Ağdam: məqsədli urbisidin simvolu - ŞƏRH

media-ads_728_90

Prezidentin Ağdama səfəri və nitqi: postmünaqişə reallıqlarının siyasi manifesti

Prezident İlham Əliyevin Ağdamda 2-ci yaşayış kompleksinin açılışı zamanı səsləndirdiyi nitq Azərbaycanın postmünaqişə dövrünə dair ən dolğun siyasi-ideoloji mətnlərindən biri kimi qiymətləndirilə bilər. Bu çıxış yalnız görülən işlərə hesabat xarakteri daşımır, eyni zamanda, son 30 ilin tarixi ədalətsizliklərinə verilən sistemli cavab, beynəlxalq münasibətlər müstəvisində açıq ittiham aktı və gələcək mərhələnin strateji konturlarını cızan konseptual bəyanatdır.

Ağdam: məqsədli urbisidin simvolu

Prezidentin nitqində Ağdamın xüsusi vurğulanması təsadüfi deyil. Ağdam işğal dövründə adi müharibə dağıntısına deyil, məqsədli və planlı urbisid siyasətinə məruz qalmışdır. Şəhərin tamamilə yerlə-yeksan edilməsi, yaşayış və mədəni mühitin silinməsi Ermənistanın əsas niyyətini açıq göstərirdi: bu torpaqları gələcəkdə azərbaycanlılar üçün yaşayışsız məkana çevirmək.

Prezident İlham Əliyev bildirib, “Ağdam rayonunda artıq həyat bərpa edilir. Üç kənddə insanlar yaşayır. Mən bu kəndlərin yenidən istifadəyə verilməsi mərasimlərində iştirak etmişəm – Kəngərli, Sarıcalı, Xıdırlı. Orada indi bir neçə min insan yaşayır və bu köç prosesi davam edir. Bu gün Ağdam şəhərində artıq insanlar yerləşir və bu yaşayış məhəlləsindəki 1268 mənzildə ağdamlılar yerləşəcək. Daha iki məhəllədə inşaat işləri gedir. Təkcə bu məhəllədə 60 çoxmərtəbəli bina var. Bütün şərait yaradılıb, infrastruktur qurulub və burada rahat yaşamaq üçün bütün imkanlar var. Təbii ki, Ağdam şəhərinin tam istədiyimiz kimi qurulması zaman tələb edir”.

Bu yanaşma beynəlxalq humanitar hüquq kontekstində son dərəcə ağır cinayət hesab olunur. Mədəni irsin məhv edilməsi, məscidlərin təhqir olunması, təbii sərvətlərin talanı təkcə Azərbaycan dövlətinə deyil, bütövlükdə bəşəri dəyərlərə qarşı törədilmiş cinayətlərdir.

Ermənistanın arxasında dayanan beynəlxalq mexanizmlər

Prezident İlham Əliyevin çıxışında ən kəskin məqam Ermənistanın deyil, onu dəstəkləyən beynəlxalq siyasi-hərbi mexanizmlərin ifşasıdır. ATƏT-in Minsk qrupunun 17 illik fəaliyyəti faktiki olaraq münaqişənin həllinə deyil, onun dondurulmasına və işğalın legitimləşdirilməsinə xidmət edib.

“ ATƏT-in Minsk qrupunun həmsədrləri ilə təmasda olmuşam, onlarla çoxsaylı görüşlər keçirmişəm. Hər dəfə görüşəndə illər keçdikcə görürdüm ki, bunların məqsədi məsələni həll etmək, işğala son qoymaq, BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icrasına nail olmaq yox, işğalı əbədi etmək idi. Sanki danışıqlar masasında bir tərəfdə Ermənistan və Minsk qrupunun həmsədrləri, digər tərəfdə isə Azərbaycan idi. Bax, bu 17 il ərzində keçirdiyim saysız-hesabsız görüşlərin nəticəsi budur. Hesab edirdilər ki, buna nail olacaqlar. Hesab edirdilər ki, bizi inandırmağa nail olacaqlar ki, biz öz əzəli torpaqlarımızdan əl çəkək. Ancaq yenə də Ermənistan dövləti kimi səhv etdilər. Mən işğal dövründə dəfələrlə demişdim ki, xalqımız və dövlətimiz heç vaxt işğalla barışmayacaq, nəyin bahasına olursa-olsun, öz doğma torpaqlarını qaytaracaq. Bunu Prezident kimi fəaliyyətə başladığım ilk dəqiqələrdə – birinci andiçmə mərasimindəki çıxışımda və ondan sonrakı dövrdə bildirmişəm. Bu illər ərzində biz bir məqsəd ətrafında birləşmişdik ki, bir nöqtəyə vuraraq xalqımız bu müqəddəs missiyanı yerinə yetirsin”. – Prezident İlham Əliyev vurğulayıb.

Dövlət başçısının “danışıqlar masasında bir tərəfdə Ermənistan və Minsk qrupu, digər tərəfdə Azərbaycan idi” fikri beynəlxalq vasitəçilik institutlarının qərəzli mövqeyinin siyasi diaqnozudur. Minsk qrupunun ləğvi artıq sadəcə diplomatik hadisə yox, tarixi ədalətin bərpası kimi dəyərləndirilməlidir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 24-də Ağdam şəhərində 2-ci yaşayış kompleksinin açılışında bildirib, “İkinci Qarabağ müharibəsi və onun nəticələri haqq-ədaləti bərpa etdi, bizim hüquqlarımızı bərpa etdi, beynəlxalq hüququ bərpa etdi, bizim milli ləyaqətimizi bərpa etdi. Xalqımız qan tökərək öz ərazi bütövlüyünü bərpa edib. Ermənistan dövləti bir qarış, bir santimetr torpaq qaytarmaq fikrində deyildi. Ermənistanın bütün rəhbərləri, müstəqillik illərində Ermənistana rəhbərlik edən bütün şəxslər bir qarış torpaq qaytarmaq fikrində deyildilər. Biz onları məcbur etdik və xalqımız bütün dünyaya öz gücünü, qüdrətini, güclü iradəsini göstərmişdir. Xalq yumruq kimi birləşdi. Silahlı Qüvvələrimiz qəhrəmanlıq, fədakarlıq göstərmişdir. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Cəmi 44 gün ərzində Ermənistanı böyrü üstə qoyduq. Bu günlər bu gün Xankəndidə açdığım Zəfər tağının pilləkənlərində də əks olunub. Əminəm ki, oraya da siz və bütün Azərbaycan vətəndaşları gedəcəklər, ziyarət edəcəklər. Bu gün ölkəmizdə ikinci Zəfər tağı açılmışdır – Bakıdan sonra Xankəndidə. Orada pilləkənlərin üzərində şanlı Zəfər yürüşümüzün hər günü təsbit edilib. Biz hər gün irəli gedirdik, hər gün şəhər və kəndləri azad edirdik və heç bir qüvvə bizim qabağımızda dura bilməzdi. Halbuki bizi 44 gün ərzində dəfələrlə dayandırmaq istəyənlər min cür təzyiq, təhdid və təxribat törətməyə çalışırdılar və hətta törədirdilər. Bizi qorxutmaq, bizi dayandırmaq, bizim şanlı Zəfər yürüşümüzü yarımçıq qoymaq və münaqişəni əbədi etmək – bax, bizə qarşı olan qüvvələrin məqsədi bu idi. Təbii ki, 5 il keçəndən və biz 2023-cü ildə öz suverenliyimizi antiterror əməliyyatı nəticəsində tam bərpa edəndən sonra artıq bizə qarşı olan qüvvələr yeni reallıqla barışmağa məcbur idilər, biz onları məcbur etdik. O cümlədən bizim Qələbəmizi qəbul etməyənlər, bunu həzm edə bilməyənlər, ermənipərəst qüvvələr məcbur olaraq bugünkü reallıqlarla barışmalı oldular. Ermənistan dövləti bu vəziyyətlə barışmalı oldu. Vaxtilə buradan uzaqda olmayan Xankəndi şəhərinin stadionunda “Qarabağ Ermənistandır və nöqtə” deyənlər “Qarabağ Azərbaycandır!” deməyə məcbur oldular. Yəni öz xoşu ilə yox, məcbur edən də biz olduq – xalqımız, dövlətimiz”.

 Silahlanma və ikili standartlar

Nitqin ən ittihamedici hissələrindən biri Ermənistanın silahlandırılması məsələsidir. Xüsusilə ixracı qadağan olunmuş “İsgəndər-M” raketinin Şuşaya atılması faktı beynəlxalq hüququn kobud şəkildə pozulmasının sübutudur. Prezident bu faktı xatırlatmaqla bir daha göstərir ki, Azərbaycan 44 günlük müharibədə təkcə Ermənistanla deyil, milyardlarla dollar dəyərində xarici hərbi dəstəyin fonunda mübarizə aparıb.

“Bu gün dünyada müxtəlif yerlərdə müharibələr, toqquşmalar, münaqişələr baş alıb gedir. Ya beynəlxalq təşkilatlar, ya böyük nüfuzlu ölkələr dərhal nə edirlər? Sanksiyalar tətbiq edirlər. Əlbəttə ki, sanksiyaların da böyük təsiri var. Xüsusilə Ermənistan kimi kiçik və zəngin olmayan, demək olar ki, kasıb ölkəyə əgər sanksiyalar tətbiq edilsəydi, əlbəttə, Ermənistan işğala son qoyardı. Ancaq nəinki sanksiyalar tətbiq edilmədi, əksinə, onlara bəziləri pulsuz silahlar verirdi, özü də bir milyon dollarlıq yox, milyardlarla dollar dəyərində. Bizim həm İkinci Qarabağ müharibəsi, həm antiterror əməliyyatı nəticəsində Ermənistandan qənimət kimi götürdüyümüz və məhv etdiyimiz silahların pul dəyəri təqribən 5-6 milyard dollardır. Bunların dağılmış bəzi nümunələri Bakıda Hərbi Qənimətlər Parkında nümayiş etdirilir, o cümlədən “İsgəndər M” ballistik raketi, hansı ki, ümumiyyətlə, Ermənistanda olmamalı idi. Çünki “İsgəndər M” raketinin ixracı qadağandır. Əgər belə demək mümkündürsə, ixraca açıq olan “İsgəndər E”, yəni eksport növüdür. “İsgəndər M” raketi necə Şuşaya zərbə endirdi? Elə bu, böyük sualdır. Yəni pulsuz silah, maliyyə yardımı. Hər il Amerikada, Fransada marafonlar keçirilirdi. Separatçılar, separatçı liderlər, – hansılar ki, bu gün Bakıda məhkəmə qarşısında cavab verirlər, – oraya vizalar alırdılar.” – Prezident İlham Əliyev vurğulayıb.

Bu kontekstdə Qərbin selektiv yanaşması açıq şəkildə üzə çıxır: digər münaqişələrdə sanksiyalar və təzyiqlər tətbiq edən dairələr Ermənistanın işğalına göz yumub, hətta onu silahlandırmaqdan çəkinməyiblər.

 Tarixi yaddaş və sülh paradoksu

Prezident İlham Əliyev çıxışında mühüm bir balansı qoruyur: Azərbaycan sülhün təşəbbüskarıdır, lakin unutmağın tərəfdarı deyil. Xocalı soyqırımı, şəhidlərin qanı, bir milyondan artıq insanın didərgin salınması tarixi yaddaşdan silinə bilməz.

Yəni bu tarixi biz heç vaxt unutmamalıyıq. O acı günləri yaşayan yaşlı nəsil təbii ki, heç vaxt unutmayacaq. Gənc nəsil unutmamalıdır. Bundan sonra gələn nəsillər, gələcək nəsillər unutmamalıdır, bilməlidir. Bu tarix həm məktəblərdə, həm ali məktəblərdə, ailələrdə əzbər olmalıdır. Yəni bu, bizim şanlı Zəfərimizdir. Eyni zamanda, bundan sonra sülh içində, təhlükəsizlik içində yaşamaq üçün biz bu tarixi heç vaxt unutmamalıyıq”.

Bu mövqe strateji baxımdan əsaslandırılmışdır. Prezidentin mesajı aydındır: yalnız güclü orduya, milli birliyə və tarixi yaddaşa sahib olan dövlət davamlı sülhə nail ola bilər.

Ağdamın bərpası: dağıdıcılığa cavab modeli

Nitqin son hissəsi işğala verilən ən tutarlı cavabdır. Ağdam bu gün artıq dağıntıların yox, dirçəlişin, quruculuğun və Böyük Qayıdışın simvoluna çevrilir. Yeni yaşayış kompleksləri, sənaye məhəlləsi, dəmir yolu, mədəni və dini abidələrin bərpası Azərbaycanın strateji iradəsinin real nəticələridir.

Ölkə başçısı bildirib, “Təkcə Ağdamda deyil, azad edilmiş bütün başqa ərazilərdə genişmiqyaslı quruculuq işləri gedir, “Böyük Qayıdış” Proqramı uğurla icra edilir. Ağdam rayonunda isə artıq bir neçə önəmli infrastruktur obyekti, mədəni obyekt istismara verilmişdir. Mən dünən Ağdam Sənaye Məhəlləsində yeni müəssisələrlə tanış olmuşam. Artıq 30-dan çox rezident qeydə alınıb. Onların bəziləri fəaliyyətə başlayıb, bəziləri isə yaxın gələcəkdə fəaliyyətə başlayacaq. Ağdam ölkəmizin böyük sənaye şəhəri olacaq. Bakı, Sumqayıt və Gəncədən sonra yəqin ki, dördüncü sənaye mərkəzi olacaq. Burada nəqliyyatla bağlı məsələlər həll olunur. Birinci layihə Bərdə-Ağdam avtomobil yolu, Bərdə-Ağdam dəmir yolu olmuşdur. Dəmiryol vağzalı istismara verilmişdir. Hazırda biz vaxtilə Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə inşa edilmiş Ağdam-Хаnkəndi dəmir yolunun inşası ilə məşğuluq.”

Bu, təkcə şəhərsalma prosesi deyil – bu, dövlətin öz ərazi bütövlüyünü və milli ləyaqətini praktik müstəvidə bərpa etməsinin göstəricisidir.

Prezidentin Ağdam nitqi Azərbaycanın artıq müdafiə olunan deyil, mövqeyini diktə edən dövlət olduğunu nümayiş etdirir. Qarabağ məsələsi hərbi-siyasi baxımdan bağlanıb, lakin Qarabağ həqiqətlərinin beynəlxalq müstəvidə təqdimatı davam edəcək. Bu çıxış həm daxili auditoriya üçün milli özünəinamın möhkəmləndirilməsi, həm də xarici dairələrə ünvanlanan açıq və prinsipial mesajdır.

media-ads_728_90
Paylaş