ABŞ-ın vitse-prezidenti Ukraynayönlü fəalların etirazlarına görə tətilini yarımçıq qoydu
ABŞ-ın vitse-prezidenti Ceyms Devid Vens Ukraynayönlü fəalların etirazı səbəbindən Vermontdakı xizək kurortunda keçirdiyi tətili yarımçıq qoymaq məcburiyyətində qalıb.
“TV1” xəbər verir ki, “New York Post” qəzetinin məlumatına görə, etirazçılar Vens ailəsinin dincəldiyi kurortun yaxınlığında aksiya keçiriblər.
Vitse-prezidenti “xəyanətdə” günahlandıran nümayişçilər əllərində “milli rüsvayçılıq” yazılmış lövhələr tutub və onu xizək sürmək üçün Rusiyaya getməyə çağırıblar. Vens ailəsi etirazlar səbəbindən dördgünlük tətilini yarımçıq dayandıraraq naməlum yerə gedib.
Qeyd edək ki, fevralın 28-də Volodimir Zelenski Donald Trampla görüşmək üçün Ağ Evə gəlib. Jurnalistlərin iştirakı ilə keçirilən söhbət zamanı onların arasında mübahisə yaranıb. Söhbətə qarışan Vens Ukrayna dövlət başçısına Kiyevə dəstəyinə görə Vaşinqtona təşəkkür etməyi unutduğunu deyib.