ADY Çindən daha 14 yük lokomotivinin alınmasını nəzərdən keçirir
“Azərbaycan Dəmir Yolları” (ADY) QSC Çindən daha 14 yük lokomotivinin alınması ilə bağlı danışıqlar aparır.
“TV1” xəbər verir ki, bu barədə “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Bəxtiyar Hacıyev jurnalsitlərə açıqlamasında deyib.
O bildirib ki, proses hələ danışıq mərhələsində olduğu üçün lokomotivlərin alınmasının nə zaman yekunlaşacağı bəlli deyil.
B.Hacıyevin sözlərinə görə, bu gün təqdim olunan lokomotivlər ADY tarixində Çindən alınan ilk hərəkət tərkibləridir.
“Lokomotivlər müasir idarəetmə və təhlükəsizlik sistemləri ilə təchiz olunub. Tətbiq edilən müasir texnologiyalar daha ağır tonnajlı yüklərin daşınmasına və ümumilikdə yükdaşımaların daha səmərəli təşkilinə imkan verir. Lokomotivlər Azərbaycandan keçən beynəlxalq nəqliyyat dəhlizləri üzrə yükdaşımalarında istifadə olunacaq”, – deyə o bildirib.
B.Hacıyev qeyd edib ki, yeni lokomotivlər Beynəlxalq Dəmir Yolları İttifaqının (UIC) IIIA səviyyəli ekoloji standartlarına cavab verir.
Onun sözlərinə görə, hazırda qlobal miqyasda, xüsusilə Orta Dəhliz üzrə yükdaşımalarına tələbat artır. Bunun nəticəsi olaraq Çindən Azərbaycan istiqamətində göndərilən blok qatarların sayında da artım müşahidə olunur.
“Bu, Azərbaycan Dəmir Yollarını müasir çağırışlara uyğun olaraq lokomotiv parkını genişləndirməyə və yeniləməyə sövq edir. Yeni lokomotivlərin alınmasını yalnız ADY-nin lokomotiv parkının yenilənməsi kimi deyil, həm də Azərbaycandan keçən beynəlxalq nəqliyyat dəhlizləri üzrə tranzit yükdaşımalarına artan tələbata cavab kimi qiymətləndirmək lazımdır”, – deyə B.Hacıyev vurğulayıb.
O əlavə edib ki, yeni texnologiya iki lokomotivin ardıcıl qoşularaq vahid lokomotiv briqadası tərəfindən idarə edilməsinə imkan verir. Bunun sayəsində daha ağır tonnajlı və uzun tərkibli yük qatarlarının daha uzun məsafələrə daşınması mümkün olur.
Qeyd edək ki, Çinin “CRRC Ziyang Co., Ltd” şirkətinin istehsalı olan AC50 tipli 7 yeni yük lokomotivi artıq Bakıya gətirilib.








