Abdullah Öcalan PKK-ya “silahı buraxın” çağırışı edib
Bu gün PKK terror təşkilatının həbsdəki lideri Abdullah Öcalan tərəfdarlarına çağırış edib.
“TV1” xəbər verir ki, A.Öcalanın adından yayılan yazılı müraciətdə “silahı buraxın” çağırışı yer alıb.
“Bütün qruplar tərksilah olunmalı və PKK ləğv olunmalıdır. Mən silahı yerə qoymağa çağırıram və bu çağırışa görə tarixi məsuliyyəti öz üzərimə götürürəm”, – deyə Öcalanın müraciətində deyilir.
Qeyd edək ki, DEM Partiyasının rəhbərliyi bu gün İmralı adasında Öcalanla danışıqlar aparıb.
Danışıqların nəticəsində PKK liderinin müraciətinin yayımlanması qərara alınıb.
Danışıqlardan sonra İstanbulda təşkil olunan mətbuat konfransında Öcalanın müraciətini DEM Partiyasının rəhbərliyində təmsil olunan Ahmet Türk kürdcə, Pervin Buldan isə türk dilində oxuyub.
Xatırladaq ki, PKK lideri Abdullah Öcalan 26 ildir İmralı həbsxanasında saxlanılır. O, 1999-cu il fevralında Milli Kəşfiyyat Təşkilatının əməliyyatı nəticəsində Keniyada saxlanılıb və Türkiyəyə gətirilib. O, ölüm cəzasına məhkum edilsə də, hökm sonradan ömürlük həbs cəzası ilə əvəzlənib.