"Təhsili idarə edənlərin yazı savadı hansı səviyyədədir? - Bunlar dərslik yazırlar"...
Sosial şəbəkələrdə dərsliklərin nəşri və təqdimatı ilə bağlı aparılan bir müzakirə diqqətimizi çəkdi.
“TV1” xəbər verir ki, müzakirədə nəşrlərlə bağlı müxtəlif fikirlər səsləndirilir.
Günümüzün aktual məsələlərini əks etdirdiyi və facebook sosial şəbəkəsində açıq mənbədə yayımlandığı üçün müzakirədə tərəflərin mövqelərini əks etdirən fikirləri olduğu kimi oxucuların diqqətinə çatdırırıq.
Polemika təhsil sahəsinin eksperti Könül Aydın və “Bakı” nəşriyyatının direktoru Zaur İsayev arasında olub.
xxxx
“Açıram səhifəni, reportajı oxuyum, ilk cümləsindən o yana oxumuram.
Baxın, görün ki, təhsilinizi idarə edənlərin yazı savadı hansı səviyyədədir. Bunlar dərslik yazırlar.
“…düşünülmüş bir konseptualdır” – bunu Tədris resursları şöbəsinin müdiri deyib. Bu müdir həm də dərslik müəllifidir. Sonra da deyir ki, şagird zəhmət çəksin, bizim bu dilimizi anlasın.
Həmin ifadəni “Azərbaycan müəllimi” yayımlayıb, nazir də oxuyub, yəqin ki. Nazir oxumasa da, media rəhbəri oxumalıdır.
Nə düşünürsünüz? Gələcəyimiz nə qədər elmli və təhsilli görünür?”
Bu fikirlərin müəllifi Könül Aydındır.
xxxx
“Hörmətli Könül xanım, təhsil sahəsində baş verən proseslərə həssas yanaşmağınızı başa düşürəm. Biz əvvəllər eyni müəssisədə çalışdığımız üçün bu həssaslığınızı da təbii qəbul edirəm.
Biz sizinlə bir neçə dəfə görüşmüşük və sizə əməkdaşlıq da təklif olunmuşdu. Təəssüf ki, həmişəki kimi, “hər vaxt hər şeydən narazı” yanaşmanız bu dəfə də özünü göstərdi və müxtəlif səbəblərdən əməkdaşlığımız baş tutmadı. Siz bu səbəbləri başqa cür izah edə bilərsiniz, amma razılaşın ki, görülən işdə nöqsan axtarmaq həmin işi görməkdən xeyli asandır.
Dərslik hazırlamaq mürəkkəb, uzunmüddətli və böyük zəhmət tələb edən prosesdir. Bu işdə fərqli elmi yanaşmalar, peşəkar müzakirələr və fikir ayrılıqları qaçılmazdır. İşimizin qüsursuz olduğunu iddia etmirik. Tənqidi də təbii qarşılayırıq. Lakin tənqid obyektiv, əsaslandırılmış və konstruktiv olmalıdır ki, fayda versin. Biz əsaslandırılmış iradları böyük diqqətlə nəzərdən keçiririk.
Fəaliyyətimiz açıq və şəffafdır. Maraqlanan mütəxəssislər mənə birbaşa müraciət edərək (e-mail: [email protected]) dərsliklərin hazırlanması prosesində şəxsən iştirak edə, işin gedişini yaxından izləyə və müzakirələrə qoşula bilərlər.
Sosial şəbəkələr fikir bildirmək üçün geniş imkanlar yaradır. Fikrimcə, məqalələrdə yol verilmiş ayrı-ayrı orfoqrafik səhvləri qabardaraq insanların əməyini gözdən salmaq, söz və ifadələr ətrafında süni mübahisələr yaratmaq əvəzinə, problemlərin həllinə töhfə vermək daha faydalı olardı.
Bizim üçün əsas meyar görülən iş və onun nəticəsidir. Xahiş edirəm, bu işə illərini, bilik və bacarığını sərf edən insanların zəhmətinə hörmətlə yanaşın. Dərslik müəllifləri öz xalqını, millətini və ölkəmizin gələcəyini sizdən az düşünmürlər. Sadəcə, onlar bu məsuliyyəti konkret işlə ifadə edirlər. Müəlliflərin əməyini, milli təəssübkeşliyini və gələcək nəsillər qarşısında məsuliyyət hissini şübhə altına almağa əsasınız yoxdur. Əmin olun ki, biz öz millətimizin və gələcək nəsillərin xoşbəxtliyini sizdən heç də az istəmirik, bəlkə də daha çox istəyirik.
Fikir ayrılıqları ola bilər. Amma bu, insanların illərlə çəkdiyi zəhməti, peşəkarlığını və səmimi niyyətini kölgədə qoymamalıdır. Öz növbəmdə, fərqli fikirlərə, əsaslandırılmış tənqidə və səmimi əməkdaşlığa hər zaman açığam. Elektron poçtuma göndərəcəyiniz istənilən konstruktiv təklifi diqqətlə nəzərdən keçirməyə və faydalı təşəbbüsləri dəyərləndirməyə hazıram”.
Bu fikirlərin müəllifi isə “Bakı” nəşriyyatının direktoru Zaur İsayevdir.









