ABŞ-nin Tennessi ştatında 2 əsr sonra ilk dəfə qadın edam olunacaq
ABŞ-nin Tennessi ştatının məhkəmə orqanları təxminən 30 il əvvəl kollecdə birlikdə oxuduğu tələbə yoldaşını öldürən qadın barəsində ölüm hökmünün icra olunmasına qərar verib.
“TV1” xəbər verir ki, “ABC News” telekanalının məlumatına görə, bu, ştatda 200 ildən sonra qadın məhbusun edam edildiyi ilk hal olacaq.
Qeyd olunur ki, məhkum Krista Payk 1995-ci ildə cinayəti törədərkən 18 yaşında olub. O və onun sevgilisi eyni təhsil müəssisəsində oxuyan 19 yaşlı tələbə yoldaşı Kollin Slemeri öldürməkdə təqsirli biliniblər. İttiham tərəfinin versiyasına görə, Payk Slemerin onun sevgilisinə göz qoyduğundan ehtiyat edib, onu kimsəsiz bir yerə aparıb və burada sevgilisi ilə birlikdə ona işgəncə verərək öldürüb. Qətlin amansızlığı, iştirakçıların yaşı və qurbanın bədəninə satanist simvolun həkk olunması səbəbindən bu iş geniş rezonans doğurub.
Payk təqsirini inkar etmir. Lakin onun vəkilləri və tərəfdarları hesab edirlər ki, “psixi xəstəlikdən əziyyət çəkən və uşaqlıqda ağır cinsi zorakılığa məruz qalan yeniyetmənin belə erkən yaşda törətdiyi cinayətə görə ölüm hökmü uyğun cəza deyil”. Tennessi qubernatoru Bill Li sentyabrın 28-də əfv xahişini təmin etməyəcəyini açıqlayıb. Hökmün sentyabrın 30-da icra olunması planlaşdırılır.








