Ağdamdakı 2-ci yaşayış kompleksində 1268 mənzil olacaq
Ağdam şəhərində 1268 mənzilli 2-ci yaşayış kompleksi 14 hektara yaxın ərazidə, Ağdamın mərkəzi küçəsində, şəhərin təsdiq edilmiş Baş Planına uyğun salınıb. Burada tikilən yaşayış binalarındakı mənzillərdən 114-ü birotaqlı, 464-ü ikiotaqlı, 536-sı üçotaqlı, 154-ü isə dördotaqlıdır.
“TV1” xəbər verir ki, bu sözləri Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin mətbuat katibi Leyla Sarabi Ağdam şəhərinə təşkil edilmiş mediatur zamanı jurnalistlərə açıqlamasında deyib.
“Ərazisinin böyük bir hissəsi yaşıllıq zonasından ibarət olacaq kompleksdəki binaların inşasında modern memarlıq yanaşmalarından və milli naxış elementlərindən istifadə olunur. Burada idman meydançalarının, istirahət guşələrinin, velosiped dayanacaqlarının və digər zəruri infrastruktur obyektlərinin yaradılması nəzərdə tutulur”, – deyə o qeyd edib.