilən “ağıllı kənd” layihəsi, Zabux kəndində qısa müddətdə aparılan yenidənqurma işləri ilə tanış olublar. Füzuli və digər rayonlarda qısa müddət ərzində inşa edilmiş müasir yaşayış kompleksləri, kənd və qəsəbələr, sosial obyektlər, yol və nəqliyyat infrastrukturu da səfər iştirakçılarının xüsusi marağına səbəb olub. Ağdamda isə yeni sənaye kompleksi, dəmiryol vağzalı və digər infrastruktur layihələri barədə məlumat verilib. Bu layihələrin işğaldan azad edilmiş ərazilərin iqtisadi və sosial inkişafına, eləcə də keçmiş məcburi köçkünlərin öz doğma yurdlarına qayıdışına xidmət etdiyi vurğulanıb.
Səfər proqramının əsas istiqamətlərindən biri Azərbaycanın Minatəmizləmə Agentliyinin (ANAMA) Ağdam rayonunda həyata keçirdiyi minatəmizləmə fəaliyyəti ilə tanışlıq olub. ANAMA nümayəndələri tərəfindən keçirilən brifinq zamanı qonaqlara işğal dövründə Azərbaycan ərazilərində basdırılmış yüz minlərlə mina və digər partlayıcı qurğunun yaratdığı təhlükə, onların zərərsizləşdirilməsi prosesinin mürəkkəbliyi və bu istiqamətdə görülən işlər barədə məlumat verilib.
Bildirilib ki, mina təhlükəsi işğaldan azad edilmiş ərazilərdə bərpa və yenidənqurma prosesinin qarşısında duran ən ciddi problemlərdən biri olaraq qalır. Böyük ərazilərin minalardan və partlamamış hərbi sursatlardan təmizlənməsi həm uzun müddət, həm də əhəmiyyətli maliyyə və texniki resurslar tələb edir. Eyni zamanda, minaların mövcudluğu insanların təhlükəsiz şəkildə geri qayıtmasına və ərazilərin tammiqyaslı iqtisadi fəaliyyətə açılmasına ciddi maneə yaradır.
Səfər zamanı iştirakçılar Azərbaycanın işğaldan azad edilmiş ərazilərdə həyata keçirdiyi “Böyük Qayıdış” proqramının əsas istiqamətləri, keçmiş məcburi köçkünlərin mərhələli şəkildə öz doğma yurdlarına qayıdışının təşkili, yeni yaşayış məntəqələrinin salınması, sosial və iqtisadi infrastrukturun yaradılması barədə də məlumatlandırılıblar.
Akademik konfrans iştirakçılarının səfəri Cənubi Qafqazda təhlükəsizlik və əməkdaşlıq məsələlərinin yalnız nəzəri müzakirəsi ilə məhdudlaşmayaraq, regionda müharibədən sonrakı reallıqların, bərpa prosesinin və qarşıda duran humanitar və təhlükəsizlik çağırışlarının yerində öyrənilməsi baxımından əhəmiyyət daşıyıb.








