AİB Azərbaycanda Biləcəri–Yalama dəmir yolunun modernləşdirilməsinə kredit ayırıb
Asiya İnkişaf Bankı (AİB) Biləcəri və Yalama arasındakı 192 kilometrlik ikixətli dəmir yolunda müasir elektrikləşdirmə, siqnallaşdırma və telekommunikasiya sistemlərinin quraşdırılması üçün 350 milyon ABŞ dolları məbləğində kredit ayırıb.
“TV1” xəbər verir ki, Bankın məlumatına görə, Biləcəri–Yalama dəmir yolu xətti Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq (CAREC) şəbəkəsinin əsas bağlantılarından biridir və Azərbaycanın multimodal nəqliyyat, logistika və regional ticarət əlaqələrinin gücləndirilməsinə yönəlmiş daha geniş strategiyasını dəstəkləyir.
Bununla yanaşı, layihə ölkənin əhəmiyyətli dövlət müəssisələrindən biri olan “Azərbaycan Dəmir Yolları”nda (ADY) layihələrin idarə edilməsi üzrə potensialın artırılmasına imkan yaradacaq.
“Azərbaycanda dəmir yolu infrastrukturunun modernləşdirilməsi ölkənin dəmir yolu üzrə nəqliyyat şəbəkəsinin daha rəqabətqabiliyyətli, enerji səmərəliliyi yüksək və ekoloji cəhətdən dayanıqlı olmasına kömək edəcək. Layihə dəmir yolu əməliyyatlarının daha təhlükəsiz şəkildə həyata keçirilməsinə, nəqliyyat xərclərinin azalmasına və regional bağlantıların güclənməsinə şərait yaradacaq”, — deyə AİB-in Azərbaycan üzrə direktoru Sunniya Durrani-Jamal bildirib.
İşlər tamamlandıqdan sonra yenilənmiş sistemlər bu xətt üzrə elektrik təchizatında sabit cərəyandan daha səmərəli və müasir əməliyyatlar üçün nəzərdə tutulmuş dəyişən cərəyana keçməsinə imkan verəcək. Bu investisiya vasitəsilə enerji istehlakının azalması, texniki xidmət üzrə xərclərin aşağı düşməsi, qatarların sürətinin artması və istixana qazı emissiyalarının azalması gözlənilir. Layihə həmçinin ADY-də texniki, nəzarət və idarəetmə sahələri üzrə qadınlar üçün yeni imkanlar yaradacaq.
AİB bundan əvvəl Dəmir Yolu Sektorunun İnkişafı proqramı (DYSİP) vasitəsilə ADY-ə dəstək göstərib. Bank bu proqram çərçivəsində Sumqayıt-Yalama dəmir yolu xəttinin 166 kilometrlik hissəsinin modernləşdirilməsi və bərpası üçün maliyyə ayırıb. DYSİP həmçinin sektor üzrə islahatların həyata keçirilməsinə, korporativ idarəetmənin və maliyyə idarəçiliyinin gücləndirilməsinə, eləcə də əməliyyatlar üzrə fəaliyyətlərdə səmərəliliyin artırılmasına kömək edib.
AİB Asiya və Sakit Okean regionunda dayanıqlı, inklüziv və davamlı inkişafı dəstəkləyən aparıcı çoxtərəfli inkişaf bankıdır. AİB üzv ölkələr və tərəfdaşları ilə birlikdə mürəkkəb çağırışları həll edərkən, insanların həyatlarını yaxşılaşdırmaq, keyfiyyətli infrastruktur qurmaq və planetimizi qorumaq üçün innovativ maliyyə alətlərindən istifadə edir və strateji əməkdaşlıqlardan yararlanır. AİB 1966-cı ildə yaradılıb, 50-i regiondan olmaqla bankın 69 üzvü onun səhmdarlarıdır.








