Bakıda "Səhiyyə Menecmenti Forumu 2026" keçirilib - VİDEO
Səhiyyə Menecmenti Forumu 2026 Bakıda sektor liderlərini bir araya gətirir: “İdarəetmənin Anatomiyası” müzakirə olunub.
“TV1” xəbər verir ki, Azərbaycanda səhiyyə və xəstəxana idarəetməsi sahəsində ilk ixtisaslaşmış forum olan “Səhiyyə Menecmenti Forumu 2026” Bakıda keçirilir. Facemark və From Science to Health şirkətlərinin birgə təşkilatçılığı, TƏBİB-in strateji tərəfdaşlığı ilə təşkil olunan tədbir 26-27 noyabr tarixlərində səhiyyə sektorunun əsas qərarverici şəxslərini və ekspertlərini bir araya gətirib.
“The Ritz-Carlton Baku” otelində keçirilən forumda “İdarəetmənin Anatomiyası” konsepti altında təşkil olunan tədbirdə səhiyyənin inkişafında tibbi innovasiyalarla yanaşı, effektiv idarəetmə, strateji liderlik, dayanıqlı maliyyələşmə, rəqəmsallaşma, süni intellekt və insan kapitalının rolu müzakirə olunub.
Tədbir çərçivəsində 500-dən çox peşəkar iştirakçı və 30-dan artıq yerli və beynəlxalq spikerlər adlı altı tematik panel üzrə müzakirələr aparılıb: Səhiyyədə idarəetmə və rəhbərlik; Səhiyyənin maliyyələşdirilməsi və iqtisadiyyatı: dayanıqlı xəstəxana idarəetməsi; Səhiyyə sistemində rəqəmsallaşma və süni intellekt; Tibbi xidmətlərin təşkilində strateji xəstəxana idarəçiliyi; Səhiyyədə xanım rəhbərlər: liderlik və zərif baxış; Həkim və cəmiyyət: Tibb işçilərinin tükənmişliyi və peşəkar rifahı.
Panellərin sonunda iştirakçılar spikerlərə birbaşa suallar ünvanlamaq imkanı əldə ediblər. Proqram çərçivəsində fərdi çıxışlar, sual-cavab sessiyaları keçirilib.
Forumun ikinci günü – noyabrın 27-də isə praktiki bilik və bacarıqların inkişafına yönəlmiş masterklaslar “ibis Baku City” hotelində keçirilib. Masterklaslarda tibbdə süni intellekt alətləri, strateji marketinq, çevik liderlik, tibbi turizm və müasir səhiyyə modelləri üzrə praktiki təcrübələr bölüşülüb.
“TV1” -in media tərəfdaşlığı ilə keçirilən forumda Azərbaycan, Türkiyə və Qırğızıstanın səhiyyə, iqtisadiyyat və təhsil qurumlarını, aparıcı universitetlərini, eləcə də özəl tibb müəssisələrini təmsil edən nüfuzlu rəhbərlər çıxış ediblər.
Spikerlər sırasında Türkiyənin səhiyyə nazirinin müavini Doç. Dr. Şuayıp Birinci, Türkiyənin səhiyyə nazirinin müşaviri Prof. Dr. Haydar Sur, Türkiyə Səhiyyə Politikaları İnstitutunun sədri Prof. Dr. Sedat Bostan, TƏBİB-in icraçı direktorunun vəzifələrini müvəqqəti icra edən müavini Bahadur Rzayev və icraçı direktorun müavini Rahim Hüseynov, Milli Məclisin Səhiyyə komitəsi sədrinin müavini Dr. Rəşad Mahmudov, iqtisadiyyat nazirinin müşaviri Hüseyn Hüseynov, eləcə də dövlət və özəl tibb müəssisələrinin rəhbərləri və akademik ekspertlər yer alırlar.
Tədbir xəstəxana və klinika rəhbərləri, baş həkimlər, tibb menecerləri, səhiyyə idarəçiləri və sahə üzrə qərarvericilər üçün mühüm peşəkar platforma rolunu oynayır.








