Almaniyada Azərbaycan bəstəkarının Beynəlxalq Musiqi Festivalı keçirilib - FOTO/ÖZƏL
Almaniyada Azərbaycan bəstəkarı Xədicə Zeynalovanın Beynəlxalq Musiqi Festivalı keçirilib.
Bu barədə “TV1” -ə özəl açıqlamasında bəstəkar Xədicə Zeynalova özü məlumat verib.
“Almaniyanın üç müxtəlif şəhərlərində – “Rudolf-Ötker Halle” Bilefeld, Marienmünster və Detmold şəhərindəki “Sommertheater” məşhur konsert zallarında azərbaycanlı bəstəkar, musiqişünas, sənətşünaslıq üzrə fəlsəfə doktoru, “Səsin Körpüsü” ansamblının yaradıcısı və bədii rəhbəri, həmyerlimiz Xədicə Zeynalovanın “Harmony of Sound – Səsin harmoniyası” adlı Dördüncü Beynəlxalq Musiqi Festivalı keçirilib.
Azərbaycan bəstəkarı, sənətşünaslıq üzrə fəlsəfə doktoru, “Bridge of Sound” orkestrinin təsisçisi və bədii rəhbəri Xədicə Zeynalovanın “Səsin harmoniyası” Harmony of Sound” adlı dördüncü Beynəlxalq Musiqi Festivalı Almaniyanın 3 müxtəlif – Bilefeld, Marienmünster və Detmold şəhərlərində böyük uğurla keçirilib. Bu ilki Musiqi Festivalı Kuba musiqi mədəniyyətinə həsr olunub və “Passion de Cuba” adı altında Almaniyanın 3 müxtəlif şəhərində keçirilib. Musiqi festivalı çərçivəsində çoxlu ansambl və solistlər, o cümlədən Xədicə Zeynalovanın rəhbərlik etdiyi “Səsin körpüsü” kamera ansamblı, Kuba və alman musiqiçilərindən ibarət “Sonando”, “Los Pipos” Latın-jazz musiqi ansamblı, akardeon və saksafondan ibarət duet “Konbrio” ansamblları dəvət olunub.
Festival proqramına Kuba, Almaniya və Azərbaycanın klassik və müasir bəstəkarlarının əsərləri daxil edilib. Konsertlərdə həmçinin bəstəkarın “Bakı Süitası” və “Dialoqo” adlı əsərlərinin “Konbrio” və “Bridge of Sound” ansambllarının ifasında ilk dəfə premyerası keçirilib. Onu da qeyd etmək lazımdır ki, qeyd olunan əsərlər məhz Festival və yuxarıda sadalanan ansambllar üçün yazılıb.
“Harmony of Sound – Səsin Harmoniyası” Beynəlxalq Musiqi Festivalının əsas məqsədi Azərbaycan musiqi mədəniyyətinin bütün dünyada təbliği, eləcə də dünya xalqlarının musiqi mədəniyyətlərinin birləşməsinə xidmət etməkdir. Bu beynəlxalq Musiqi Festivalı həm də dünya xalqlarının birliyini və həmrəyliyini nümayiş etdirmək və xalqlar arasında Sülhə çağırış üçün xidmət etməkdir”, – deyə bəstəkar bildirib.
Xədicə Zeynalova elə bu məqsədlə “Səsin Harmoniyası” adlı Beynəlxalq Musiqi Festivalını 2021-ci ildə Almaniyada yaradıb. Festivalın proqramı və konsepti ildən-ilə dəyişən tematik fokuslarla başqa bir ölkənin musiqi mədəniyyətinə həsr edilir.
Qeyd edək ki, 2021-ci ilin noyabr ayında bəstəkar Xədicə Zeynalovanın təşkilatçılığı ilə Azərbaycanın 44 günlük Vətən Müharibəsində qazandığı şanlı Qələbəyə həsr olunmuş “Səsin harmoniyası” ilk Alman-Azərbaycan Beynəlxalq Musiqi Festivalı keçirilib. İlk festival “Vom Land des Feuers/Odlar Yurdundan – Zəfərə doğru” başlığı ilə Almaniyanın 3 müxtəlif şəhərlərində – Detmold, Bad-Maynberq və Hornda böyük uğurla təşkil edilib. İkinci musiqi festivalı isə “Sülh naminə” mövzusunda keçirilib. Üçüncü Musiqi Festivalı isə Argentina musiqinə həsr edilib.
Xədicə Zeynalova – bəstəkar, sənətşünaslıq üzrə fəlsəfə doktoru, musiqişünas, Azərbaycan Bəstəkarlar İttifaqının üzvü, “Bridge of Sound” (Səsin körpüsü) mədəniyyətlərarası ansamblının (2017) və “Harmony of Sound” (Səsin harmoniyası) Beynəlxalq Musiqi Festivalının (2021) təsisçisi və bədii rəhbəridir. O, Bakı Musiqi Akademiyasının (bəstəkarlıq üzrə bakalavr və magistratura, Prof. Xəyyam Mirzəzadənin sinfi), Almaniyanın Detmold Musiqi Akademiyasının (bəstəkarlıq üzrə aspirantura, Prof. Martin Kristof Redelin sinfi) və Paderborn Universitetinin (Doktorantura, elmi rəhbərləri – Prof. Dr. Verner Kayl və Prof. Fərəc Qarayev) məzunudur.
Bəstəkarın əsərləri Azərbaycan, Almaniya, ABŞ, Kanada, İsveçrə, Avstriya, Böyük Britaniya, İtaliya, Türkiyə, Oman, Fransa, Macarıstan, Gürcüstan, Kipr, Yunanıstan, Ukrayna və digər ölkələrdə müasir musiqi festivallarında və konsertlərində səsləndirilib.
Bu yaxında Almaniyanın tanınmış “Klosterlandschaft OWL” Fondu və Almaniya Mədəniyyət Nazirliyi həmyerlimizi “Artist in Residence – Künstlerin des Jahres 2024” mükafatına və nominasiyasına layiq görərək onu ilin bəstəkarı elan edib.