Ceyhun Bayramov: Litvanın Aİ Şurasına sədrliyi viza prosedurlarının sadələşdirilməsi üçün fürsət yaradır
Avropa İttifaqının (Aİ) qaydalarına əsasən, viza siyasəti və viza liberallaşdırılması ilə bağlı qərarlar İttifaq səviyyəsində qəbul edilir. Bununla belə, üzv dövlətlərin mövqeyi də mühüm əhəmiyyət daşıyır.
“TV1” xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov litvalı həmkarı Kestutis Budris ilə birgə keçirdiyi mətbuat konfransında bildirib.
Nazir Litvanın bu məsələdəki mövqeyini yüksək qiymətləndirdiklərini vurğulayaraq, ölkənin 2027-ci ilin birinci yarısında Aİ Şurasına sədrlik edəcəyini xatırladıb. Onun sözlərinə görə, bu, məsələnin Aİ-nin gündəliyində irəlilədilməsi üçün əlverişli fürsət yaradır.
Ceyhun Bayramov qeyd edib ki, viza prosedurlarının sadələşdirilməsi hər iki tərəfin maraqlarına uyğundur. Bu, turizm, təhsil və biznes əlaqələrinin genişlənməsinə, eləcə də insanlar arasında təmasların asanlaşmasına töhfə verəcək.








